Silahı sevən məşhur: “Gecəyarısı zəng gəldi ki...” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Silahı sevən məşhur: “Gecəyarısı zəng gəldi ki...” – MÜSAHİBƏ/FOTOLAR

Həmsöhbətim əməkdar artist, tanınmış muğam ifaçısı Təyyar Bayramovdur. Bəzi müğənnilərin enerjisi burda qalmaqala, dedi-qoduya yönələndə, onun səsi gah İtaliyadan, gah Almaniyadan, gah da digər xarici ölkələrdən gəlir. Tez-tez qastrol səfərlərinə çıxıb, əcnəbilər qarşısında konsertlər verən Təyyar Bayramov həm də tələbələr yetişdirir, Opera Teatrında gözəl tamaşalarda baş rolları ifa edir…

Publika.az xanəndənin müsahibəsini təqdim edir.

- Təyyar müəllim, bəzən sənəti olan müğənnilərin də adı qalmaqalda hallanır. Hələ bir dəfə də olsun, sizi maqazin proqramlarında görməmişik. Qalmaqallardan necə sığortalanırsınız?

- İlk dəfə sənətə başlayanda mən də müəyyən söz-söhbətlərə reaksiya verirdim. Ustadım xalq artisti Mənsum İbrahimovun mənə bir tövsiyəsi oldu ki, Təyyar, əgər uğur qazanmaq istəyirsənsə, heç kimə fikir vermə, yalnız sənətinlə məşğul ol. Mən də həmin vaxtdan ta indiyə qədər ustad sözünə riayət edirəm. Mənsum müəllimin bir sözü də var: o deyir ki, ola bilsin heç qardaşın da səni dinləməsin. Bu, təbii haldır. İnsanların müəyyən bir qismi səni sevib, dinləyirsə, onlar üçün oxumalısan. Müəllimlik, opera teatrındakı fəaliyyətim, tədbirlər, qastrollar, inanın bu qədər işin çoxluğunda heç kənar işə, dediyiniz o qalmaqala vaxt da qalmır.

- Son vaxtlar tez-tez rastlaşırıq, bir çox müğənnilər efirə çıxıb xalqın adından danışır ki, xalq məni çox sevir. Sizcə, bu nə dərəcədə doğrudur?

- Bizim böyük sənətkarlarımız var ki, nə qədər şan-şöhrət sahibi olsalar da, bundan qürrələnmirlər, mənəm-mənəm demirlər, hər zaman sadəlikləri ilə seçilirlər. Yəni ağac bar verdikcə başını aşağı dikər. Əslində xalq sevdiyini sevir, bunu efirdən diktə etməyin mənası yoxdur.

- Ustadlarınıza qarşı hər zaman diqqətli davranırsınız. Hər sözünüzün başı ustadlarınızdır. Özünüz də bir müəllimsiniz, çoxlu sayda yetirmələriniz var. Maraqlıdır, ustadlarınıza göstərdiyiniz münasibəti yetirmələrinizdən görürsünüzmü?

- Əlbəttə görürəm. Elə özümdən yaşca kiçik olan sənət dostlarım da var ki, hər zaman onlara öz məsləhətlərimi verirəm.

- Müəyyən verilişlərdə qonaq olursunuz. Maraqlıdır, getdiyiniz verilişləri saf-çürük edirsinizmi, yoxsa elə dəvət aldığınız bütün verilişlərə gedirsiniz?

- Təbii ki, verilişin formatına, xarakterinə diqqət edirəm. Elə peşəkar aparıcı var ki, verilişində iştirak etməli olan sənətçiləri özü yaxşı görür. Formatına uyğun da qonaqları dəvət edir. Təbii ki, bir çox verilişlər var ki, dəvət alsam da, getmirəm.

- Efirdə sizi ən çox nə qıcıqlandırır?

- Verilişin formatından asılı olmayaraq, hər bir sənət adamı özünü təmsil edir. Verilişdə ab-hava mənim üçün çox önəmlidir.

- Heç aparıcılardan soruşursunuzmu ki, sizdən başqa hansı müğənnilər qonaq olacaq?

- Kaprizli insan deyiləm, amma təbii ki, özümə uyğun sənətçilərlə eyni verilişdə olmaq istəyirəm. Eşitdiyimə görə, bəzi müğənnilər soruşur ki, o verilişdə kimlərlə bərabər olacaq. Amma mənim üçün heç bir problem yoxdur. Sağ olsun aparıcıları ki, məni həmişə özümə uyğun sənətçilərlə bərabər dəvət ediblər. Amma verilişə getməzdən öncə, verilişin hansı mövzuya həsr olunduğunu soruşuram.

- Amma bəzən aparıcılar qonaqlarını aldadır?

- Mən bütün hallarda öz bildiyimi edirəm və söhbəti hərləyib-fırlayıb musiqinin üstünə gətirirəm.

- Canlı yayımda xoşuna gəlməyən bir situasiya yaranarsa, verilişi yarımçıq tərk edərsiniz?

- Əqidəmdə yoxdur ki, meydandan qaçım. Əgər belə bir hal yaşanarsa, qaçmaq əvəzinə sözümü deyərəm. Hələ ki, belə bir abi-hava yaranmayıb.

- Estrada müğənniləri arasında dostluq etdikləriniz varmı?

- Dostluq etmirəm, amma gözəl ünsiyyətdə olduğum müğənnilər var.

- Xanəndə xanımlarla duetlərini görmüşük. Estrada müğənnilərindən duet təklifi alırsınızmı?

- Çox olub. Ad çəkmək istəmirəm. Ola bilsin ki, stilimiz və ifa tərzimiz uyğun gəlmədiyi üçün razılaşmamışam. Ancaq bu yaxınlarda Avropa Oyunlarına həsr olunmuş bir mahnını Sevinc və Sevil bacıları ilə duet şəklində oxuduq. Onlar məndən muğamın sirlərini öyrənmək istəyirlər. Özləri təklif etdi və mən də dəstək oldum. Artıq o mahnının klipi də çəkilib. Estrada müğənnilərindən ilk dəfə o qızlarla oxudum. Özümə və səsimə uyğun gördüyüm mahnılar olsa, duet oxuyaram.

- Maraqlıdır, özünüzə nəzarət edirsiniz?

- Hər bir sənət adamının özünə nəzarəti olmalıdır. Göz qabağında olan insan həm də nümunə olmalı, özünə, hərəkətlərinə nəzarət etməlidir. Mən dərs dediyim, məndən sonra sənətə gələcək insanlara nümunə olmalıyam ki, onlar da öz növbəsində gələcək nəsillərə nümunə olsunlar.

- Belə başa düşdük ki, sizi bir idman ayaqqabısında, ya paltarında hansısa bir verilişdə görə bilmərik…

- Meşədə, yaxud da pik-nik zamanı çəkilən bir veriliş olsa, görmək olar. Meşəyə qalstukla gedəsi deyiləm ki... Amma qeyri vaxtlarda kostyum, qalstuk mutləq olmalıdır.

- Qarderobda ən çox xoşladığınız hansı geyim elementidir?

- Mən hər zaman tələbələrimin də qarşısına qalstukda, kostyumda çıxıram. Buna görə kostyumlara, qalstuklara önəm verirəm.

- Heç bəzən o qalstukun sizi boğan vaxtları olurmu?

- Öyrəşmişik. Deyim ki, geyimin də ifaya təsiri böyükdür. Mən deyərdim ki, yüzə-yüzdür. Geyim ifaçıya diktə edir ki, sən artıq ciddi musiqi ifa edirsən və ifa etdiyin musiqiyə hörmətlə yanaşmalısan.

- Aksessuarları necə xoşlayırsınızmı?

- Yalnız saatdan istifadə edirəm. Amma bəzən günlərlə olur ki, heç saat taxmaq da yadıma düşmür.

- Eyni zamanda avtomobil idarə edirsiniz. Heç qayda pozanda yol polisləri sizə güzəşt edibmi?

- Sağ olsunlar, hər zaman sənət adamlarına hörmətlə yanaşıblar. Amma qayda pozduğum halda, cərimələnmişəm. Mən özüm bunun tərəfindəyəm ki, kim qayda pozursansa, cəriməsini də ödəməlidir.

- Ən çox hansı qayda pozuntusuna görə cərimə ödəmisiniz?

- Adətən sürət həddini aşdığıma görə. Bəzən rayonlara tədbirlərə gedəndə sürəti aşmışam və radara düşmüşəm. Sürəti sevirəm.

- Həyatda necə, qaydaları pozduğunuz hallar olur?

- Belə bir deyim var ki, qaydalar onları pozmaq üçündür. Amma çalışıram kobud qayda pozuntularına yol verməyim.

- Qayda pozuntusu dediniz, yadıma silah gəzdirməklə bağlı arzunuz düşdü…

- Uşaq vaxtı polis olmaq arzusundaydım. Həmişə üstümdə silah gəzdirməyi arzulayırdım. Özü də bir yox, iki silah. Balaca olanda elə özüm də məftildən, ağacdan silah düzəldib, üstümdə gəzdirirdim. Bir dəfə elə sizin müsahibənizdə bunu başlıq kimi vermişdiniz: ”Üstündə silah gəzdirən azərbaycanlı məşhur”. Heç özümün bundan xəbərim yox idi ki, artıq müsahibə Publika.az saytında dərc olunub. Gecə saat 1-də sənət dostum zəng elədi ki, qardaş keçmiş olsun, bəs eşitdim üstündə silah gəzdirdiyin üçün həbs olunmusan. Özüm də məəttəl qaldım. Dedim ki, a kişi nə silah, mən üstümdə bir silah gəzdirirəm, o da qavalımdır. Həmin müsahibədən sonra bir məclisə getmişdim, bir məmur yaxınlaşdı ki, qardaş o həbs məsələsi həll olundu? Deməli, yazını açıb içini oxuyan yoxdur, amma hamı başlığa baxır.

- Yaman yerdə axşamladım. Yəqin ki, buna görə məni o ki var, qınadınız?

- Qətiyyən, sizi qınamıram. Elə sənət adamlarını götürək, o öz musiqisini insanlara elə çatdırmalıdır ki, onu sevsinlər. Ola bilər gözəl xırdalıqları və mükəmməl səsi olsun, amma üzündəki ifadə elə ola bilər ki, o enerjini insanlara ötürə bilməsin. Siz də jurnalistsiniz və media bazarında məhsulunuzu satmalısınız. Bu məqsədlə də həmin başlıqdan istifadə etmisiniz ki, o yazını, o məhsulu oxucuya yedizdirə biləsiniz. Buna da gözəl nail ola bilirsiniz. Düzdür, müəyyən adamlar bundan qıcıqlanır, amma mən belə düşünmürəm. Burda təhqir, qalmaqal, dedi-qodudan danışmadıq ki, sənətdən söhbət elədik. Əslində bu məsələdə oxucunu qınamaq lazımdır, jurnalisti yox.

- Sənətdən söz düşmüşkən, yeni diskiniz də işıq üzü gördü. Həmkarlarınızın bir yeniliyi olan kimi hamını başına toplayıb, təqdimat mərasimi keçirir. Siz nə əcəb eləmirsiniz?

- Bu artıq dörduncü diskimdir ki, dinləyicilərin ixtiyarına verirəm. Beşinci diskimi payızda təqdim edəcəyəm. Demək olar ki, altıncı və yeddinci disklərimin də mahnıları hazırdır. Təqdimata gəlincə, sözün düzü, mənim məqsədim gözəl musiqiləri insanlara çatdırmaqdır. Ola bilsin nə vaxtsa, bəlkə yeddinci, yaxud da, onuncu diskimin təqdimatını etdim. Mən lent yazılarına çox önəm verirəm. Çünki əvvəllər bəzi ustadların səsini dinləyəndə onların lent yazılarının az olduğundan təəssüflənirdim. Fkirləşirdim ki, kaş onların da zamanında albomları çıxarılaydı, insanlara ötürüləydi. Buna görə də düşündüm ki, mən də belə albomlar buraxdırım.

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm