• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rəşad Məcid hamının gözü qabağında Seyran Səxavəti “satdı”- FOTOLAR

  • Magazin1
  • 27 May 2015 17:45
  • 887 Baxış
Rəşad Məcid hamının gözü qabağında Seyran Səxavəti “satdı”-  FOTOLAR

Şeir, söz yazarlarının sayının çoxaldığı, amma əsl şairlərin, yazıçıların “defisit” olduğu bir ərəfədə elə anadan şair, yazıçı kimi doğulan bir yazarın başına yığıldıq- Seyran Səxavətin. Brendləşmiş bu ad və soyad bütün titulları, şan-şöhrəti özündə əks etdirir deyə düşünürəm ki, heç başqa bəzək-düzəkli təqdimata da ehtiyac qalmır. Olur axı, bəzən özümüzə zülm verə-verə kiminsə titullarını sadalamaqla məşğul oluruq, oxucunu da bezdiririk, özümüz də cana doyuruq. Amma o boyda titulların qabağında həmin adamı sevdirə bilmirik ki, bilmirik.

“İnsan yalnız ölümünə yaltaqlana bilmir”- Seyran Səxavətin “İt intervüsü” hekayəsindən yaddaşıma hopan bu məşhur ifadəsini söyləmək bəs edər, məncə. Bir yazıçı kimi onu sevməyə, dəyərləndirməyə və oxuduqca oxumağa həvəsləndirməyə.

Durmadan ürəyimdən axıb süzülən bu xoş ifadələrə burda “bəs” deyib keçək mətləbə.

Publika.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Seyran Səxavətin iki kitabının təqdimat mərasimi oldu. “Seçilməmiş əsərlər” adı altında təqdim olunan kitabların birində yazıçının dostlarına bəlli olan, amma bəzi oxucularına bəlli olmayan bir istedadının da şahidi olduq. Seyran Səxavətin romanlarından heç də təsirsiz olmayan şeirlərindən söhbət gedir. Bəli, yazıçının vaxtilə ipə-sapa düzdüyü o şeirlər bu gün üzə çıxdı. O şeirlərdən birini yüz faiz siz də bilirsiniz. Mərhum sənətkarımız Məhəbbət Kazımovun “Ay ilk məhəbbətim, son məhəbbətim” mahnısının sözlərini deyirəm.

Onu da deyim ki, bu mərasim digər təqdimat mərasimlərindən fərqli oldu, uzun-uzadı çıxışlarla canımız boğazımıza gəlmədi.

Buna görə təqdimat mərasimini idarə edən AYB-in katibi, həm də Seyran Səxavətin uzunillik dostu Rəşad Məcidə bir “çox sağ ol” düşür. Rəşad Məcid bu məclisə ayrı bir ab-hava qatılmasını istədi. Seyran Səxavətin gənclik illərində (hərgah elə indi də cavandır - C.S) yazdığı şeirləri söylədi.

Ona söz verilsə də, çox az, amma mənalı danışdı.

“Mən həmişə deyirəm ki, yazıçı danışmaz. Qohum-əqrəba toylarına gedəndə mənə həmişə deyirlər ki, sən Allah, qabiliyyətli danış. Qabiliyyətli deyəndə ki, uzun-uzadı danışmağa onlar qabiliyyətli danışıq deyirlər. Mən də deyirəm ki, vallah, yazıçı danışmaz. Onsuz da bu gün hamı danışır, hətta öz-özünə danışanların da sayı çoxalıb”.

Uşaqlığını yada salan yazıçı Rəşad Məcidin də sözünü yerə salmadı, “Son məhəbbət” adlı şeirini də söylədi.

“Kənd uşaqları torpağa düşən toxum kimi tez cücərir, mən də çox erkən yaşlarımdan cücərdim. Onda da sevgiyə-zada inanırdıq, 16 yaşımda kəndimizdəki bir qıza vuruldum və ona “Sevirəm” adlı şeir yazdım. Bir qədər keçəndən sonra artıq özümü məhəbbət sahəsinin mütəxəssisi hesab elədim və bu dəfə “Son məhəbbətim” adlı şeir yazdım.

Sən nə istəyirdin, nələr itirdin,

Qorxma kül olmaqdan, yan, məhəbbətim”.

Qeyd edim ki, Bakı Dövlət Universitetinin tələbələri, o cümlədən də professor İfrat Əliyeva da tədbirə gələnlər sırasında idi. İfrat xanım Seyran Səxavət yaradıcılığını qarışıq, elə özünü də təsirli sözlərlə ifadə etdi: “Seyran Səxavət o qədər səmimi yazıçıdır ki, adam onun içinə girmək istəyir. Mən o şeirlərin içində özümü görürəm -kinimlə, küdurətimlə, səmimiliyimlə…”

Seyran Səxavətin 50 illik dostu Cəlil Nağıyev də danışdı. O, Rəşad Məcidin təhriki ilə hələ dostunun sirrini də faş elədi: “Rəşad Məcid bayaqdan qulağıma pıçıldayır ki, o xatirəni danış. Bax danışıram ha, Seyran! O vaxt Gəncədə bir “Tekstil” fabriki vardı, orda da rus qızları işləyirdi. Bir gün Seyran mənə dedi ki, fabrikə qızların görüşünə gedirəm. O, özünü necə ki, futbolçunu göyə atıb tuturlar, elə hiss edirdi.

Amma göyə atdılar, tutmadılar. Mən Seyranla 50 ilin dostuyam, bu vaxt ərzində çox insanlar, çox dostlar gəlib-gedib, amma bu günə qədər bir dəfə də olsun sözümüz çəp gəlməyib”.

Beləcə, təqdimat mərasimi şeirlə, sözlə, xatirələrlə davam elədi.

Son illər ərzində AYB-də belə maraqlı və ruhumu oxşayan, yorğunluğumu canımdan çıxaran təqdimat olmamışdı.

Yeni kitabların mübarək olsun, Seyran Səxavət. "Oxucun bol olsun" deməyəcəyəm, çünki buna ehtiyacın yoxdur.

Cəvahir Səlimqızı

Foto: Rəşad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR