“Sevdiklərinin hansı sənindir ki...” - Tünzalə Ağayevanın konsertindən REPORTAJ
Bizi izləyin

Magazin1

“Sevdiklərinin hansı sənindir ki...” - Tünzalə Ağayevanın konsertindən REPORTAJ

Əməkdar artist Tünzalə Ağayevanın mayın 22-23-ə nəzərdə tutulan konserti, nəhayət, baş tutdu. Mayın 31-də və iyunun 1-də Heydər Əliyev Mərkəzində gerçəkləşdirilən konsertlər anşlaqla keçdi.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınmışdı.

Avropa Oyunlarına həsr olunan mahnı çələngi

Beləliklə, “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva “Hicaz” qrupunun müşayiəti ilə düz 2 gün “Xoş gəldin” adlı konsert proqramı ilə çıxış etdi. İyunun 1-də reallaşan proqramın dəvətliləri arasında Publika.az da vardı.

Əməkdar artistin dünya idman tarixində yeni səhifə açacaq ilk Avropa Oyunlarına həsr etdiyi konserti yaxınlaşmaqda olan yarışa bir bayram ovqatı qatdı. Məhz bu konsertlə sözügedən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini alqışlayan müğənni onu sevənlərin toplaşdığı bu konsertdə həm də özünün sevdiklərini, saydıqlarını, mötəbər yarışın iştirakçılarını və izləyicilərini öz mahnıları ilə salamladı. O, çıxış etməyi çoxdan arzuladığı bir səhnədən - Heydər Əliyev Mərkəzinin səhnəsindən insanları bu yarışda iştirak etməyə səslədiyi üçün özünü xoşbəxt saydığını dedi.

Sevənlərinə hədiyyə

Konsertinə də elə sevənlərinə hədiyyə hesab elədiyi “Hədiyyə” mahnısı ilə başladı. Bununla da öz tamaşaçısına sayğısını izhar etməyə çalışan müğənni bu sevgi etirafını mahnıdan sonra sözlə də çatdırdı: “Sənətçinin həyatında tamaşaçı onun ən böyük hədiyyəsidir. Siz mənə qol-qanad verirsiniz. Mən özümü başqa həyatda təsəvvür etmirəm. Bu sevgiyə görə sizə borcluyam. Ən böyük hədiyyəm sizsiniz”.

Uğurlarının açarı olan mahnını unutmadı

Konsertinə səhnəyə gedən yolda uğurunun açarı olan, “Bakı payızı” müsabiqəsində onu qalib edən mahnı ilə davam edən əməkdar artist indiki uğurlarında, reallaşan böyük layihələrində, həmçinin keçirilən konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna minnətdarlıq etməyi də unutmadı. Belə bir məkanda iki gün solo çıxış etməsiylə qürur duyduğunu dedi.

“Gülbahar”la uşaqları andı

Konsertin repertuarına salınan “Gülbahar” mahnısı bir az da təsadüf nəticəsində lap yerinə düşdü. Belə ki, çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında həyatını itirən uşaqların xatirəsini anan müğənni uşaqların müdafiəsi gününü də qeyd etməyi unutmadı. Bir sözlə, bu günü qeyd edə bilən və buna ömrü çatmayan müdafiəyə möhtac uşaqları Hüseyn Cavidin sözlərinə bəstələnmiş “Gülbahar” mahnısı ilə xatırlatdı.

Unudulmayanlar

Bu konsertdə unudulan qalmadı. Vaqif Mustafazadə, Mirzə Babayev, daha kimlər, kimlər… Növbəti mahnı qəhrəman, vətənpərvər insanlara ünvanlandı. Allahına, vətəninə, xalqına sadiq insanları yad etdi, Tünzalə Ağayeva. Onlarla birgə “Şən və hazırcavablar Klubu”nun kapitanı Anar Məmmədxanovu da anaraq “Yağış deyil göydən tökülən, məni sevənlərin göz yaşlarıdır”, - dedi.

Türkiyəli gitaraçı ilə duet

Konsertin ən maraqlı məqamlarından biri isə duet oldu. Məşhur türk gitaraçısı Özgür Abbakla birgə “Sevdiklərinin hansı sənindi ki...”, - deyən Tünzalə Ağayeva ifasına da, konsertinə də unudulmaz rəng qatdı.

Tamaşaçı fərqi: biri nəfəs almadan dinlədi, o birisi yerində dura bilmədi

Uzun sözün qısası, müğənni bu konsertdə populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları özünəməxsus şəkildə yenidən səsləndirdi. Dinləyicisi isə onu nəfəsini içinə çəkərək dinlədi. Sanki bu mahnıları eşitməyibmiş kimi. Köhnə mahnıları sevdiyi ifaçının ifasında təzə kimi qəbul edən tamaşaçılarından fərqli olaraq, Tünzalənin yerində dura bilməyən, zalda çoxluq təşkil edən gənc tamaşaçıları müğənni ilə oxudu-oynadı.

Nəhayət, “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan “Bakının üzü gülür” mahnısı səsləndi. Tünzalə Ağayeva mahnıdan sonra ulduz səfir olaraq danışdı:

“Oyunlarının keçirilməsi tarixi hadisədir. Səhnədən insanlara demək istəyirəm ki, gəlin bu tarixi hadisəni lazımi şəkildə dəyərləndirək. Azərbaycan yeni möhtəşəm bir idman layihəsinə imza atır. Bu, qürur doğuran hadisədir. İdmançılarımıza uğurlar arzulayıram. Mahnıda deyildiyi kimi, “Bakının üzü gülsün”.

Axırda da “Xoş gəldin”

Nəhayət, musiqinin son akkordları, konsertin son mahnıları səslənir... Tamaşaçısı bu görüşün bitmək üzrə olduğunu hiss edib. Odur ki, heç kim oturmaq istəmir. Ona görə də müğənni son mahnılarını ayaq üstdə olan tamaşaçısına oxudu. “Xoş gəldin” deyib bu dəfəlik vidalaşdı…

Ruhiyyə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm