Sənətkarın doğum günündən - ÖZƏL FOTOLAR
Bizi izləyin

Magazin1

Sənətkarın doğum günündən - ÖZƏL FOTOLAR

Vur çatlasın, çal oynasın... Şaqraq zəngülələr vuran kim, aşıq musiqiləri havalandıran kim, qol qaldırıb oynayan kim. Elə bilməyin ki, söhbət hansısa şou-biznes nümayəndəsinin təşkil etdiyi məclisdən gedir. Xeyr, orda bir nəfər də olsun şou adamı yox idi. Hər kəs muğam və aşıq sənətində sözünü demiş sənətkarlar idi.

Onlar Azərbaycanda ilk dəfə olaraq muğamla aşıq musiqilərini sintez edən tanınmış aşıq-müğənni Solmaz Kosayevanın 60 illik yubiley gecəsinə yığışıb. Xalq artistləri Canəli Əkbərov, Simarə İmanova, əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və Azad Şükürov, eləcə də, Eldar Ələkbərov, Aşıq Gülarə Azaflı, Aşıq Fəzail Miskinli, Aşıq Cığatel və digər sənətçilərin qatıldığı məclisdə söz-sözə qarışmışdı, mahnı-mahnıya. Publika.az xəbər verir ki, bədii qiraət ustası Zülfiyyə Eldarqızının aparıcılığı ilə baş tutan saz-söz gecəsində Solmaz Kosayevanın yaradıcılıq yoluna işıq salınıb.

“Solmaz Kosayeva sənət aləmində sözünü demiş sənətkardır. Solmaz xanım istər aşıq, istərsə də xalq musiqilərini dərindən bilən, çox şaxəli yaradıcılıq imkanlarına malik aşıq-müğənnidir. Mən çox arzulayardım ki, illərin sənətkarı olan Solmaz xanım çoxdan layiq olduğu qiymətini alsın. Növbəti ad günündə onu xalq artisti kimi təqdim etsinlər. Əsl sənətkarlar hər zaman başını aşağı salıb işi ilə məşğul olublar. Solmaz xanımı da nə gündəm maraqlandırıb, nə də reklam. O hər zaman musiqilərimizi yaşadıb. Mən onun həzin, bir qədər də nisgilli səsinin vurğunuyam. Bu gün onun 60 yaşı yox, 30 yaşı tamam olur”, -xalq artisti Canəli Əkbərov yubilyarı belə təbrik edib.

Məclisə qatılan millət vəkili İqbal Ağazadə də sənətkarın şərəfinə xoş sözlər söylədi: “Mən Solmaz Kosayevanı Türk dünyasının böyük sənətkarı hesab edirəm. İlk dəfə olaraq aşıq sənəti ilə muğamın sintezini mən onun ifasında sevmişəm. Bu bir yenilik idi və bu yeniliyi Solmaz xanım edib. Solmaz xanımın nisgilli, əvəzolunmaz səsini dinləyənlər onu hər zaman dinləmək istəyirlər. Çünki bu səsin və ifanın əvəzi yoxdur”.

Bu sözlərdən sonra millət vəkili qol qaldırıb “Qəşəngi” havasına oynayıb.

Xalq artisti Simarə İmanova hər zaman onun səsinə vurğun olduğunu, musiqilərini sevə-sevə dinlədiyini bildirib.

Tanınmış muğam ifaçısı, əməkdar artist Nuriyyə Hüseynova da sənətkarla bağlı ürək sözlərini paylaşıb. Gün o gün olsun, Solmaz xanım da çoxdan layiq olduğu fəxri adını alsın və bu münasibətlə onun başına yığışaq: “Həmişə sənətkarlar sadəliyi ilə seçilib. Solmaz xanım da belələrindəndir. Onun məlahətli səsini dinləyəndə Qarabağımız yada düşür. Gün o gün olsun, Solmaz Kosayevanın həzin musiqilərini Qarabağda eşidək.

Səbəbkar özü də gözəl ifaları ilə məclisə əhlini feyziyab edib. Onun ifasında çox sevilən “Bul gətir” musiqisi məclis əhlini duyğulandırıb”.

Ad günündə sənətkarın həyat və yaradıcılıq yolunu işıqlandıran şou-slayd da nümayiş olunub. Qazax mahalında dünyaya göz açan, xalq artisti İslam Rzayevin ansamblında fəaliyyət göstərən “Azkonser”tin xətti ilə rayonlarda zəhmətkeşlər qarşısında konsertlər verən, dünyanın əksər ölkələrinə Azərbaycan musiqisini təmsil və təbliğ edən Solmaz Kosayevaya yaradıcılıq uğurları arzulanıb”.

Sənətkarın arzularını da eşitdik: “Həyatda ən böyük arzum can sağlığı və layiq olduğum fəxri adı almaqdır. Bir də zəhmətimin bəhrəsini dadmaq istəyirəm. Əslində bu sənət adamı üçün ruh yüksəkliyi deməkdir”.

Cəvahir Səlimqızı

Foto müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm