Hüquq təhsilini oriyental rəqsə qurban verən rəqqasə - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Hüquq təhsilini oriyental rəqsə qurban verən rəqqasə - MÜSAHİBƏ/FOTOLAR

Ukraynanın əməkdar artisti, ecazkar rəqsləri ilə şərq rəqqasələrinə meydan oxuyan oriyental rəqqasə Alla Kuşnir paytaxt Bakımızın qonağı olub. Paytaxtın mərkəzində açılan elit məkanlardan birinin açılış mərasiminə qatılmaq üçün şəhərimizdə olan rəqqasə Publika.az-a eksklüziv müsahibə verib.

- Xoş gəlmisiniz, Alla. Bir az Bakı səfərinizdən danışardınız… Necə oldu Bakıya gəldiniz?

- Bakıda səhnəyə teleaparıcı Zemfira Adıgözəlovanın sayəsində çıxmışam. Həmin səhnə də məşhur otellərdən birində qurulmuşdu. Zema xanımla ilk əməkdaşlıqdan sonra anladım ki, bizi təkcə işbirliyi deyil, dostluq münasibətləri də bağlayacaq. O, ürəyiaçıq insandır. Hər zaman insanlara təbəssüm və sevinc bəxş etməyə hazırdır. Auditoriya, televiziya, səhnə - onun həyatıdır. İlk səfərimdə həm də onu anladım ki, mən Bakıda nəinki ac qalamayacağam, həmçinin Ukraynaya çoxlu ləziz təamlar da aparacağam. Amma əsas məsələ konsertin təşkili və çəkilişlərdir. İlk gəlişimdə də, indikində də hər şey möhtəşəm idi.

- Ukrayna və oriyental rəqslər bir-birindən uzaq anlayışlardır. Necə oldu rəqsin bu janrına müraciət etdiniz?

- Uşaqlıqda arxeoloq olmaq istəmişəm. Özü də Misirdə, piramidaların lap yanında işləməyi arzulayırdım (gülür). Uşaqlıqda çox fəal olmuşam. Məktəbdə istedad dərnəklərində mütləq iştirak edərdim. İncəsənət akademiyasını bitirmişəm. Amma Odessa Milli hüquq akademiyasına daxil oldum. Təsadüf nəticəsində, ikinci kursda oxuyanda televizorda oriyental rəqs izlədim və özümü sınadım (gülür). Hələ də dayana bilmirəm.

- İlk səhnə çıxışınız yadınızdadır?

- İlk kostyumum sarı rəngdəydi. İlk konsertim isə - təhsil aldığım akademiyada olub. Dikdaban ayaqqabılarda “Panjabi MC”nin musiqisi olub. Hər şeyi xatırlayıram. İlk rəqsimdən sonra tələbələrim oldu. Onlar məni daha da inkişaf etməyə həvəsləndirdi.

- Bəs oriyental rəqs üzrə təhsil almısınız?

- Çoxsaylı master-klass dərsləri almışam. Mənə hətta Misir müəllimlərindən dərs almaq xoşbəxtliyi də nəsib olub. Çoxsaylı müsabiqə və televiziya layihələrinin iştirakçısı olmuşam. Bütün bunlar mənim daha da püxtələşməyimə gətirib çıxardıb. 5 il müəllimlik, məşq və müsabiqələrdən sonra özümün xüsusi rəqs stilim formalaşdı. Həmin rəqslərimlə artıq bütün dünyanı gəzirdim. İndi deyə bilərəm ki, oriyental rəqs dünyanın ən məşhur rəqs növüdür. Artıq şərq rəqsləri üzrə dərs keçən studiya və akademiyalar yaradılır. Mənə A.B Solovyanenko adına Opera və Balet teatrında oriyental rəqs etmək xoşbəxtliyi də nəsib olub. Bu böyük qələbə idi – göbək rəqsi baletə daxil edilmişdi.

- Oriyental rəqs üzrə ən böyük qələbəniz nə olub?

- “Ukraina mae talent” şousu tamaşaçılara oriyental rəqsi göstərmək şansı verdi. Tamaşaçı şou və estetikanı eyni anda izləyirdi. Ən böyük qələbəm məni əmin etdi ki, düzgün yoldayam. Misirdə keçirilən Al Rakisin rəqs üzrə televiziya layihəsində iştirak etdim. Həmin layihənin qalibi oldum. Ən xoşbəxt adam idim. İndi səhnədə olduğum hər saniyənin dəyərini bilirəm. Allahın mənə bəxş etdiklərinin qiymətini bilirəm.

- Hansı ölkələrə səfər etmisiniz?

- 10 ildir ki, rəqs edirəm. Bu illər ərzində Rusiya, Belorusiya, Almaniya, İtaliya, İspaniya, Belqiya, İsveç, Livan, Türkiyə, BƏƏ, Xorvatiya, Misir, Gürcüstan, Azərbaycan, Makedoniya, Hindistan, Venesuella, Çili, Braziliya, Argentina, Peru, Panama, Ekvador, Koreya, Çin, Fransa, Tayvanda olmuşam (gülür). Bir sözlə mən çox gəzirəm.

- Rəqs üzrə tələbələriniz var?

- Ukraynada oriyental rəqslər üzrə dərs də keçirəm. İş qrafikim də çox gərgindir. Adi günlər 3 növbədə dərslər keçirəm. Ancaq konsert ərəfəsində dərs saatlarımı azaldıram. Cəmi 5 saat dərs saxlayıram. Xarici ölkələrə səfərlərim rəqs kursları ilə müşayiət olunur. Məsələn, 7 günə 50 saat rəqs dərsi və leksiyalar. Bu göstəricilər bir daha sübut edir ki, oriental rəqs hələ də insanlara lazımdır. Ona görə də mükəmməl olana qədər sənəti inkişaf etdirmək, daim öyrənmək lazımdır.

- Publika.az oxucularına nə demək istərdiniz?

- Ümid edirəm ki, Avropa Oyunlarını Bakıya gəlib izləyə biləcəyəm. Bütün Azərbaycan idmançılarına yarışlarda uğurlu nəticələr arzu edirəm. Bakıya gəlməyi düşünürəm. Sizin Alla…

Müsahibəyə görə Zemfira Adıgözəlovaya təşəkkür edirik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm