Niyam Salami: “Problem sponsordadır. Qadın müğənnisi ilə...”- MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Niyam Salami: “Problem sponsordadır. Qadın müğənnisi ilə...”- MÜSAHİBƏ

Son günlər müğənni Niyam Salaminin adını tez-tez eşidirik. İfaçının verilişinin ləngiməsi, ATV telekanalı ilə bağlı verdiyi qalmaqallı açıqlama onu gündəmdən düşməyə qoymur. Bu və digər məsələlər ilə bağlı Publika.az müğənnidən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik.

- ATV-də veriliş aparmalı idiniz. Necə oldu verilişin aqibəti?

- Veriliş aparmaq mənim təşəbbüsüm deyildi. Bunun üçün dostlarım təşəbbüs göstərmişdi, mən də razılıq verdim. Verilişin aqibətinə isə bir çox şey təsir etdi. Arada çox söz-söhbətlər oldu.

- Nə söz-söhbət? Nə baş verdi ki?

- Pavilyon üçün 20 minə yaxın pul xərclənməli idi. Təklif etdim ki, bu qədər pulu pavilyona xərcləməkdənsə, gəlin onu evdə çəkək. Mənim evim pavilyon kimi bir şeydir. Əvvəlcə evimdə təmir işlərinin getməsi səbəbindən işlər yubandı. Sonra sponsor məqamına çatanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi bir qədər çətinlik yaratdı. Axırda da telekanallar arasında problem yarandı.

- Problemi siz yaratdınız?

- Mən yaratmadım. İş elə gətirdi ki, layihəni ANS kanalına təqdim etməli oldum. Səhv anlamayın, mən ANS kanalında tanınmışam. Bunu danmaq olmaz. Hər kəs bilir ki, mən rəhmətlik Gülşən Qurbanova ilə mətbəx verilişi aparmışam. Amma yenə də problemlər yaşayıram. Çünki kanallar arasında müharibə gedir.

- Kanallar arasındakı müharibənin sizə nə təsiri var?

- Mən də onu deyirəm. Mən necə qadağaya düşə bilərəm? Ümumiyyətlə, bizdə bu cür məntiqsiz hallar tez-tez baş verir. 4-5 kanalımız var. Birində çıxanda o birisində qara siyahıya salırlar. Ya da bir siyahı təqdim edirlər ki, verilişdə filankəslər olmasın. Belə siyahı ilə necə veriliş aparasan? Əlimizə bir siyahı verirlər ki, ilk verilişə filankəsləri çəkməlisən. Məsələn, aşıq filankəs ilə... Belə olmur! Mən yaradıcı insanam.

- İndi ATV sizə qadağa qoyub?

- Bəli, “Maşın şou”da iştirak etdiyimə görə digər kanallar mənə qadağa qoyub. Halbuki Murad Dadaşov bizə “Bu, mənim şoumdur. Burada belə söhbət ola bilməz.”, - demişdi. Amma belə söhbətlər yarandı. Hazırda mən ATV-də yoxam.

- Yayda konsert vermək fikriniz var?

- Hazırlaşıram. Ancaq düşündüm ki, əvvəlcə verilişimi hazırlayım, tamaşaçılarıma özümü daha yaxşı təqdim edim. Avropa Oyunları və dolların məzənnəsinin dəyişməsi bir qədər işləri ləngidir. Durub ayağa bir iş görmək istəmirəm ki, uğursuzluğa səbəb olar. Samir Xəttab da bu yaxınlarda mənə restoran konsertinin təşkilini təklif edib. Bu konsertdə ancaq türk mahnıları ifa olunacaq. Hazırda Xəttabla danışıqlar gedir. Mən isə restoran konsertlərinə heç vaxt üz tutmaq istəməmişəm. Amma Türkiyə təcrübəsindən də məlumdur ki, əksər müğənnilər elə restoranlarda konsertlər verir. Mən çıxdığım səhnədən qonorarımı almaq istəyirəm. Çünki məhz həmin qonorara görə hərəkət edirəm. Rəqqaslarımı həmin pulla hazırlayıram. Konsertimi öz üslubumda qurmaq istəyirəm.

- Konsertlə bağlı nə düşünürsünüz, çətindir?

- Etiraf edim ki, kişi müğənniyə konsert vermək çox çətindir.

- Nə çətinlik var ki?

- Sizə açıq deyəcəm... Problem sponsordadır. Qadın müğənnisi ilə razılaşırlar.

- Sizdən nə tələb edirlər ki?

- Bilmirəm. Bilmirəm bunun xəstəliyi nədədir? Sponsor adımı eşidir, razılıq verir. Amma sabah görürsən ki, yoxdur. Niyəsini də bilmirəm. Bilsəm, deyərəm. Mən açıq danışan insanam. Əvvəlcə deyir ki, Niyamın səsini eşidək, sonra razılıq verək. Səsimi eşidirlər, bəyəndiklərini deyib razılıq verirlər. Sonra da görürsən ki, yoxdurlar. Bəlkə də günah məndədir. Mən ağzımda söz saxlamıram. Bunu da bəlkə eşidirlər və nəticədə işlərimiz alınmır...

- Mahnı seçərkən nəyə üstünlük verirsiniz?

- İlk növbədə onun ritminə və sözünə. Təbii ki, aranjeman da önəmlidir. Məndə hər şey tam olmalıdır.

- Amma, nədənsə, türk mahnılarına daha çox üstünlük verirsiniz...

- Bu tamaşaçıdan asılıdır. Bunu tamaşaçı tələb edir. Mən özüm üçün oxumuram ki. Məsələn, “Güm-güm” mahnısını ifa etdim. Mənə dedilər bu sənin janrın, sənin üslubun deyil. Razılaşmadım. Yetər ki, mahnını sevəsən. İstəsən, alınacaq. Aranjemanını və ritmini dəyişdim və məndə alındı. Daha sonra İbrahim Tatlısesin oğlunun repertuarına müraciət etdim. Həmin mahnını sözlərinə görə seçdim. Söhbət “Yanğın”dan gedirdi. Həmin vaxt da Bakıda bina yandı. Mahnını da bir növ onların xatirəsinə həsr etdim. Ürəyimdən tikanı çıxartdım. Bir dəstə gül alıb binanın qarşısına qoymaqla ürəyim sakitləşməyəcəkdi. Ya da bəzi müğənnilər kimi binanın qarşısında şəkil çəkdirib “İnstagram”a yükləməklə sakit ola bilməzdim. Ürəyimdən mən onu ancaq hisslərimlə çıxarda bilərəm. Hissiyatımı isə mahnı ilə çıxardım.

- Duet ifa etməyə deyəsən maraqlı biri deyilsiniz..

- Duetlər də olacaq. Mətanət İsgəndərli ilə duet ifa etməli idik. İntəhası elə oldu ki, küsdüm ondan. Ancaq sonradan qadın olduğuna görə onunla barışdım. Nailə Mirməmmədlinin oğlunun toyunda özü mənə yaxınlaşdı. Hərəkətlərinə aydınlıq gətirib dedi: “sən bilmirsən mənim nə kimi problemlərim var. Bu səbəbdən mən sənə zəng edə bilmirəm”. Həmçinin məndən xahiş etdi ki, o mahnını məndən başqa heç kəslə oxuma”. Barışdıq. Odur ki, bir mahnını Mətanət İsgəndərli ilə birgə oxuyacağıq. Həmin mahnının müəllifi isə Nailə Mirməmmədlidir. Səidə Sultanla isə özbək müğənnisinin mahnısını ifa etmişik. Mahnı hələ heç yerdə ifa olunmayıb.

- Niyə ifa olunmuş mahnı oxudunuz?

- Əsas da elə budur da. Bəlkə irad tuta bilərsiniz ki, öz unudulmuş mahnılarımız dura-dura başqa ölkələrin mahnısına niyə müraciət edirik.

- Öz sualınıza özünüz cavab verin o zaman.

- Unudulmuş mahnılardan da var. Rəşid Behbudovun elə mahnısını hazırlayıram ki... Onu solo ifa edəcəyəm. Mən Co Dassendən, Alla Puqaçovadan da mahnı ifa edəcəyəm. Bunların hamısı mənim siyahımda var. Deyirəm və edirəm. Amma bunlara pul lazımdır.

- Nə qədər pul lazımdır?

- Təqribən 15-20 min manat pul lazımdır. Mən isə evimi təmir etdirirəm. Qəza keçirdim. Hazırda avtomobilim yoxdur.

- Yeri gəlmişkən, bu hadisə necə baş verdi?

- İdarəetməni itirdim. Avtomobilin təkərin partladı. Başqa maşınlara, piyadalara çırpmaqdansa, özüm yoldan çıxmalı oldum. Təbii ki, bir seçim etməliydim. Ya başqalarına xəsarət dəyəcəkdi, ya da özümə. Maşını sağa çəkib dərəyə sürdüm. Özüm hər şeyə hazır idim, təki heç kəsə heç nə olmasın.

- Avtomobiliniz sığortalı idi?

- Bəli. Sığorta şirkəti də işini gördü. Onlara təşəkkür edirəm. Eyni zamanda Aygün Kazımova və Anar Ağakişiyevə minnətdaram.

- Onlara niyə minnətdarsınız?

- Gözlədiyim dostlar hadisə yerinə gəlib çıxmadılar. Aygün xanımı isə yoldan geri qaytarmışam. Dedim, ayıbdır gəlmə bura. maz sizə bura gəlmək. Amma onun ürəyinə baxın. Səhərə yaxın gəlib məni gördü. Anar Ağakişiyev isə heç bilmirəm haradan Dövlət Yol Polisinə zəng etmişdi. Amma yanımda görmək istədiyim elə dostlarım vardı ki, heç birini tapmadım.

- Küsülü olduğunuz Röya ilə münasibətiniz nə yerdədir?

- Röya ilə danışmasam da, yenə mənim dostumdur. Mən atam ilə 10 gün danışmamışam. Bir evdə yaşaya-yaşaya. Röya da mənim öz azərbaycanlımdır. Onunla duz-çörək kəsmişəm. Su gələn arxa bir də gələr. Mən Röyanın dostu olanda da Aygün xanımla salam-sağolum olub. Kim-kiminlə danışmırsa, bunun mənə aiddiyatı yoxdur. Mənimlə xasiyyətimə görə dost olurlar. Normal xasiyyətim olduğu üçün xanım müğənnilər mənimlə dostluq etmək istəyir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm