“Mənim havamı çal, “Heyvagülü!” - VİDEO
Bizi izləyin

Magazin1

“Mənim havamı çal, “Heyvagülü!” - VİDEO

“Mənim havamı çal, Heyvagülü!” Milli kinomuzun ən gözəl nümunəsi olan “Qanun naminə” filmində Yoldaş Kamilovun qol qaldırıb oynadığı Azərbaycan milli rəqsini təsadüfən xatırlamadıq. Bu yazıda milli sərvətimiz olan rəqslərimizdən danışacağıq.

Yeri gəlmişkən, iyunun 12-də dünyada ilk dəfə olaraq Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimində də dünya dövlətlərinin bayraqları məhz milli rəqslərimiz olan “Azərbaycan” və “Cəngi”nin sədaları altında dalğalandırıldı.

Azərbaycan milli folklorunda xüsusi yer tutan xalq rəqsləri çox qədim tarixi köklərə malikdir. Bunu Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri də sübut edir. Çünkü, əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digər mili rəqslərimiz bu gün də məşhurdur.

Öz ifasında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi yeni çalarlarla zənginləşdirən ustad rəqqaslarımızdan biri olan Kamil Dadaşov ritminə görə Azərbaycan rəqslərinin 3 qrupa bölündüyünü deyib: “Rəqsin əsasını ritm təşkil edir. Ritminə görə ağır, aram , yüngül, şən, bir də şıdırğı rəqslər var. Məsələn “Mirzəyi”, “Turacı”, “Uzundərə”, “Nəlbəki” aramı, “Tərəkəmə”, “Ceyranı” yüngül, şən, “Qaytağı”, “Qazağı”, “Xançobanı” şıdırğı rəqslərdən sayılır. Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır. Onu da deyim ki, qadın və kişi rəqsləri bir-birindən daha çox hərəkətlərlə fərqlənir. Rəqsdə 42 kişi və 17 qadın hərəkətləri var: “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı”, “Qasma”, “Bəy əli”, “Yaşınma”. Bu hərəkətlərin hər biri də folklorumuza söykənir. Nənələrimiz həmişə böyüklərin yanında yaşınardılar, ağızları görünməzdi. Bu hərəkət özünü qadınların rəqslərində ifadə edir. Onu da deyim ki, qadın rəqslərində əl və qolların hərəkəti, incəlik, plastika daha çox önəm daşıyır. Amma kişi rəqsinin əsas əlaməti ayaqların hərəkətidir. Rəqqaslarımız tarixən milli rəqslərimizi ifa edərkən barmaqları üzərində dayanıb, dizlərini sürətlə yerə vurub ki, bu da özündə mərdlik, igidlik və güc ifadə edir. “Qazağı”, “Qaytağı”, “Xançobanı” “barmaqüstü” rəqslərdən sayılır. Azərbaycanda “barmaqüstü” oynayan rəqqaslardan birincisi mən olmuşam”.

Kamil Dadaşov xalq arasında kollektiv rəqslərin də olduğunu, bu zaman qadın və kişi rəqslərinin bir-birindən fərqlənmədiyni deyir:

“Kollektiv rəqslər birlik, bərabərlik nümayiş etdirir. Tarixən birliyi özündə əks etdirən ən qədim rəqsimiz “Yallı” rəqsidir. Onu da deyim ki, Naxçıvanın Şərur bölgəsindəki rəqs qruplarının ifa etdiyi “Yallı” lar öz orijinallığı ilə fərqlənib. Digər bir kollektiv rəqsimiz, keçmişdə bir qayda olaraq döyüşçülər tərəfindən ifa olunan “Cəngi”, “Köçəri” rəqsidir. Bu yaxınlarda ermənilər iddia etdilər ki, güya “Köçəri” onlara məxsusdur. Yalandır, “Köçəri” sırf Azərbaycan xalqına məxsus rəqsdir. Bu rəqslər insanda vətənpərvərlik hissini coşdurur, torpaq, vətən sevgisini alovlandırır”.

Rəqqas hesab edir ki, bu gün gənclərin milli vətənpərvərlik düyğusunu gücləndirmək, eləcə də rəqslərimizin unudulmaması üçün milli rəqslərin təbliğatını gücləndirməliyik:

“Biz gənclər arasında belə rəqslərimizi təbliğ etməliyik. “Cəngi”nin sədaları altında insana elə gəlir ki, bu saat Qarabağı düşməndən azad edə bilərik. Bax, musiqinin gücü budadır. İlk dəfə toylarımıza “Yallı”nı biz peşəkar rəqqaslar gətirdik. Məhz bizə baxıb gənclər el şənliklərində, xeyir işlərdə “Yallı” oynadılar. Fikir vermisinizsə, son vaxtlar bəzi gənclər öz toylarında mili rəqslərimizi ifa edirlər. Baxırsan cavan bəylə gəlin “Naz eləmə”, yaxud da “Uzundərə” oynayır. Çox gözəldir. Arzu edərdim ki, bu kütləvi hal alsın. Cavanlarımız bu rəqsləri ifa etməlidirlər ki, sabah-biri gün erməni, ya da bir başqa millət öz adına çıxmasın. Həmişə bizim gəlinlər ata ocağından “Vağzalı”, “Mirzeyi” rəqsi ilə çıxıblar, ər evinə bu havalarla daxil olublar. Amma bu gün şadlıq evlərində gəlinlə-bəy üçün əcnəbi musiqilər çalınır. Bizim nəsil gənclərə nümunə olmalıdır, öz milli dəyərlərimizi onlara sevdirməyi bacarmalıyıq. Bu rəqslər bizim milli sərvətimizdir, keçmişimizdir, tariximizdir”.

Kamil Dadaşov mili rəqslərimizin YUNESKO səviyyəsində tanınmasını arzulayır. Televiziyalarda muğam müsabiqələri kimi milli rəqs müsabiqələrinin də keçirilməsini, qızlarımızın, oğlanlarımızın milli rəqslərimizi öyrənmələrini tövsiyə edən rəqqas real vasitələrdən istifadə olunmasını vacib sayır: “Əvvəllər ali məktəblərdə tələbələrdən ibarət rəqs ansamblları fəaliyyət göstərirdi- Tibb Universitetində “Cinar”, Neft Akademiyasında mənim yaratdığım “Gənclik” rəqs ansamblı. Bütün dünyanı gəzirdik, həmin ansambl üçün qurduğum rəqsə görə SSRİ-nin vaxtında Lenin ordeni almışdıq. Sözümün canı budur ki, milli rəqslərə həvəs oyatmaq üçün bütün real vasitələrdən istifadə etməliyik. Vaxt vardı, muğam və aşıq musiqimiz də tənəzzülə uğramaqda idi. Amma Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım, mədəniyyətimizin hamisi Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində muğam və aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına salındı. Bu gün onun sayəsində muğamımız, aşıq musiqimiz inkişaf edir, səsi dünya ölkələrindən gəlir. İnanıram ki, milli rəqslərimiz də YUNESKO səviyyəsində tanınacaq və o zaman heç bir millət bizim rəqslərimizi öz adına çıxa bilməyəcək”.

Xalq artisti, Dövlət Mahnı və Rəqs Ansamblının solisti Təranə Muradova milli rəqslərimizin milli sərvət kimi qorunması üçün təbliğatın gücləndirilməsini vacib sayır.

Rəqqasə hesab edir ki, ilk növbədə efirdə milli rəqslərə xüsusi yer ayrılmalıdır: “Milli rəqslərimiz milli sərvətimizdir. Bu sərvəti qorumalı və gələcək nəsillərə ötürməliyik. Dövlət Mahnı və Rəqs Ansamblı dünyanın əksər ölkələrində çıxış edərək milli rəqslərimizi təbliğ edir. Bu, əladır. Ancaq öz ölkəmizdə də təbliğatı gücləndirməliyik. Telekanallar milli rəqslərin nümayişinə, təbliğinə həsr olunan verilişlər hazırlamalıdır. Folklorşünaslar, rəqqasələr dəvət edib, milli rəqslərimizin tarixi, ənənələri, əhəmiyyəti barədə danışılmalıdır. Sovet dövründə tez-tez rəqs ansambllarının çıxışları təqdim olunurdu, amma artıq bu ənənə də unudulub”.

Xalq artisti milli rəqslərin geniş təbliğatı üçün yeni kitabların da nəşr olunmasını vacib sayır. O hesab edir ki, milli rəqslər barədə kitablar yazılmalı, hər bir rəqsin adı, tarixi, quruluşu barədə məlumat verilməlidir:

“Orta məktəblərdə də milli rəqslərimiz təbliğ olunmalıdır. Bu yaxınlarda ermənilər “Köçəri” rəqsinə iddia etdi. Belə hadisələr tez-tez olub və bundan sonra da baş verəcək. Ona görə də, əlimizdə bir kitab olmalıdır ki, onlara dəlil-sübut göstərək. Çünki informasiya əsrində quru sözlə iş keçmir, ortaya dəlil-sübut çıxarmaq lazımdır”.

Rəqqasə hesab edir ki, gənclərin milli rəqslərə cəlb olunması üçün ilk növbədə bu rəqsləri onlara sevdirmək lazımdır:

“Milliliyi qoruyub saxlamaq məqsədi ilə, rəqslərimizi müasir çalarla tamaşaçıya sevdirmək lazımdır ki, onları cəlb edə bilək. Biz dünyanın əksər ölkələrində oluruq. “Nəlbəki”, “Naz eləmə”, “Qavalı” rəqslərini əcnəbilər elə heyranlıqla seyr edir ki, qürur hissi keçiririk. “Nəlbəki” rəqsini oynayanda gəlib əlimizə heyrətlə baxırlar. Bu rəqslər Azərbaycanda da təbliğ olunmalıdır. Azərbaycan milli rəqslərində olan süzmələr, sındırmalar, incəlik heç bir xalqda yoxdur. Hələ mən qadın rəqslərini deyirəm, kişi rəqslərinin özəlliklərini də saymaqla qurtaran deyil”.

Qeyd edək ki, milli rəqslərimizin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkünləşib. Bu işdə Bülbülün müstəsna xidmətləri olub.

Xalq artisti Səid Rüstəmov tərəfindən hazırlanan bu ilk toplu olan “Azərbaycan rəqs havaları” 1937-ci ildə nəşr edilən məcmuəyə 30 ən məşhur rəqs daxil edilib. Digər bir toplu 1951-ci ildə Azərbaycan Dövlət Musiqi nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən buraxılıb və “Azərbaycan xalq rəqsləri” adlanır.

Qeyd edək ki, xalqımızın folklor nümunələri “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” xüsusi Qanunla qorunur. Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəylinin Publika.az-a verdiyi məlumata görə, Qanunun 6.3-cü maddəsinə əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycanın hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədləri ilə istifadə etdikdə Müəllif Hüquqları Agentliyinin razılığını almalı və istifadəyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidirlər. Əks halda, sözügedən qurum məhkəməyə müraciət edə bilər. Onu da öyrəndik ki, folklor nümunələri yalnız ölkə daxilində təmənnasız istifadə oluna bilər.

Milli rəqslərimiz mili dəyərimizdir. Bu rəqslər milli kinomuzu da bəzəyir. “O olmasın bu olsun”, “Arşın mal alan”, “Əhməd haradadır”, “Görüş”, “Nəsimi”, Yeddi oğul istərəm”, “Babamın babasının babası” və digər milli filmlərimizdə nümayiş olunan rəqslər kino tarixində əbədi qalacaq.

Gəlin hamılıqla dəyərlərimizə sahib çıxaq. Sahib çıxaq ki, erməni “Heyvagülü”müzə, “Köçəri”mizə, “Nəlbəki”mizə, “Uzundərə”mizə qol qaldırıb oynamasın.

Gün o gün olsun, Qarabağda “Yallı” gedək, o gün uzaqda deyil.

Cəvahir Səlimqızı

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm