Azərbaycanlı məşhur: “Çaşdı, mən də cavabını verdim” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhur: “Çaşdı, mən də cavabını verdim” - MÜSAHİBƏ/FOTOLAR

Onu mahir klarnet ifaçısı kimi tanıyırlar. Özü də atasının yolunu davam etdirir. Deyilənə görə, ilk dəfə “Vağzalı”nı klarnetdə onun atası, klarnet ifaçısı Məhəmməd ifa edib. Hüseyn Məhəmmədoğlunu deyirəm.

Publika.az-a danışan ifaçı şou aləmdə məşhur olsa da, özünü şou-biznes aləminə aid eləmir.

- Şou aləmdə özünə hansısa ifaçını rəqib görürsən?

- Təbii ki, yaxşı ifaçılar var. Amma açıq deyəcəyəm ki, şou-biznesdə özümə rəqib görmürəm.

- Bəzi sənətçilər var ki, ümumiyyətlə, özlərini şou-biznesə aid hesab etmirlər. Bəs sən?

- Mən özümü yaxşı musiqiçilər və yaxşı sənətkarlar sırasına aid edirəm. Amma özümü şou-biznesə aid etmirəm.

- Amma bəzən adın şou-biznesin qalmaqallarında hallanır?

- Bəzən özüm də istəmədən adım qalmaqallar sırasında çəkilir. Bu yaxınlarda da belə bir qalmaqalda adım hallandı, amma həmin adama cavabım özünü çox gözlətmədi.

- Kimi nəzərdə tutursan?

- Bir gənc müğənni mənimlə qalmaqal yaratmaq istədi, məqsədi də mənim adımla gündəmə gəlmək idi. Maqazin proqramlarının birində ünvanıma xoşagəlməyən fikirlər səsləndirdi, çaşdı, mən də mədəni formada cavabını verdim.

- Heç sənət dostlarından kimsə səninlə süni qalmaqal yaratmaq istəyib?

- Mən həmişə elə şeylərdən uzaq qaçmışam. Çünki qalmaqalı sənətimə yaraşdırmıram. Onsuz da sənətim var və məni hər kəs ifaçılığıma görə tanıyır. Əslində qalmaqalı o müğənni edir ki, onu məşhur edə biləcək sənəti yoxdur.

- Televiziyalar səni verilişlərə dəvət edəndə saf-çürük edirsən, yoxsa elə hamısına gedirsən?

- Hamısına gedirəm. Heç ehtiyat da eləmirəm. Əlbəttə, televiziyalarda müəyyən xoşagəlməz söhbətlər olur. Aparıcı hansı sənətçi ilə necə danışmağı gözəl bilir. Şükür Allaha, mən özümə dəyər verən və sənətimə hörmət edən insanam. Heç kəs cəsarət edib mənə artıq-əskik söz deyə də bilməz. Buna görə də istənilən verilişə çox rahatlıqla gedirəm. Getdiyim hər verilişdə də özümə qarşı hörmət görmüşəm.

- Qarderob sənin üçün nə dərəcədə önəmlidir?

- Gözəl geyinməyi xoşlayıram.

- Hansı tərzə üstünlük verirsən?

- Daha çox klassik geyimlərə, kostyumlara və qalstuklara üstünlük verirəm. Əslində məşğul olduğum sənətimə uyğun geyinməyi sevirəm.

- Geyimlərinə çox pul xərcləyirsən?

- Geyimlərə yox, ancaq aksessuarlara, telefona, avtomobilə pul xərcləməyi xoşlayıram.

- Avtomobildə daha çox nəyə önəm verirsən?

- Əlbəttə ki, markasına, rahatlığına. Bahalı olsa, daha yaxşı. Bahalı avtomobil həm də komfort deməkdir.

- Hazırda avtomobilinin markası nədir?

- İki avtomobilim var, biri çox bahalıdır, o birisi də gündəlik üçündür. İndi durub burda qiymət söyləmək istəmirəm, çünki görməmişlik kimi səslənər.

- Necə sürücüsən, heç qayda pozuntusuna yol verirsən?

- Çalışıram qaydalara əməl edim. Amma yol hərəkət qaydalarını pozduğum vaxtlar da olub, amma hamı kimi cərimlənmişəm.

- İndiyə qədər ən böyük cərimən nə qədər olub?

- Əks yolla getmişəm və yol polisi məni saxlayıb və buna görə, 100-150 manat civarında cərimə olunmuşam. Təbii ki, yol polislərini də qınamıram, çünki bu, onların səhnəsidir. Onlar da mənim səhnəmə gələndə qayda-qanunlarıma əməl edirlər.

- Heç məmur uşaqlarının toylarına dəvət alırsan?

- Əlbəttə alıram, amma ad çəkmək istəmirəm.

- Bir çox həmkarların hər yerdə toy qiymətlərini açıqlayır. Soruşmaq pis çıxmasın, sən toylara neçəyə gedirsən?

- Ehtiyacı olan insanların toyuna pulsuz gedirəm. Belə də ki, qiymət açıqlamağı xoşlamıram. Məni toylarına aparan adamlar toy qiymətlərimi özləri yaxşı bilir.

- Şou- biznesdə dostluq etdiyin müğənnilər varmı?

- Çox deyil, amma yaxşı dostlarım var. Məsələn, Zamiq, Abbas Bağırov.

- Bəs deyirlər şou-biznesdə dostluq olmur?

- Dostluğu bacarmayan adamlar belə deyir. Əslində şou-biznesdə də ləyaqətli insanlar çoxdur. Baxır kiminlə dostluq edirsən.

- Şayiələrə münasibətin necədir?

- Hələ ki haqqımda elə bir şayiə eşitməmişəm.

- Amma bu yaxınlarda eşitdik ki, ananız rəhmətə gedib. Amma bəlli oldu ki, yalan xəbərdir.

- Müğənni İrada İbrahimova verilişlərin birində bunu söyləyibmiş. Bu xəbər də ailəmizə, qohum-əqrəbamıza çox pis təsir etdi. Birdən-birə efirdə bu xəbəri eşidib, çox qorxmuşdular. Kənd camaatı xəbəri eşidən kimi tökülüşüb qapımıza gəldi. Hamı həyəcanlı idi, ölüm xəbəri zarafat deyil e. Elə mənim də telefonuma həmin gecə nə qədər zənglər oldu. Dostlar, tanıyan-bilən hamı zəng edirdi. Heç özüm də bilmədim ki, bu xəbəri hardan çıxarmışdılar.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm