ANS-in keçmiş aparıcısı: “Hətta ofisiant belə işləyərəm” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

ANS-in keçmiş aparıcısı: “Hətta ofisiant belə işləyərəm” - MÜSAHİBƏ

Həyatının bu mərhələsi sanki tünd rənglərlə rənglənib. 8 il böyük bir telekanalda jurnalistlik məktəbi keçən biri üçün bu dövrü yaşamaq elə də asan deyil. Jurnalist, aparıcı, hətta redaktor, prodüser kimi çalışmış bir şəxsin iş axtarışlarının nəticəsiz qalması, hətta ofisiant kimi də iş tapa bilməməsi fakt olaraq gülməlidir, ya ağlamalı?

Söhbət ANS telekanalından tanıdığımız Natiq Nailəoğlundan gedir. Siması, siması qədər imzası ilə də çoxunun yaddaşına özünü həkk etdirməyi bacaran keçmiş teleaparıcı Publika.az-a müsahibəsində bu gün üçün ağır gəlsə də, gələcəkdə gülərək xatırlayacağını düşündüyü günlərindən söhbət açıb:

- ANS-də aparıcılıq etdikdən sonra Şəki televiziyasına keçdin. Bu transfer, paytaxtdan uzaqda çalışmaq çətin gəlmir?

- Təəssüf ki, Şəki televiziyasında işlərim istədiyim kimi getmədi. Müəyyən problemlər ortaya çıxdı və işimdən öz xahişimlə azad edildim.

- Bəs indi nə işlə məşğulsan və harada çalışırsan?

- Hazırda işsizəm. Nə yalan deyim, heç işə çağıran da yoxdur. İş axtarıram. Vəziyyət o həddə çatıb ki, hətta ofisiant tələb olunan yerlərə belə CV vermişəm. Bəlkə də, bu, bir çoxuna təəccüblü gələr, ancaq gerçəklik belədir. Ofisiant belə işləyərəm.

- Yəni, hər şey bu qədər pisdir?

- Daydayın olmadı, belədi... Hətta yaşadığım evin kirayə haqqını belə ödəyə bilmirəm. Əlimdə olan hər şeyi satmışam. Qalan son əşyamı - telefonumu da satmağa hazırlaşıram. Ona görə də bütün gücümü iş axtarmağa səfərbər etmişəm. İş elanları yerləşdirilən saytlara daxil oluram. Yeni elanların hamısına CV göndərirəm. Qoy hər yerə CV verdiyimə görə məni qınamasınlar, bunu ağlamaq kimi qələmə verməsinlər. Düzdür, hərdən CV göndərdiyim elə yerlər var ki, zəng edib yoxlayırlar. Həqiqətən CV-ni mənim göndərdiyimə onlar da inanmır. Amma əmin olun ki, bu, mənəm.

- ANS-də neçə il çalışmısan?

- 8 ilə yaxın çalışmışam. Jurnalistikanı orada öyrənmişəm. “Xəbərçi”, “Düzbucaq”, “Xəbərmən”, “Salam, Azərbaycan” verilişlərinin aparıcısı olmuşam. Radioda da çalışmışam. Müxtəlif verilişlərin redaktoru, prodüser və müxbiri olmuşam.

- Elə isə vəziyyətin bu qədər pis olmasına səbəb nədir?

- Dostlarımın çoxu bilir, qoy oxucularınız da bilsin. Bir tanışımın oduna yandım. Həmin tanışım mənim adıma kredit götürüb ölkədən çıxıb gedib. Məhkəmə qərarı ilə pulu mən ödəməli oldum. Həmin pulu ödəyə bilmək üçün də istənilən işə razıyam.

- Bu təcrübə və qabiliyyətlə hər hansı işə razı olmaq ağır deyil?

- Bəziləri, xüsusən də, məşhurlaşan həmkarlarımız CV göndərməyi ayıb bilsə də, burada utanmalı bir şey görmürəm. Bu çətinliklərin bir gün bitəcəyini, keçmişdə qalacağını bilirəm. Ümid edirəm ki, vaxt gələcək, bu günlərimi yadıma salıb güləcəyəm. Çalışıram ki, pozitiv olum.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm