Ad gününü qeyd edən Oqtay Mirqasımov: “Mənə hədiyyə veriləndə utanıram” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Ad gününü qeyd edən Oqtay Mirqasımov: “Mənə hədiyyə veriləndə utanıram” - MÜSAHİBƏ

“Min birinci qastrol”, “Anlamaq istəyirəm”, “Ovsunçu”, “Gümüşü furqon” və onlarla bədii, sənədli və yumoristik ssenarilərin müəllifidir.

Çəkdiyi filmlər Amerika, İtaliya, Monqolustan, Polşa, Rusiya və digər ölkələrdə nümayiş olunub, Milli kino sənətinin inkişafında xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.

Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovdan danışırıq. Bu gün ad günüdür. 72 yaşını qeyd edən sənətkarı biz də təbrik etdik.

Danışmaqdan çox iş görməyi sevən rejissor təəssüratlarını Publika.az-la bölüşüb.

- Oqtay müəllim, ilk təbriki kimdən aldınız?

- Ailəmdən, dostlarımdan, qohumlarımda, tanıdığım bütün insanlardan.

- Maraqlıdır, hədiyyələrə münasibətiniz necədir? Ümumiyyətlə, bilmək istərdik, Oqtay Miqasımovun sevimli hədiyyəsi varmı?

- İnsanları əziyyətə salanda çox utanıram. İstəmirəm mənə görə kimsə əziyyət çəksin. Buna görə də mənə hədiyyə almalarını xoşlamıram.

- Allahdan ən böyük hədiyyəni almısınız, yoxsa, hələ gözləyirsiniz?

- Mən Allahdan nəsə gözləmirəm və düşünürəm ki, Allahdan nəsə gözləmək yox, sadəcə olaraq Ona şükür etməyi bacarmaq lazımdır. Hər zaman Allahdan yaxşılıqlar görmüşəm və indi də istəyirəm ki, mən Onun diqqətini qazanım. Çünki Tanrının diqqətini qazanmaq lazımdır.

- Rəqəmlərin sizin üçün önəmi varmı, tutalım, yaşınız 25 oldu, 50, oldu, ya 72?

- Rəqəmlər artdıqca hiss edirəm ki, yaşım da artır və ömrün çoxunu yaşamışam, azı qalıb. Amma inanın ki, daxilimdə heç nə dəyişməyib. Uşaqlığımdan indiyə qədər necəydisə eləcə də qalıb. İnsan bunu çox sonralar dərk edir, cavan olanda anlamır.

- Həyatı doya-doya yaşamısınız, yoxsa, yola vermisiniz?

- 16 yaşımdan işdə-gücdə olmuşam. Həyat mənim üçün hamar olmayıb. Əziyyətlərim çox olub. Amma o əziyyətlər bahasına hansısa uğura nail olmuşamsa, sevinmişəm və o əziyyət gözümə şirin görünüb. Söz yox ki, bəzən çəkdiyin əziyyətə görə inciyirsən, narazı qalırsan, amma sonda peşman olmursan.

- Bir-birindən gözəl filmlərinizlə milli kinomuzda iz qoymusunuz. Maraqlıdır, şah əsərinizi yaratmısınız, yoxsa, hələ gözləyirsiniz?

- Şah-mah bilmirəm, amma reallaşdırmaq istədiyim layihələr var. Çəkəcəyim filmləri gözləyirəm.

- Ən böyük arzunuzu da bilmək maraqlı olardı?

- Arzum yaradıcılığımla bağlıdır. Həmişə iş başında olmağı arzulayıram. İşim olsun, həmişə yaradıcılıqla məşğul olum.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm