Dilarə: “Bu, hər kəsin hünəri deyil”- MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Dilarə: “Bu, hər kəsin hünəri deyil”- MÜSAHİBƏ/FOTOLAR

O, hər həftə birini qurban verir. Odur ki, qurbanlarının sayı kifayət qədərdir. Nəinki qurbanlarının, hətta özünü ona “qurban” deyənlərin də sayı-hesabı yoxdu...

İstedadlı aktrisa və sevilən aparıcı Dilarə Əliyeva fəxrlə etiraf edir ki, “qurban”ı olmağa razı olanlar ona verilişini gələn televiziya mövsümündə də davam etdirməyə imkan verəcək.

Publika.az-ın müsahibi aktrisa və teleaparıcı Dilarə Əliyevadır.

- Dilarə xanım, verilişiniz nə tamaşaçılar, nə də ifaçılar tərəfindən birmənalı qarşılanır. Elə ifaçı olub ki, “Səs verməyin” realiti şousuna gəlməkdən imtina edib?

- Təbii ki! Bizim şouya çıxmaq insandan cəsarət tələb edir. Bu şouda iştirak hər kəsin hünəri deyil. Müxtəlif çətinliklərlə üzləşirik. “Qurban” kürsüsündə əyləşən qonağın həyəcanını da anlayırıq. Odur ki, həmin kürsüyə oturmaq istəməyənləri şoumuza dəstəkçi qonaq kimi dəvət edirik.

- İndiyədək həmin kürsüdə əyləşməkdən kimlər imtina edib?

- Yox, mən bunu açıqlamaq istəməzdim. Heç yerdə də bu barədə açıqlama vermirəm. Bu barədə, ümumiyyətlə, danışmıram. Kimlər qəbul edir və razılaşırsa, onları görürsünüz. Bundan sonra da dəvətimizi qəbul edənlər olacaq. Artıq “qurban” kürsüsündə əyləşməyə razılıq verən çox böyük isimlər var. Adları ona görə açıqlamıram ki, sürpriz olsun. Özünə güvənən, səs yığmayacağına arxayın olan insanlar böyük cəsarətlə gəlir və həmin kürsüdə əyləşir. Məsələn, Azərbaycanın xalq artisti Faiq Ağayev. Gəldi də, əyləşdi də, səs də yığmadı.

- Şounuz yeni başlayanda siçan, ilan...

- (Sözümü kəsərək) İlanlar qışda xəstələnir, siçanlar pavilyonda donurdular. Bu səbəbdən yaya qədər gözləməli olduq. Havanın tam qızmasını gözləyirik. Bir azdan ilanlar və siçanlar şoumuzda yenidən “qurban” kürsüsünə əyləşənlərin kabusu olacaq. Hələ ki, rəngli su və un ilə davam edirik.

- Bu şounu nə qədər davam etdirmək fikriniz var?

- Hələ ki, qurban kürsüsündə əyləşəcək qonaqlarımızın sayı çoxdur. Ona görə də, verilişin yayımını dayandırmaq fikrimiz yoxdur. Amma avqust ayında veriliş yeni mövsümə qədər bağlanacaq. Payızda formatda bir qədər dəyişiklik edə bilərik. Elə də ola bilər ki, heç nə dəyişməsin...

- Deyəsən, yalnız Manaf Ağayev avtomobilini qurban verib?

- Yox, yox, yox! Maşına namizədlərimiz çoxdur. Gözləyin, hələ maşınla şoularımız qabaqdadır.

- Kimlər olacaq?

- Mən heç verilişdən öncə anonsların getməsinə razı deyiləm. Məncə, qurbanın kimliyi sürpriz olmalıdır. Bu səbəbdən üzrlü sayın, sizə də bu barədə heç nə deyə bilmərəm.

- Bir az da aktrisalığınızdan danışaq. Necə oldu Şahin Zəkizadənin qalmaqallı “100 kağız” filmində çəkilməyə razılıq verdiniz?

- Bir neçə səbəb var. İlk növbədə Şahin faktorudur. Mən ona inanıram. Zövqünə bələdəm. Bilirəm ki, şəxsi fikri və yanaşması olan insandır. Bundan başqa mövzu xoşuma gəlib. Heç vaxt oynamadığım bir xarakter idi. Filmdə falçı obrazını canlandırırdım. Mənə maraqlı olan başqa bir məqam da var. Bu da ondan ibarətdir ki, oynadığım obrazın prototipini tapdım. Aktyor yaradacağı obrazın prototipini tanıyanda rolu oynamaq ona daha asan və daha maraqlı olur. Mən də falçılar, cadugərlərlə yaxın olmaq üçün internetdən onların nömrələrini götürdüm. Başladım onları izləməyə. İnsanları necə qəbul edirlər, onlara necə psixoloji basqı göstəririlər? İnsanların inamını qazanmaq üçün hansı üsul və vasitələrdən istifadə edirlər? Bu işi ilk dəfə görən insan kimi yox, çoxdanın falçısı, peşəkarı kimi, tamaşaçıya yad olmamaq üçün araşdırmalar aparıb, öz oyunumu qurdum.

- Bir sıra seriallarla yanaşı, filmlərdə də rol almısınız. İndiyədək imtina etdiyiniz rol olubmu?

- Təbii ki, imtina etmişəm. Ancaq bunun səbəbi hansısa obrazla bağlı olmayıb. Ssenari zəif olduğu üçün mən həmin obrazları yaratmaqdan imtina etmişəm. Özü də təkcə film yox, seriallardan da rədd etdiyim dəvətlər olub. Bir də ki, özümü görmədiyim obrazı, çalışıram ki, canlandırmayım.

- Mənfi obraz canlandırarsınız?

- Əlbəttə! Aktrisayamsa, heç vaxt imtina etmərəm. Bir söz də deyim ki, aktyor heç vaxt yaxşı obrazdan imtina etməz. Fərq etməz, bu, 2 dəqiqəlik, ya 5 dəqiqəlik obrazdır. Məsələn, elə “100 kağız” filmində baş rolda 100 manatlıq əskinasdır. Qalan bütün aktyorlara 7 dəqiqəlik çıxış üçün vaxt verilib. Əsas odur ki, sənə ayrılan zamanı peşəkarcasına doldurasan.

- 7 dəqiqəlik obraza görə qonorar ödənildi?

- Qonorarın məbləğindən danışmaq istəmirəm. Azərbaycanda qonorarlar, onsuz da, Hollivud ulduzlarının aldığı məbləğ qədər deyil. Bu, sadəcə, həvəsləndirici bir məbləğdir.

- Yeni mövsümdə başqa nə kimi yenilikləriniz olacaq?

- “SOY” prodakşn yeni komediya filmi üzərində çalışır. Həmin serial yeni televiziya mövsümündə efirdə olacaq. Aktyor heyətinin adını tam açıqlaya bilmərəm. Amma orada mən də olacağam. Həmin filmdə çox tanınan bir aktrisa da rol alacaq. Düşünürəm ki, mənim həmin aktrisa ilə tandemim tamaşaçı üçün çox maraqlı olacaq. Bundan başqa, bir neçə filmdə rol almaq üçün dəvətlərim də var. Onlar isə avqust ayında reallaşacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm