ATV-nin aparıcısı: “Yanımda başqa bir kişinin olması…”- MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

ATV-nin aparıcısı: “Yanımda başqa bir kişinin olması…”- MÜSAHİBƏ/FOTOLAR

Ana olduqdan sonra bir müddət efirlərdən uzaq düşdü. Hətta bəzilərinə elə gəldi ki, televiziyadan birdəfəlik ayrılıb. Amma belə olmadı, yenidən aparıcı kimi fəaliyyətini davam etdirdi. Hər zaman keçmiş həyat yoldaşı ilə cüt görməyə alışdığımız Vüsalə bu dəfə ekranda tək göründü.

ATV-nin aparıcısı Vüsalə Əlizadəni deyirəm, Publika.az-a müsahibə verib.

- Nəhayət ki, uzun fasilədən sonra səni yenidən efirdə aparıcı kimi gördük…

- Əslində bunu çoxdan istəyirdim. Amma efirə yeniliklə efirə qayıtmaq fikrindəydim. Həm də istəyirdim ki, insanlar mənim üçün darıxsınlar.

- Səncə, darıxdılar?

- Bunu hiss etdim və etiraf edim ki, bu çox möhtəşəm bir duyğudur. Sosial şəbəkədə mənə o qədər xoş sözlər yazırlar ki, hətta kövrəlirəm. Demək ki, illərim hədər getməyibmiş.

- Əvvəlki Vüsalə ilə indiki Vüsalə arasında fərq varmı?

- Çooox… Yeni verilişim qadınlara həsr olunub. Əslində hər bir işin içində mütləq qadın görünür. Tarixən qadınlar böyük gücə malik olublar, adları xəyanətdə, sədaqətdə, qısqanclıqda hallanıb. Qadının bir yaylığı ilə müharibələrə son qoyulub. Güclü və zərif qadınlarımız var, amma zəif qadın yoxdur.

- Bəs sən özünü necə qadın sayırsan?

- Özümü zəif qadın saymıram. Mən zərif yox, məhz güclü qadınlar sırasında dayanıram.

- Gücün nədədir?

- Fərqliliyimdə, ağlımda, savadımda. Öz ayağım üstündə dayanmağı bacarıram. Kiminsə dəstəyinə, əlimdən tutub ardınca aparmağına ehtiyacım yoxdur. Bilirəm ki, bunu özüm bacarıram. Efirdə olduğum, tanındığım zamanlardan ta bu günə kimi mən ehtiyacı olan insanların əlindən tutub arxamca gətirmişəm. Bu baxımdan heç kimin yanında gözükölgəli deyiləm ki, kimsə mənə dəstək olub. Mən Dövlət Televiziyası məktəbi keçmişəm və hər şeydən xəbərdaram. Digər tərəfdən özüm də baxıb, görüb- götürmüşəm. Təəssüf ki, gənc aparıcılar arasında elələri var ki, aparıcı üçün lazım olan meyarlara cavab vermirlər.

- Səncə, niyə?

- Çünki bizdə aparıcı məktəbi yoxdur.

- Aparıcılar arasında özünə kumir saydığın var?

- Deməzdim var. Amma hansısa aparıcıya baxıb saçımı, üzümü, gözümü bənzətmək istədiyim vaxtlar olub.

- Bəlkə, adlarını çəkəsən?

- Məsələn, Həqiqət Əsgərova, Ofeliya Sənani, Nailə Uluxanlı, Nərgiz Cəlilova, Ülkər xanım vardı. Ofeliya xanımın “Cırtdan” verilişinə elə maraqla baxırdım ki...

- Qəşəng xanımsan, maraqlıdır, komplekslərin varmı?

- Görünüşüm baxımından heç bir kompleksim yoxdur. Bir kompleksim var ki, tək gəzə bilmirəm. Hara gedirəmsə, yanımda kimsə olmalıdır.

- Kimdənsə ehtiyat edirsən. Buna görə?

- Yox qorxmuram, sadəcə, həmişə belə olmuşam. Tək dayananda utanıram. Utancaqlıq kompleksim var, buna görə.

- Keçmiş həyat yoldaşından sonra yanında başqa bir kişinin görünməsi ehtimalı varmı?

- Hələ ki yoxdur, yəqin ki, bunu zaman göstərəcək. Niyə də olmasın, cavan qadınam. Heç kim heç vaxt, heç vaxt deməsin.

- Ən çox nəyin aludəçisisən?

- Oyyy… Ayaqqabı və çantaların xəstəsiyəm. Ətirlərim və kosmetikam da mütləq keyfiyyətli olmalıdır.

- Bəs geyim məsələsində necə, fərqlənməyi xoşlayırsan? Məsələn, adam var, deyir ki, mənim ətəyimdən, ya köynəyimdən başqa birisinin əynində görsəm, ürəyim partlayar…

- Yox, mənim elə bir kompleksim yoxdur. Mənə yaraşan paltar başqasına ayrı cür yaraşa bilər. Məsələn, əynimdə gördüyünüz bu köynəyi başqasında görsəm, heç də narahat olmaram.

- Xatirə əşyalara münasibətin necədir, saxlayırsan? Yoxsa, sənə acı verən bir insanın hədiyyəsini saxlamırsan?

- Əgər o xatirə mənə əziyyət verəcəksə, narahatçılıq gətirəcəksə, onu saxlamağı sevmirəm.

- İnsanların sənə qarşı etdiyi səhv hərəkətləri bağışlaya bilirsən? Yoxsa kinlisən?

- Baxır o səhvin çəkisinə, ağırlığına. İlk gündən mənə verdiyi acının qədərinə.

- Bəs özün necə, ilk addım atmağı xoşlayırsan?

- Əgər səhvim varsa, addım atıram.

- Bəs yoxdursa?

- Səhvim yoxdursa, heç vaxt bunu eləmərəm.

- Soruşdum, amma cavab almadım, kinlisən?

- Mənə elə gəlir ki, kinliyəm, amma deyirlər ki, ürəyin çox yumşaqdır. Amma yox, öz fikrimcə, bir az kinli adamam.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm