Aparıcıdan etiraf: “Telefonumu açsam, gözünüz kəllənizə çıxar...” – FOTOLAR
Bizi izləyin

Magazin1

Aparıcıdan etiraf: “Telefonumu açsam, gözünüz kəllənizə çıxar...” – FOTOLAR

Efirimizin əkizləri... Həftəiçi hər gün aparıcı kimi evlərimizin qonağı olan bacıları çoxumuz tanıyırıq. Birimizin hər gün efirdən gördüyümüz üçün qanımız qaynayırsa, digərimiz mahnısına görə sevirik... Bir sözlə, ya zəlzələdən, ya vəlvələdən, axır ki, tanıyanları da, elə sevənləri də kifayət qədərdir...

Söz düşmüşkən, görəsən, tanıyanları çoxdur, yoxsa sevənləri? Yaxşı, mahnılarıyla sevilirlər, yoxsa aparıcılıq qabiliyyətlərinə görə?

Bax bu suallara özləri cavab verəcək. Özü də ikisi birdən. Publika.az-ın müsahibləri Sevil və Sevinc Səfərova bacılarıdır:

- “YouTube”da mahnılarınızın baxış sayı rekord qırır. Buna necə nail olursunuz?

Sevinc: Mahnını geniş dinləyici auditoriyasına çıxarmazdan öncə, nəqarətini 1 ay boyunca “İnstagram”da paylaşırıq. Nə yaxşı ki, “İnstagram” 15 saniyəlik video xidmətini işə salıb. Bu yolla mahnı ilə bağlı dinləyicilərin reaksiyasını müəyyənləşdirə bilirik. Mahnı haqda yazılan şərhləri oxuyuruq. Beləliklə, bilirik ki, mahnı seviləcək, yoxsa fiaskoya uğrayacaq. “Anla məni”, “Borc ver”, “Eşq dəlisi”, fərqi yoxdur, hansı mahnı olursa, olsun, bizim üçün hamısı eynidi. Yəni, bizim üçün yalnız tamaşaçıların fikri kifayətdir. Mahnı ilə bağlı heç bir müğənnidən fikrini soruşmuruq. Ancaq tamaşaçıların nəinki fikrini bilmək istəyirik, hətta sosial şəbəkədə onlardan xahiş edirik ki, mahnının nəqarət hissəsini 15 saniyəlik ifa edib, “whatsapp” vasitəsilə bizə yollasınlar. İnanın, telefonumu açşam, gözünüz kəllənizə çıxar. Telefonuma 1000-ə yaxın video gəlib. Bu uğurdan sonra mahnının video klipi, əlbəttə ki, bomba kimi partlayır. İfa etdiyimiz bütün mahnıların klipi var. Mahnını kliplə reklam edəndə müğənniyə rahat olur. Yoxsa, bəziləri mahnını ifa edir. Üstündən 5 ay keçdikdən, mahnının “40”-ı, “il”i çıxandan sonra klip çəkdirirlər. Məncə, bu, düzgün deyil.

- Sevil: (Bacısının sözünü kəsərək) Biz Rusiyada böyümüşük. Buna baxmayaraq, Rusiya ilə yanaşı Türkiyə şou-biznesinin məşhur müğənnilərinin də işlərini izləyirik. Onlar mahnını klipsiz təqdim etmirlər. Yalnız Azərbaycanda belə bir tendensiya var.

- Özünüzün də vurğuladığınız kimi, Rusiyada böyümüsünüz. Azərbaycan dilində aparıcılıq etmək çətin gəlmir sizə?

- Sevinc: Asan iş yoxdur. İstər aparıcılıq olsun, istərsə də, müğənnilik. Bəlkə, enerjili olduğumuzdan bizə bir o qədər çətin gəlmir. Son vaxtlar yorulduğumuzu hiss edirəm. Əgər işin sonunda maşında oturub hönkür-hönkür ağlayıramsa, demək, yorulmuşam. Amma bu hönkürtü məni dayandıra bilməz. Hərdən bizdən soruşurlar ki, həmkarlarımız bizi niyə sevmir. Elə sizin vasitənizlə bu suala cavab verə bilərəm. Bilirsiniz, bizim bir prinsipimiz var: Qoy bizi dinləyicilər sevsin. Onların sevgisini qazanmaq bizə bəsdir. Qəribədir ki, nə gənc, nə də yaşlı nəsildən olan şou nümayəndələri bizi qəbul edə bilmir...

- Sevil: Bilirsiz niyə qəbul etmirlər? İllərdir sənətdədirlər, amma qazandığımız sevgiyə onlar həsrətdirlər. Bizim onların qazana bilmədiyi sevgini qısa zaman kəsiyində əldə etməyimiz şou əhlini qıcıqlandırır. İstəyirlər vurub-yıxsınlar bizi. Təki vuran-yıxan Allah olmasın.

- Sizi sevməyən və qəbul etməyən müğənniləri verilişinizə qonaq çağırmısınız?

- Sevinc: Əlbəttə! Siz bilmirsiz axı o, necə hissdir... Dalımızca danışanlar verilişimizə gəlib bizi hər kəsin qarşısında tərifləyəndə bu, ayrı ləzzət verir. Mən hər zaman işimə məsuliyyətlə yanaşmışam. Həyatda danışmadığım, tanımadığım, amma barəmdə danışanları qonaq çağırıb, “can” demişəm. Çünki kimliyindən asılı olmayaraq, zəhmət çəkir. Bu zəhməti isə yerə vurmaq olmaz. Bax, bizim əziyyətimizi onlar yerə vuranda, izləyicilər, əksinə, yüksək qiymətləndirir. Ən çox baxılan kliplər bizimkilərdir. Buna baxış sayı ən yaxşı sübutdur. “İnstagram”da ən aktiv səhifə bizimdir. Ən çox fanat ordusu olan müğənni də bizik. Buna görə də bu gün xoşbəxtəm. Allah bu sevgini bizə çox görməsin.

- Yay aylarında dinləyicilər sizdən hansı yenilikləri gözləsin?

- Sevinc: Ramal İsrafilovdan yeni bir mahnı götürmüşük. Mahnının sözləri artıq hazırdır. Ramalın bəstəsi bizim repertuarımızda yenilik olacaq.

- Sevil: Mahnını yanımızda bəstələyib isti-isti bizə təqdim etdi. Bir musiqi bəstələdi ki, gəl, görəsən. Ən əsası ritmik mahnıdır. Çoxdandır ritmik mahnı ifa etmirdik.

- Əkiz olmağınız, yəqin ki, həyatınızda maraqlı hadisələrə səbəb olub?

- Sevinc: Məktəbdə çox olub. O qədər bir-birimizin yerinə imtahan vermişik. İkimiz də rəssamıq. Amma Sevilin əl qabiliyyəti daha yaxşıdır. Bilik baxımından isə mən savadlıyam. Ona görə də bütün imtahanları mən verirdim. Heç kəsin də xəbəri olmurdu. İndiyədək Əzim Əzimzadədən diplomumu götürməmişəm. Bilirəm, indi getsəm, məni qovarlar.

- Sevil: (Sözünü kəsir) Mən də səni rəssamlıqda əvəzləyirdim. Bunu da əlavə edim (gülür).

- Sevinc: Sevil uşaqlıqda çox zəif idi. Nənəm də ona daha çox diqqət ayırırdı. Elə hey çağırırdı ki, Sevil, gəl, yemək ye. Bir dəfə Sevili qapazlayıb yeməyə özüm getdim. Acından ölürdüm. Nənəm Sevil olmadığımı anlamadı. Yeməyi yeyəndən sonra nənəmə dedim ki, mən Sevil yox, Sevincəm. Elə qaçmaq istəyirdim ki, ayağından başmağını çıxardıb elə atdı ki, başım yarıldı (gülür). Nənəm onu çox yedirirdi. Axırda Sevil də yavaş-yavaş kökəlib, mənə oxşadı.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm