Kamilə: “Çılğınlığım ərimin daha çox xoşuna gəlir”-FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Kamilə: “Çılğınlığım ərimin daha çox xoşuna gəlir”-FOTOLAR/MÜSAHİBƏ

Həmsöhbətim tanınmış teleaparıcı Kamilə Babayevadır.

Ailə həyatı qurub, ana olduqdan sonra efirlərdən bir qədər uzaq düşən Kamilə yenidən tədbirlərdə görünməyə başlayıb. Onu da deyim ki, dünyaya uşaq gətirəndən sonra bir qədər kökələn cazibədar aparıcı yenidən əvvəlki halına qayıdıb.

Publika.az-a müsahibə verən Kamilə buna necə nail olmasından, eyni zamanda ailəsindən, uşağından danışıb.

- Kamilə, xeyli arıqlamısan, buna pəhriz vasitəsi ilə nail olmusan, yoxsa?

- Mənim pəhrizlə o qədər də dostluğum yoxdur. Yeyirəm, amma çalışıram qədərini keçməyim. Təbii ki, genetik amillər də burda rol oynayır. Bir müddət öncə, hədsiz dərəcədə kökəlmişdim. Hətta inanmazdım ki, yenidən əvvəlki görünüşümə qayıda bilərəm. Amma qayıtdım, buna görə genetikama borcluyam. Bir də təbii ki, nəfsi də gərək qoruyasan. Düşünürəm ki, hər bir şeydə nəfsi qorumalısan, o cümlədən də yeməkdə.

- Adətən belə deyirlər ki, cazibədar qadınların kompleksləri olmur. Maraqlıdır, sənin komplekslərin varmı?

- Yox, yox, mənim komplekslərim var. Bax elə, bir qədər öncə tədbirdə aparıcılıq edəndə həyəcan hissi keçirdim. Demirəm bu kompleksdir, amma hər tədbirdən öncə məndə belə hallar olur. Dövlət tədbirlərində bu həyəcan birə beş artır. Özümü balaca qız kimi hiss edirəm, mənə elə gəlir ki, səhnəyə birinci dəfədir çıxıram.

- Səncə, sənə gözəllik verən nədir?

- Hesab edirəm ki, ruhumdur.

- Mən xarici görünüşünü nəzərdə tuturam. Vücudunda sənə yaraşıq verən nədir?

- Nə bilim vallah, elə də gözəl deyiləm axı, bir növ dəcəlliyim, şıltaqlığım var. Uşaq kimiyəm.

- Evdə də dəcəlliyin tutur?

- Artıq evdə bir dəcəlimiz var, o məni üstələyib keçib. Mən istər-istəməz ikinci plana keçmişəm.

- Yeri gəlmişkən, necə anasan? Uşağına yetərincə diqqət və vaxt ayıra bilirsənmi?

- Mən uşağa hədsiz dərəcədə çox vaxt ayırıram. Onu da deyim ki, mən balam üçün daha çox əyləncə amiliyəm. O məni görən kimi sevinməyə başlayır. Mən onunla müxtəlif oyunlar oynayıram, əylənirəm. Onu istədiyim qədər güldürürəm. O anlarda heç bir kompleksim olmur. Uşağımın güldüyü şeylərə mən də gülürəm.

- Atasından daha çox çəkinir, yoxsa səndən?

- Çox qəribə bir təzad var. Onunla ən çox əylənən də mənəm. Amma onun elə ən çox çəkindiyi adam da mənəm. Mən ona hədsiz dərəcədə sərbəstlik verirəm, əylənirəm, istədiyini edirəm, amma buna baxmayaraq məndən çəkinir. Yaş yarımlıq uşaqdır, amma bir baxışımla özünü yığışdırır. O saat başa düşür və fikirləşir ki, hə, artıq anam əsəbiləşdi.

- Təbii ki, söz-söhbətsiz ailə olmur. Müəyyən mübahisələr olanda, evdə daha çox kim güzəştə gedir-həyat yoldaşın, yoxsa, sən?

- Hər ikimiz. O mənim dəcəlliyimə, şıltaqlığıma dözür. Bizim ev şəhərdən kənarda yerləşir, onun işə gedib çatmağı hardasa saat yarım çəkir. Bunun nəzərə alıram, fikirləşirəm ki, yol yorğunluğu-filan, sinirləri yerində olmaya bilər. Əvvəlki ərköyünlüyümün çoxunu qatlayıb bir tərəfə qoymuşam.

- Həyat yoldaşında ən çox dəyər verdiyin xüsusiyyət hansıdır?

- Çox alicənab insandır. İndiki dövr üçün çox nadir olan alicənablıq hissi onda var.

- Bəs sənin hansı xüsusiyyətin onu daha çox valeh edir?

- O özü çox sakit təbiətli insandır. Mənə elə gəlir ki, boynuna almasa da, mənim çılğınlığım həyat yoldaşımın daha çox xoşuna gəlir. Hər halda, bu xüsusiyyətim ona daha maraqlı gəlir.

- Qısqancsan?

- Yox.

- Heç telefonunu qurdalamırsan?

- Yox, bizdə elə şeylər olmur, heç kim heç kimin telefonunda eşələnmir. Mənim üçün bu, ayıb işdir. Hətta dostlarımızla da beləyəm. Mənim 20 illik rəfiqələrim var ki, bizə nəsə lazım olanda əlimizi atıb çantadan götürmürük. Hər halda, bu, onun şəxsi əşyasıdır. Bəlkə onun çantasında elə bir əşyası var ki, mən onu görməməliyəm. Burnumu niyə hər yerə soxum ki…

- Bəs deyirlər, sevən insan həm də qısqanmalıdır…

- Vaxtında mən də qısqanmışam, amma indi artıq qısqanmaqdan keçib.

- Səncə, qadın kişini yalnız gözəlliyi ilə yanında saxlaya bilər?

- Yalnız zahiri gözəllik şərt deyil. Bəzən elə yaraşıqlı bir kişi gözəl olmayan bir qadını sevir. Demək ki, o qadının daxilində nəsə var ki, o kişini özünə cəlb edə bilib.

- Evdən çıxanda hansı əşyan mütləq yanında olmalıdır, olmasa, geri qayıda bilərsən?

- Son vaxtlar heç nə. Əvvəllər ən xırda detallar belə mənim üçün çox böyük əhəmiyyət daşıyırdı. Amma son vaxtlar belə deyiləm. Düşünürəm ki, həyat çox qısadır, həyatı doya-doya yaşamaq lazımdır. Bu gün evdən çıxanda elə bildim paltarımda xırda problem var, dedilər qayıdaq evə dəyiş, dedim, əşi yox e, kimdir bir də evə qayıdan.

- Fobiyan varmı?

- Hündürlükdən çox qorxuram.

Cəvahir

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm