Humay Qədimova “Muğamın səsi”ndə aparıcılıq edəcək
Bizi izləyin

Magazin1

Humay Qədimova “Muğamın səsi”ndə aparıcılıq edəcək

Lider Televiziyasında yeni layihəyə start veriləcək. Nəsillərdən nəsillərə keçən və milli irsimiz olan muğam bu dəfə “Muğamın səsi” adı ilə fərqli təqdimatla efirə çıxacaq. Verilişi aparmaq tarzən, pedaqoq Humay Qədimovaya həvalə edilib.

Publika.az-a layihə barədə danışan Humay xanım bunları qeyd edib:

“Layihənin fərqli cəhətləri ondan ibarətdir ki, burada qonaqlar gəlib repertuar təqdim etməklə yanaşı, tamaşaçı üçün maraq kəsb edən məqamlara toxunulacaq. Xüsusilə unudulmuş xalq, bəstəkar mahnıları, rənglər, təsniflər səsləndiriləcək, bu barədə peşəkarların tarixi mənbələrə söykənən fikirləri yer alacaq. Qəzəllərə də xüsusi yer ayrılacaq. Məhəmməd Füzuli, Nəsimi, Əliağa Vahid və bir sıra ədiblərin qəzəllərindən söz açılacaq. Tamaşaçı XIX əsrin unudulan ifalarını məhz bu verilişdən eşidəcək. Bir müddətdir ki, layihə üzərində peşəkar heyət çalışıb. Qonaqlarımızı da eynilə peşəkar musiqiçilər, xalq artistləri, incəsənət xadimləri təşkil edəcək. Burada muğam ifaçılarının fonoqrama ilə ifa etmək məcburiyyəti olmayacaq. Çünki muğamı gəzişmələri ilə məhdud dəqiqəyə salmaq mümkün deyil. Xanəndələrimizə 1 saat ərzində həm danışmaq, həm də canlı oxumaq imkanı verilib”.

İlk efir buraxılışının Avropa Oyunlarının ilk gününə təsadüf etdiyini qürurla deyən tarzən xanım qonağının xalq artisti Könül Xasıyeva və sayılıb seçilən musiqiçilər olduğunu diqqətə çatdırdı.

Xatırladaq ki, peşəkar tar ifaçısı olan Humay Qədimova həm respublikada, həm də ölkədən kənarda silsilə konsert proqramları ilə çıxış edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecində 10 ilə yaxındır pedaqoji fəaliyyətlə məşğul olan Humay xanımın yetirmələri bir çox müsabiqələrin laureatı adını daşıyır.

Qeyd edək ki, “Muğamın səsi” verilişinin rejissoru Miranə xanımdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm