Rəşid Behbudovun xatirəsi anılıb - FOTOLAR
Bizi izləyin

Magazin1

Rəşid Behbudovun xatirəsi anılıb - FOTOLAR

Dünən görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin xalq artisti, sosialist əməyi qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub. Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sənətkarın qəbri üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.

Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov Rəşid Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açdı, mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, görkəmli sənətkar ifaçılıqla yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: "Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı əbədiyaşar Mahnı Teatrı var. Teatr unudulmaz sənətkarın adını yaşadır. Təkrarolunmaz gözəl səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarından biridir. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin bir mərhələsini təşkil edir".

Vurğulanıb ki, ifa etdiyi mahnılar, yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti Rəşid Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir.

Xüsusi olaraq qeyd edilib ki, Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

Sənətkarın ailə üzvləri ziyarətə qatılan hər kəsə dərin təşəkkürlərini bildirdilər.

Dünən həm də müğənninin adını daşıyan Mahnı Teatrında onun anım günü ilə bağlı konsert proqramı təqdim olunub. Konsertdə R.Behbudovun bir zamanlar ifa etdiyi mahnılar səsləndirilib.

Teatrın Estrada-Simfonik Orkestrinin bədii rəhbəri, əməkdar artist Salman Qəmbərov unudulmaz müğənninin repertuarına daxil olan mahnıların hələ sağlığında nəinki Azərbaycanda, bütün dünyada sevildiyini bildirib.

Konsert proqramında orkestrin müşayiəti ilə dünya şöhrətli müğənninin bir zamanlar ifa etdiyi “Alagöz”, “Darıxma”, “Bakı haqqında mahnı”, “Arzu”, “Laçın”, “Gəl bizim dağlara” kimi xalq və bəstəkar mahnıları səsləndirilib.

Konsertdə xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, müğənnilər Mədinə Kazımova, Sahib İbrahimov, Aynur İsgəndərli, İlhamə Qasımova və başqaları çıxış ediblər.

Orkestri Azər Allahverdiyev idarə edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm