Arif Quliyev: “Efirə çılpaq çıxıb özümü biabır etməmişəm” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Arif Quliyev: “Efirə çılpaq çıxıb özümü biabır etməmişəm” – MÜSAHİBƏ/FOTOLAR

Bəzi həmkarlarından fərqli olaraq kommersiya filmlərinə çəkilməyi özünə ar bilmir. Xüsusən də gənclərin ərsəyə gətirdikləri komediya filmlərində tez-tez görünür. Hərçənd qonorarı o qədər də çox deyil, amma narazılıq da etmir.

Publika.az xalq artisti Arif Quliyevin müsahibəsini təqdim edir.

- Arif müəllim, son vaxtlar sizi gənclərin çəkdiyi komediya filmlərində görürük. Xalq artistinin qonorarı da, yəqin ki, fərqli olar?

- Aydın məsələdir ki, gənclərin çəkdiyi filmlər sponsor filmləridir və buna görə də çox vaxt büdcə o qədər də böyük olmur. Qonorara gəlincə, kimin nə qədər imkanı çatırsa, o qədər də aktyorlara qonorar ödəyir.

- Sirr deyilsə, bu günlərdə premyerası keçirilən Şahin Zəkizadənin ekranlaşdırdığı “100 kağız” filmində qonorarınız nə qədər idi?

- 500 manat verdilər.

- Qane etdi sizi?

- Bəli. Filmə cəmi bir gün çəkilmişəm. İndi durub deyə bilmərəm ki, mən Arif Quliyevəm, xalq artistiyəm, mənim çəkiliş günümə 3-5 min manat verilməlidir. Belə şeylər xaricdə ola bilər. Biz Hollivud ulduzları deyilik ki, qlamur həyatımız olsun, pula pul deməyək, rejissora qiymət oxuyaq. Azərbaycanda sponsor hesabına çəkilən filmlərin aqibəti hər kəsə bəllidir. Çox vaxt filmlər dostluğa-tanışlığa ekranlaşdırılır. Bizim də köməyimiz bu olur ki, verilən məbləğə razılaşıb, filmə çəkilirik.

- Gənclər çoxmu dəvət edir sizi filmlərə?

- Son vaxtlar bir neçə filmə çəkilmişəm. Bu yaxınlarda Ramiz Abdullayevin “Biznesmen” filmində rol aldım. Möhsün Əşrəfoğlunun ssenarisi əsasında çəkilən “Aferist nömrə bir” filmində çəkildim.

- Arif müəllim, kommersiya filmləri içərisində ən çox qonorar aldığınız film hansı olub?

- “Aferist nömrə bir” filmində oynadığım rola görə 2000 manat verdilər. Yarısını almışam, yarısını da verəcəklər.

- Gənclərin ekranlaşdırdığı filmlər birmənalı qarşılanmır. Bəzi sənətkarlar həmin filmlərdəki zarafatların etik normaları aşdığını düşünür. Sizin bu buna münasibətinizi bilmək maraqlı olardı.

- Zarafat yerinə düşəndə gülməli və maraqlı olur. Bəzən bu hədd aşılır. Güldürmək o demək deyil ki, şit və qurşaqdan aşağı zarafatlarla insanlarda ikrah hissi oyadasan. Filmdə elə zarafatlar olmalıdır ki, insanlar ailəlikcə gəlib kinoteatrda həmin filmi izləyə bilsin. Bəzən hansısa filmə baxmağa adam özü utanır. Məncə, güldürmək üçün istifadə olunan zarafatlar o şəkildə təqdim olunmalıdır ki, əndazəni aşmasın.

- Maraqlıdır, sizin çəkildiyiniz filmlərdə heç belə zarafatlar olmayıb?

- Olub e, amma biədəb şəkildə nəyisə təqdim etməmişik. Adicə "əclaf" sözünü belə işlətməyi özümüzə eyib saymışıq, utanmışıq söyüş işlətməyə.

- Hansısa filmdə qeyri-etik ifadəyə görə heç aktyoru, ya rejissoru məzəmmət etmisiniz?

- Yox, heç vaxt kiminsə xətrinə dəymək istəməmişəm. Çünki indiki cavanlar bunu yaxşı qəbul etmir. Mən özüm tənqidi çox xoşlayıram. Zamanında məni də tənqid ediblər, nəticə çıxara-çıxara gəlib bu səviyyəyə çatmışam. Amma indi kimisə tənqid etməyi heç ağlımdan da keçirmirəm.

- Maraqlıdır, hansı hərəkətinizə görə sizi tənqid ediblər?

- Dəfələrlə olub ki, səhnədə roluma uyğun olaraq yıxılmışam. Mənə bunu irad tutublar. Özü də öz həmkarlarım mənə irad tutublar. Əslində burda irad tutulası bir şey də olmayıb. Yıxılmışam, amma soyunub səhnəyə, ya da efirə çılpaq çıxmamışam, özümü biabır etməmişəm ki… Baxıram ki, indiki cavanların filmlərinə, elə şeylər olur, adam xəcalət çəkir. Bununla belə onlara güldən ağır söz də deyən olmur. Heç deyə bilmirlər, çünki cavanlara söz də demək olmur. Əslində burda pis heç nə yoxdur e, sənin səhvini deyirlər ki, ikinci dəfə onu təkrarlamayasan. Bəzən ürəyimdən keçir ki, hansısa aktyora irad yox, münasibətimi bildirim, səhvini başa salım. Amma demək də olmur, bunu paxıllıq kimi qəbul edirlər. Buna görə də məcbur olub, susuram. Danışırsan olursan pis. Elə ondansa danışma, ol yaxşı adam. Həm də aktyorları qınamalı da deyil. Onlar da istəyir ki, filmləri qazanc gətirsin, gəlib baxsınlar. Bilirsinizmi, insanların maraq dairəsi, zövqü də dəyişib. Bayağı, şit zarafatlardan daha çox xoşlanırlar. Filmdə söyüş, zarafat eşidən kimi zal canlanır. Ciddi bir filmə maraq göstərmirlər. Gənclər də bu zövqü nəzərə alıb, məcburdurlar ki, filmlərində belə zarafatlara yer versinlər. Sponsor hesabına çəkilən film də axı gəlir gətirməlidir. Kinoteatra gələn adamların əksəriyyəti də belə zarafatlara görə gəlib filmə baxır. Elə efir də belədir də. Qalmaqal olmasa, o verilişin reytinqi olmur. Məsələ burasındadır ki, insanlar tənqid edir, amma yenə də tənqid etdikləri o verilişlərə hərisliklə baxır. Hamı şou, qalmaqal, dedi-qodu üçün əldən gedir. Ciddi musiqini dinləyən yoxdur, açıq-saçıq geyinən müğənniləri dinləyirlər. Dövr dəyişib e, zövqlər bayağılaşıb.

- Aktyor yaxşı pul qazanmalıdır ki, yaxşı da geyinib-gecinsin. Baxıram, şıq geyinmisiniz, kostyumunuzun da gözəl rəngi var. Yəqin ki, qiyməti də az olmaz…

- Hə, bu kostyumu mənə bağışlayıblar. Çox bahalıdır. Bir oğlan maşınla yanımdan keçirdi, saxladı və mənə dedi ki, Arif müəllim, mən sizə qəşəng bir kostyum hədiyyə etmək istəyirəm. Nəsə əynimdəki kostyumu mənə yaraşdırmamışdı. Sonra da əlavə etdi ki, bəs mənim tikdiyim kostyumları televiziya aparıcıları geyinir, istəyirəm birini də sizə bağışlayım. Getdik və mənə bu əynimdəkini hədiyyə etdi. Mən də qəbul elədim.

- Bahalı hədiyyələriniz çox olub?

- Yox, bu sarıdan heç yarımamışam. Bu kostyum da bir iş idi, mənə hədiyyə olundu. Mənim ən böyük hədiyyəm xalqın sevgisidir. Elə bu sevgiyə görə də xalq artisti adını almışam, Prezident təqaüdçüsüyəm. Arada rollara çəkilirəm, azdan-çoxdan pul qazanıram.

- Uzun illər idi ki, “QAZ 31” markalı avtomobil sürürdünüz. Maşını dəyişməmisiniz ki?

- Onu satdım, yenisini aldım. Maşınım kreditdədir. Az-az verirəm.

- Toylara gedirsiniz?

- Əlbəttə, gedirəm, dolanışıq xalqdandır.

- Toyda heç başınıza maraqlı əhvalatlar gəlib?

- Bir dəfə toyda tamadaydım, işimi qurtarandan sonra gəldim ki, sürücünü götürüm, gedək evə. Gördüm sürücünün qanı bərk qaradır. Soruşdum ki, noolub? Dedi ki, bəs bir nəfər telefonumu aldı ki, Arif müəllimin şəklini çəkim, qaytaracam, indi nə qədər axtarıram, həmin adamı tapa bilmirəm. Dedim, ay axmaq, Arifin şəklini çəkən elə öz telefonu ilə çəkər də, sənin telefonunla niyə çəkir ki? Telefonu tapa bilmədik. Həmin adam sürücümün telefonunu oğurlayıb aradan çıxmışdı. Amma öz başıma hələ ki, toylarda bir xoşagəlməz hadisə gəlməyib. Arada içən, sərxoş olan adamlar gəlib nəsə sifariş edir. Amma onda da müğənnilərə ilişirlər (gülür).

- Mənə çox maraqlıdır, necə bir rolda çəkilmək istərdiniz?

- Hansı rol olursa-olsun, mənim üçün fərqi yoxdur. Aktyor üçün əsas odur ki, boş dayanmasın, filmə çəkilsin, tamaşada oynasın. Bəzən xalq artistlərini qınayırlar ki, buna bax e, gedib seriala, yaxud da gənclərin filmlərinə çəkilir. Əslində bu, düzgün deyil. Nolsun xalq artisti olanda, o da boşluqdan bezir axı. Aktyor o vaxt özünü xoşbəxt sayır ki, filmə çəkilir, səhnədə oynayır. Yaradıcı adamlar çox həssas olur, diqqətdən kənarda qalanda pisikir, ruhdan düşür. Sağ olsun, cavanları ki, bizi unutmur.. Qonorar az da olar, çox da olar. Bu rolu bəyənməyim, o rola bir “mız” qoyum, gedim oturum evdə, onda da aktyor məhv olub gedəcək. Sudan çıxarılan balıq necədirsə, aktyor da elədir. Oynamasa, öləcək.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm