Əməkdar artist: “Arvadıma zəng ediblər ki, ərin qadınla…”- FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Arvadıma zəng ediblər ki, ərin qadınla…”- FOTOLAR/MÜSAHİBƏ

Sakit görünməsinə baxmayaraq, həmişə iddialı təsir bağışlayıb. Xüsusən də sənət aləmində iddialı olduğunu özü də gizlətmir. Amma hələ də yaradıcılıqda istədiklərinə tam nail ola bilməyib. Ona görə yox ki, hər zaman həmkarlarının badalağına tuş gəlib. Yox, onu asanlıqla sındırmaq mümkün deyil. Çünki öz işinin fədaisidir. İşdən heç vaxt yorulmayan əməkdar artist, tanınmış rejissor və aktyor Nicat Kazımovdan söhbət gedir. Bu gün onun ad günüdür. Qarşıda reallaşdıracağı işlər həddən artıq çoxdur. Hələ qocalmayıb ki, cəmi-cümlətani 43 yaşı tamam olur.

Təəssüratlarını Publika.az-la bölüşən rejissor ad günündə illərlə qurtula bilmədiyi xasiyyətlərindən də danışdı, komplekslərindən də…

- Adam var ad günündə kövrəlir, adam var, əksinə, doğum gününü əsl bayrama çevirir. Sizdə vəziyyət necədir?

- Sözün düzü, ad günlərimi o qədər də xoşlamıram. İçimdə qəribə duyğular olur. Ömrümdən bir il də keçir, nəsə bir az havalı oluram. Səhərdən sosial şəbəkədə dostlarım yazır, telefonla təbrik edirlər, xoşhal oluram. Axşam da özümün quruluş verdiyim “Ana qaz” tamaşasında oynayacağam. Ad günlərimi səhnədə qarşılamışam.

- İlk təbriki və ilk hədiyyəni kimdən aldınız?

- Gecə saat 12-i keçən kimi oğlanlarım məni qucaqlayıb təbrik etdilər. Amma hədiyyəmi iki gün əvvəl Gənclər və İdman Nazirliyində çalışan Günay xanımdan aldım.

- Sirr deyilsə, nə idi?

- Təbii daşdan hazırlanmış orijinal bir alışqan. Çox xoşuma gəldi. Açığı deyim ki, hədiyyə alanda çox sıxılıram.

- Ən yaddaqalan ad gününüzü xatırlayırsınız?

- Bütün ad günlərim yadımdadır. Amma 40 yaşımı səhnədə qeyd etdim. Onda bir tamaşaçım səhnədə mənə portretimi bağışladı, bu, mənim üçün yaddaqalan ad günü oldu.

- Amma deyilənə görə, 40 yaşı qeyd eləməyin düşər-düşməzi olur…

- Mən belə şeylərə inanmıram. Üstündən 3 il keçib, amma hələ də yaşayıram.

- 43 yaşınız tamam oldu. Bir yaradıcı insan kimi istədiklərinizə nail ola bilmisinizmi?

- Desəm ki, hər şeyə nail olmuşam, onda gərək teatrdan çıxıb gedəm. Şükür Allaha, nail olduqlarım da var. Amma istədiklərimin çoxunu hələ reallaşdırmamışam.

- 43 yaş nədir ki, inşallah, reallaşdırarsınız…

- Yox, 43 yaş az yaş deyil, ömrün yarısından çoxu yaşanıb.

- Aktyor kimi oynamaq arzusunda olduğunuz rol, rejissor kimi quruluş verəcəyiniz tamaşalar hansıdır?

- Sultan İbrahimi oynamaq istərdim. Amma rejissor kimi arzularım çoxdur. Istəmirəm qabaqcadan deyim.

- Sənət aləmində, xüsusən də teatrlarda bütün zamanlarda intriqalar yaşanıb, kimsə-kimisə baltalayıb. Kimsə kiminsə yolunu kəsməyə çalışıb. Mən bilən, siz də bu hücumlardan kənarda qalmamısınız?

- Mən həmişə demişəm ki, Allah onların başını işlə qarışdırsın. Baş işlə qarışanda belə şeylərə vaxt qalmır. Şəxsən mənim bir dəqiqə artıq zamanım olmur.

- Əslində o insanların işi də elə bundan ibarətdir - ara qarışdırmaq, dedi-qodu etmək, baltalamaq. Maraqlıdır, elə insanlara reaksiyanız necə olur?

- Təbii ki, həmin an pis oluram, ürəyim bulanır. Amma sonra keçib gedir. Mənə əngəl yaratmaq istəyən o adamların qurduğu tələlər həmişə boş qalır. Əksinə, başqalarının uğurunu həzm edə bilməyən həmin uğursuz adamların aqibəti uğursuzluqla nəticələnir.

- İllərlə mübarizə apardığınız, amma qurtula bilmədiyiniz xasiyyətləriniz varmı?

- Təbii ki, var. Hər xırda şeyi ürəyimə salmağım pis xasiyyətlərimdəndir. Emosional halımda əsəbiləşib nəsə kobud söz deyirəm, sonra peşman oluram. Hətta günah həmin insanda olsa da belə, o adamın yanında sıxılıram. Bir hərəkətimə görə yüz qat əzab çəkirəm. Hansı ki, heç buna dəyməz də. Zaman keçdikcə özümü insanların, hətta düşmənimin yerinə qoymağı bacarıram. Deyirəm ki, görəsən, onun yerində olsaydım, filan hadisədə necə davranardım?

Onlardan bəziləri var ki, mən açıb demək istəmirəm. Çünki istəmirəm başqaları bilsin.

- Bəs özünə ləzzət eləyən xasiyyətin hansıdır?

- İşdən yorulmuram, enerjiliyəm.

- Yaradıcı kişinin xanımı olmaq asan iş deyil. Bu mənada, xanımınıza çoxmu çəkdirmisiniz?

- Həyat yoldaşı sarıdan yarımışam. Həmişə məni başa düşüb.

- Deməyin ki, sizi səhnədəki tərəf müqabillərinizə, yaxud da, pərəstişkarlarınıza qısqanmayıb?

- Yox, nə gizlədim, olub. Amma cavanlıqda. İndi evə gecə saat 3-də də gəlsəm, problem yaranmır. Çünki bəzən məşqlər gecə yarısına qədər uzanır.

- Heç evinizə gizlin zənglər edib, xanımınızı sizin üstünüzə qaldıranlar olurdu?

- O qədər…Ən çox da televiziyada aparıcı olduğum dönəmlərdə. Canlı yayımda ola-ola arvadıma zəng ediblər ki, ərin qadınla görüşdədir. Yaxud da zəng edirdilər ki, ərin mənim yanımdadır, məni sevir, mənimlə görüşür. Təbii ki, evə gələndə söz-söhbət düşüb.

- Qapını çırpıb, atası evinə getməyib ki?

- Yeni qurulan ailə qısqanclıqdan xali olmur. Amma zaman-zaman qısqanclıq keçib getdi. Çünki xanımım başa düşdü ki, bütün bunlar ailəmizi dağıtmaq məqsədilə qurulmuş oyunlardır.

Yox, o həddə çatdırmamışıq. Çünki aramızda sevgi var. Sevgidən də ötə hörmət olmalıdır. Bizim aramızda bu hörmət həmişə olub. Aradan pərdəni qaldırmamışıq. Həm də mən atama söz vermişdim. Atam mənim aktyor, rejissor olmağımın əleyhinə idi və heç cür mənə razılıq vermirdi. Deyirdi ki, artistin arvad-uşağı olmur, həmişə səfil həyat yaşayır. Mən ona söz verdim ki, ata, mən bu sənəti seçsəm, ailəmi də qoruyacağam, sənətimi də. Ömrümün sonuna qədər də bu davam edəcək. Mən hesab edirəm ki, kişi ömründə bir dəfə evlənər. Bu da bir qismətdir ki, kişinin qarşısına onu xoşbəxt edə biləcək, onu anlayan, fədakar bir qadın çıxır. Mən belə kişilərdənəm. Bəlkə də ailəmdə belə uğurlu kişi olmasaydım, yaradıcılığımda belə uğurlara nail ola bilməzdim.

- Çox tərifləməyin, gözə gətirirsiniz. Özünüz sevib-seçib evlənmişdiniz, yoxsa?.

- Özüm sevmişdim.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm