Milanda “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib
Bizi izləyin

Magazin1

Milanda “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib

İtaliyanın Milan şəhərində “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə Ermənistan Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması layihəsi çərçivəsində gerçəkləşib.

İtaliyanın tanınmış şəxsləri, ziyalılar, jurnalistlərin qatıldığı tədbirin təşkilatçısı, sözügedən Fondun rəhbəri Bəyimxanım Verdiyeva təəssüratlarını Publika.az-la bölüşüb:

“Mən orda Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağın qədim, zəngin tarixindən, “Qafqazın konservatoriyası” adlandırılan Şuşadan, bu şəhərin dünyaya bəxş etdiyi dahilərdən söz açdım. Bildirdim ki, mən bir vaxtlar Qarabağ xanlığının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin nümayəndəsiyəm. Fondumuzun atamın - dahi muğam ustası Xan Şuşinskinin adını daşıdığını, Pənahəli xan Cavanşirin kötücəsi olduğumu söylədim”.

Öyrəndik ki, tədbir Qarabağın musiqi ənənələrinin ifadəçisi olan muğamlar, mahnılarla davam etdirilib. İtaliyadakı Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Mais Nuriyevin quruluşunda, italyan rəqqasələrin ifasında, Xocalı soyqırımını özündə əks etdirən kompozisiya təqdim olunub. Kompozisiya muğam ifaçısı Ehtiram Hüseynovun ifasında səsləndirilən “Sarı gəlin” mahnısının sədaları altında təsirli bir tamaşa kimi təqdim edilib.

Qonaqlar ermənilərin mənimsəməyə çalışdıqları “Uzundərə” rəqsini, “Qarabağ şikəstəsi”ni, “Şuşanın dağları” kimi əsərləri alqışlarla qarşılayıblar. Müğənniləri xalq artisti Fikrət Verdiyev tarda və əməkdar artist Elşən Mənsurov kamançada müşayiət ediblər.

“Sonda hər kəsi haqq səsimizə səs verməyə çağırdıq. Onları iyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına dəvət etdik, tədbirdə iştirak edənlərə Qarabağla bağlı kitab və broşürlər payladıq”-Fond rəhbəri belə deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm