Xəstəxanaya salınaraq qətlinə fərman verilən Həsən Seyidbəylinin müəmmalı ölümü - ŞOK GİZLİNLƏR
Bizi izləyin

Magazin1

Xəstəxanaya salınaraq qətlinə fərman verilən Həsən Seyidbəylinin müəmmalı ölümü - ŞOK GİZLİNLƏR

“Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları”, “Nəsimi”… Hər dəfə milli kinomuzun bu şedevrlərini ekranlardan izləyəndə ürəyimizdən bir söz keçir: “Allah sizə rəhmət eləsin, Həsən Seyidbəyli”. Doğrudan da, Azərbaycan milli kinomuzda məktəb qoyub getmiş çox az sayda rejissorlarımız var ki, onların çəkdikləri filmlər kino tarixinə qızıl hərflərlə yazılıb. Mərhum aktyorumuz Yaşar Nuridən tez-tez sitat gətirdiyim bu ifadəni yenə də təkrarlamaq istəyirəm. O deyirdi ki, yaradıcı insanların iki ömrü olur: biri bu həyatda yaşadıqları ömür, digəri də yaradıcılıq taleyində davam edən ömrü. Adını çəkdiyim xalq artisti Həsən Seyidbəyli də bu qəbildən olan sənətkarlardandır. O, ikinci ömrünü çəkdiyi filmlərdə davam etdirir. Publika.az ötən həftə xatirə günü olan sənətkarı onun sevimli aktrisası, əməkdar artist Xalidə Quliyeva ilə yad edib.

- Xalidə xanım, rejissor Həsən Seyidbəyli haqqında danışacağıq. Bildiyimizə görə, siz onun sevimli aktrisalarından olmuşunuz. Hətta “Xoşbəxtlik qayğıları” filminin ssenarisini məhz sizin üçün yazıb?

- Həsən Seyidbəyli sıradan bir rejissor deyildi, məktəb yaradan rejissor idi. O, Azərbaycan kinosuna pafosdan uzaq, həyati kino estetikası gətirmişdi. O, eyni zamanda şəxsiyyət idi, buna görə də xalq tərəfindən sevilirdi. Elə sənətkar var ki, bütün titulları var, amma xalq tərəfindən sevilmir, Həsən Seyidbəyli şəxsiyyət olduğu üçün cəmiyyətdə sevilirdi. Seyidbəyli paxıl insan deyildi, gənc rejissorlara böyük dəstək olurdu. Rəhmətlik Rasim Ocaqov həmişə hər yerdə Seyidbəyli məktəbini keçdiyini qürurla söyləyirdi. Rasim Ocaqov Həsən müəllimin çəkdiyi “Sən niyə susursan” filmində operator idi. Amma Seyidbəyli qəsdən ona deyirmiş ki, Rasim, mən dincəlmək istəyirəm, sən çək. Yəni, bununla ona şərait yaradırdı.

- O, eyni zamanda gənc aktyorlara və aktrisalara da yaşıl işıq yandıran rejissor olub...

- Bəli. Seyidbəli məni ilk dəfə Tofiq Tağızadənin “Qızıl qaz” filmində görüb bəyənmişdi və məni rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına dəvət etmişdi. Mən getdim yanına, qarşıma “Nəsimi” filminin ssenarisini qoydu və dedi ki, oxu, hansı rolu istəyirsənsə, onu da götür. Gəldim evə və ssenarini oxuyub, Fatimə rolunu bəyəndim. Elə o rola da təsdiqləndim.

- O, xaraktercə necə insan idi?

- Mülayim, həssas, bir qədər də romantik.

- Bəs çəkiliş meydançasında?

- Çəkiliş zamanı o, çox tələbkar, nizam-intizamı sevən, hər şeyin yerli-yataqlı olmasını tələb edən bir rejissor idi. Ola bilməzdi ki, çəkilişə başladığımız zaman kamerada lent qurtarsın, yaxud da aktyor, aktrisa çəkilişə geciksin. O, məsuliyyətli rejissor idi və özü kimi aktyorlara üstünlük verirdi. Yadımdadır ki, mənə xasiyyətnamə verəndə belə yazmışdı: “İşgüzar, tələbkar, məsuliyyətli”. Eyni zamanda, istedada önəm verirdi.

- Çəkiliş meydançasında hansısa aktyorun improvizəsini qəbul edirdi?

- Onun bir sözünü iki eləmək mümkün deyildi. O hətta kiminsə üstünə qışqıra bilərdi. Qışqırırdı da. Rasim Balayev nəyisə düz oynamayanda dərhal səsini qaldırırdı. Amma bir xasiyyəti vardı, hər kəslə öz dilində danışmağı bacarırdı. Mənimlə çox mülayim idi. Yadımdadır ki, “Nəsimi” filminə çəkiləndə qrimçi hörüklərimi kəsmək istəyirdi. Onda da uzun, qalın hörüklərim vardı. Həsən müəllim desəydi, bəlkə də, kəsdirməyə razı olardım. Amma o, mənim üzümə baxan anda başa düşdü ki, bunu istəmirəm. Qrimçiyə dedi ki, Xalidənin bir telinə də toxunmayacaqsan, gətirin başına şinyon taxın. Filmdə bir səhnə də vardı. Yusif paltarlarımı gətirir ki, əynimi dəyişim. Orda Həsən Seyidbəyli istəyirmiş ki, mən paltarı soyunub-geyindiyim səhnəni çəksin. Mən çox sonralar bunu başa düşdüm. O, mənə dedi ki, Xalidə, elə elə ki, paltarın sürüşsün, çiynin görünsün. Nə qədər əlləşdim, utandığımdan paltarımı sürüşdürə bilmədim. Seyidbəyli bunu başa düşdü və heç üzümə də vurmadan qayıtdı ki, artıq çəkildin. Film ekranlara çıxanda heç o səhnə yox idi, anladım ki, həmin səhnə alınmadığı üçün filmə daxil etməyiblər.

- Görün sizi nə qədər çox istəyib ki, bunu sizə irad tutmayıb. Onun rəğbətini necə qazanmışdınız?

- Məncə, xarakterimlə. Həsən müəllim aktrisalarda abır-həyaya çox önəm verirdi. Mən də çox qapalı, qaradinməz, həm də qürurlu qız idim. O, əxlaqlı qadınlara hörmətlə yanaşırdı. Xaraktercə özü də əxlaqlı, abırlı insan idi axı.

- Yəni açıq-saçıq aktrisaları bəyənmirdi?

- Mənə olan münasibəti onlara münasibətindən fərqlənirdi. O cür tələbkar rejissor mənimlə həssaslıqla davranırdı. Çəkiliş zamanı nəyəsə məcbur eləmirdi.

- Həmin dövrdə elə rejissorlar vardı ki, kimlərinsə xahişi, tapşırığı ilə hansısa aktyoru, ya aktrisanı filmə çəkirdilər. Həsən müəllim tapşırığa-xahişə fikir verən adam idi?

- O heç vaxt sənətdə güzəştə gedən adam olmayıb. Ona nəiysə diktə etmək mümkün deyildi. Aktyorları özü seçirdi və heç vaxt da seçimində yanılmırdı. Bax onda belə zərgər dəqiqliyi vardı. “Nəsimi” filminə Rasim Balayevi çəkəndə Mərkəzi Komitədən ona qarşı çıxmışdılar. Hər kəs Rasimin bu filmə çəkilməsinin əleyhinə idi. Amma Seydbəyli qərarını verdi və sözündən dönmədi. O qədər etirazlara baxmayaraq, Rasim “Nəsimi” roluna çəkildi və film gözlənildiyindən də artıq uğur qazandı. Həmin vaxt film Sovetlər ölkəsində ən gözəl film kimi saysız-hesabsız mükafatlara layiq görüldü.

- Filmin bu uğurundan sonra ona qarşı çıxanlar peşman oldumu?

- Əksinə, Seyidbəylini hədəfə götürdülər. Onunla açıq və gizlin mübarizəyə başladılar. Ona qarşı təzyiqlər, hücumlar başlandı. Artıq ona film çəkməyə imkan vermək istəmirdilər.

- Bu təzyiqlərin əsasında nə dayanırdı ki, əsas olan ümumi işin xeyri deyildi?

- Görünür, belə deyilmiş. Əvvəl ona görə etiraz edirdilər ki, Rasim bu film üçün gənc və təcrübəsizdir, film uğurlu alınmayacaq. Amma film uğurlu alınandan sonra belə məlum oldu ki, onların dərdi uğur deyil, sadəcə, Həsən Seyidbəylini həzm edə bilmirlər.

- Bəlkə, həmin rola hansısa aktyoru təsdiq etdirə bilmədikləri üçün Seydbəylidən qisas almaq qərarına gəlmişdilər?

- Bilmirəm, amma bu qisas ondan alındı. Özü də çox sərt və insafsızcasına.

- Yəni, necə?

- “Nəsimi”dən sonra o “Babək” filmini çəkmək istədi. Hətta filmin hazırlıqlarına da başlandı. Amma çəkiliş başlamamış filmi onun əlindən aldılar. Bu gizlin baş verdi. Həmin vaxt ona yaşatdıqları stress nəticəsində Seyidbəyli xəstəxanaya düşdü.

- Hansı diaqnozla?

- Onun şəkər xəstəliyi vardı və necə hirsləndirmişdilərsə, şəkəri qalxmışdı və təcili olaraq xəstəxanaya yerləşdirmişdilər. Onu xəstəxanaya salan adamlar həmin vəziyyətdən bəhrələnərək filmi də əlindən almışdılar. Bu hadisədən sarsılan Həsən müəllim elə xəstəxanada da dünyasını dəyişdi. Çox az yaşadı, cəmi 59 il. “Babək”i başqa rejissor çəkdi və o film ekranlara çıxanda artıq Həsən Seyidbəyli həyatda deyildi. Ona qarşı çox haqsızlıq etdilər. Xəstəxanada olan bir insanın sağalmasını gözləmədən filmi əlindən almaq insanlığa sığışan hərəkət deyildi. Çünki bu, onun xəstəliyini daha da şiddətləndirdi və ölümünə nail oldular.

- Belə çıxır ki, düşmənləri də az deyilmiş?

- Mən qeybət etməyi xoşlamıram, amma bu, həqiqətən də belə idi. Onun tələbkarlığını qəbul etməyən, ondan acıq çıxmaq üçün hər an pusquda duran adamlar vardı.

- Elə insanlara qarşı reaksiyası necə olurdu?

- Elə ölümü ilə reaksiya verdi. Elə şəxsiyyətlər çox az olur.

- Ailəsində necə həyat yoldaşı, ata idi?

- Çox gözəl. Həyat yoldaşı dəfələrlə gəlib çəkiliş meydançasında ona qulluq edirdi, yemək gətirirdi, Həsən müəllimin qayğısını çəkirdi. Ailəsinə bağlı insan idi.

- Deyilənə görə, gözəl geyinməyi xoşlayardı...

- Həmişə sadə, təmiz, səliqəli geyinərdi. Çəkiliş meydançasında sərbəst geyimlərə üstünlük verirdi.

- Doğrudurmu ki, yalnız sevdiyi aktyorları filminə çəkirdi?

- Sevdiyi və inandığı. “Babək” filminin hazırlıqları zamanı məni çağırdı və dedi ki, Xalidə, birdən məndən inciyərsən ha! Bu filmdə sənə uyğun rol görmədim. Belə nəzakətli insan idi. Hələ neçə gözəl filmlər çəkəcəkdi, qismət olmadı. Amma çəkdiyi hər film milli kinomuzun misilsiz nümunəsidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm