• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rəssam İlqar Əkbərovun 55 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb - FOTOLAR

  • Magazin1
  • 26 May 2015 09:30
  • 694 Baxış
Rəssam İlqar Əkbərovun 55 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb - FOTOLAR

Dünən “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində rəssam İlqar Əkbərovun fərdi sərgisi açılıb. Sərgi rəssamın anadan olmasının 55 illiyinə həsr edilib. Publika.az xəbər verir ki, bir həftə davam edəcək sərgidə rəssamın 30-dək əsəri yer alıb.

Açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssam İlqar Əkbərovu çoxdan tanıdığını və onun yaradıcılığına bələd olduğunu bildirib: "O, bir müddət dövlət işində çalışdı, ancaq yaradıcılığı seçdi, pedaqoji fəaliyyətə başladı. Son illər bir neçə fərdi sərgisini keçirib. Növbəti fərdi sərgisi münasibətilə onu təbrik edirəm".

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov vaxtilə İlqar Əkbərova dərs dediyini diqqətə çatdıraraq onun tələbəlik illərindən çalışqan olduğunu söyləyib. Qeyd edib ki, öz üzərində daim işləyən rəssam ölkəmizi xaricdə bir sıra sərgilərdə təmsil edib.

Ağəli İbrahimov İlqar Əkbərovun əsərlərinin Gürcüstanda, Türkiyədə sərgiləndiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb, sənətkara gələcək yaradıcılığında uğurlar arzulayıb.

Sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev ilin əvvəlindən bir neçə yaddaqalan sərginin keçirildiyini və bu sərginin də maraqlı sənət hadisəsi olduğunu qeyd edib.

Sonda rəssam İlqar Əkbərov çıxış edərək tədbirə gələnlərə təşəkkürünü ifadə edib: "Sənətkar uzun müddət işləyir ki, tamaşaçı qarşısında hesabat verə bilsin. Yaradıcı insan çalışmalıdır ki, layiqli işlərlə ortaya çıxsın".

Tədbirdə rəssama “Dədə Qorqud” Milli Fondunun mükafatı və “Zirvə” ziyalılar təşkilatı tərəfindən diplom təqdim olunub. Rəssam sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, İlqar Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bir neçə fərdi sərgisi keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR