Aygün: “Biri dinləyib keks, başqası seks istəyir” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Aygün: “Biri dinləyib keks, başqası seks istəyir” – MÜSAHİBƏ/FOTOLAR

Səhnəyə gəldiyi ilk gündən tamaşaçı sevgisi qazanan Aygün Kazımova... Səmimiyyəti, cazibəsi, səhnə performansı, səsi, seçdiyi mahnılar, işlədiyi professional komanda ona ən qısa zamanda şöhrət qazandırdı. Sənətdə olduğu illər ərzində nəinki kimisə, heç özünü də təkrarlamadı. Tamaşaçısı, sevəni onun hər səhnəyə çıxışında qarşısında yeni Aygün gördü. O isə “Sizin Aygünəm” deyib yoluna davam etdi. Aygün müğənni olalı çox şey dəyişdi. Bəzilərini də məhz Aygün dəyişdirdi. Dəyişməkdən də, dəyişdirməkdən də heç yorulmadı, tükənmədi. Yenilikləri həmişə oldu. Elə indi də var. Publika.az-a verdiyi bu müsahibəsində o, reallaşdırdığı son yeniliklərdən - sənətə verdiyi növbəti hitindən, həyata qatdığı yeni ətrindən danışdı:

- Köhnə mahnınıza yenicə həyat verdiniz... “Bir parça keks”in həyatı necə gedir? Mahnı seviləcəkmi?

- Doğrudur, mahnı çoxdan yazılıb. Hər halda, qisməti bu günəymiş... Mahnının ifasına anidən qərar verdim. Dedim ki, mən bu mahnını ifa etməliyəm. Doğrusu, mahnını repertuarıma salacaq təkliflər də oldu. Məsələn, Kazımovski (xalq artisti DJ Kazımı belə adlandırır – red.) bu fikri ağlıma saldı. Dedi ki, Aygün xanım, bu, möhtəşəm mahnıdır. Hit olacaq, mütləq oxuyun”. Mahnımın baş prodüseri də elə Kazımovski özü oldu. Lap baş prodüserin də adını ilk dəfə açıqlayıram, o da Murad Dadaşovdur.

- Bilirsiniz, adama elə gəlir ki, mahnıda keksdən yox, seksdən söhbət gedir. Sanki seksual mahnıya oxşayır...

- Tərbiyəsiz... Bu nə sözlərdir danışırsan? Utanmırsan sən? (gülümsəyir). Xeyr, bu, sizə elə gəlir. Bunu seksual qəbul edirsinizsə, bu, sizin tərbiyəsizliyinizdən irəli gəlir (gülür). Biri mahnını dinləyib keks, başqası seks istəyir. Burda mənim nə günahım var? Mahnının janrı, ab-havası elədir. İçdən gələn hisslər nəticəsində yaranıb. İnsanın hisslərini ifadə edir.

- Eşitdik ki, yay boyu bir neçə konsert proqramı ilə çıxış edəcəksiniz.

- Elədir. Konsertləri prodüserim Tolik təşkil edəcək. Elə mən də səbirsizliklə gözləyirəm. Hələ ki nəticələrdən xəbərim yoxdur. Hər şeyi Tarikoşa (Tarix Əliyevi belə adlandırır – red.) təşkil edib. Artıq danışıqlar da aparıb.

- Bu libasınızın müəllifi kimdir?

- Əlbəttə ki, Leyla Əhmədovadır!

- Deyəsən, sizi Leyla Əhmədova ilə çox şey birləşdirir?

- Həddən artıq çox şey... O, mənə çox əziz insandır. 17 ildir ki, birgə çalışırıq. Leyla əsl istedaddır. Onun işləri artıq dünyaya çıxmalıdır. Son kolleksiyası 13 il ərzində hazırlanıb. Sadə bir nümunə göstərim. Kolleksiyanın içərisində olan bir korsetə fikir versəniz görəcəksiniz ki, onu istedadlı bir əl işləyib. Burada hər şey əl işidir. Geyimlər hazırlanarkən hər hansı avadanlıqdan istifadə olunmayıb. Bizi ilk növbədə 17 illik dostluq birləşdirir. İndi onların arasına biri də əlavə olundu. Artıq bildiyiniz kimi, Leyla xanımla birgə klubumuz fəaliyyətə başlayıb.

- Sizi artıq “biznes ledi” adlandırmaq olar?

- (fikirləşir...) Tezliklə mənim yeni ətrim olacaq. Bu ideyanın müəllifi Leyla Əhmədovadır. O dedi ki, indiyədək xüsusi ətrim niyə olmayıb? Mən də bu sual ətrafında bir az düşündüm. Sonra qərar verdik ki, həmin ətrin hazırlanması üçün sifariş verək. Belə də etdik. Sifarişi Fransada verdik. Sevdiyim qoxuları birləşdirməyi orada çalışan peşəkarlara həvalə etdik. Fərdi istəklərdən asılı olaraq, onlar hansı qoxunu nədən, necə əldə edəcəklərini yaxşı bilirlər.

- Özünüz getdiniz Fransaya?

- Yox, Leyla Əhmədova getdi. Hələlik bir ətir üstündə dayandıq. Hələ bir neçə ətir variantımız da var...

- Artıq ad da seçmişiniz...

- Əlbəttə! Ətirimin adı “Aygün”dür!

- Nə vaxt çıxacaq satışa?

- Bu yaxınlarda. Təqdimat mərasimi də keçiriləcək.

- Yay aylarında heyranlarınız sizdən klip gözləsin?

- Əlbəttə! Hal-hazırda bütün fikrim İlk Avropa Oyunlarına yönəlib. Layihələrimin hamısını müvəqqəti dayandırmışam. Hətta klip çəkilişi ilə bağlı Gürcüstanda işlərimi başlamadan yarımçıq qoymalı olmuşam. Bütün heyət ilə birlikdə çəkilişlərə start verməyə hazırlaşırdıq ki, Bakıya çağırdılar. Zəng gəldi ki, cənab nazirin iclasında olmalıyam. Hətta klip üçün paltarlar belə hazırlanmışdı. Artıq o paltarları səhnəyə geyinirəm. Klipə hazırlıq yenidən başlayacaq. Düşündüm ki, baş verən hər şeyin bir səbəbi var. Nə olursa, yaxşılığa doğru olur.

- Hansı mahnıya klip çəkilməli idi?

- “Səni belə sevmədilər” mahnısının türkcə versiyasına gürcülər klip çəkməli idi. Bu, Türkiyədə reallaşdırdığım layihədir. Təqdimatı da elə Türkiyədə olacaq. Mahnını Azərbaycan tamaşaçıları artıq öz dilimizdə eşidib. Türk versiyası ilə isə kliplə birgə tanış olacaqlar. Mahnı artıq tam hazırdır. Bu, sinql olaraq təqdim olunacaq.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm