Elnarə Xəlilova: “Çox geri qalmışam, üzr istəyirəm” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Elnarə Xəlilova: “Çox geri qalmışam, üzr istəyirəm” - MÜSAHİBƏ/FOTOLAR

Özünü sənətdə məktəb, dəb dünyasında ikona hesab edir. Ancaq xarakterindəki zəif cəhətlərini də gizlətmir. Özünü “çox tez-tez danışan, səbirsiz və cırtqozam”, - deyə xarakterizə edir. Söhbət bu yaya konsert yox, hit olacaq mahnı vəd edən Elnarə Xəlilovadan gedir.

Səhnəmizin xoş simalı, gülərüzlü Elnarəsi Publika.az-ın qonağıdır.

- Yay ayında bir çox həmkarlarınız konsertə hazırlaşır...

- (sözümü kəsərək) Allah mənə də qismət etsin. Mənə konsert verməyim üçün hələ təklif gəlməyib. Azərbaycanda, sözün həqiqi mənasında, konsert təşkilatçılığı ilə məşğul olan şəxslərdən, qurum və təşkilatlardan təklif gözləyirəm. Bu bir faktdır ki, müğənnilərimiz konserti öz vəsaiti hesabına edirlər. Bunun da üzü astarından baha olur.

- Son konsertiniz nə vaxt olub? Mən klub konsertini nəzərdə tutmuram.

- Elə bu ilin mart ayında TRT telekanalında Embe orkestri ilə möhtəşəm konsertim baş tutub.

- Mən tamaşaçıların bilet alıb gəldiyi konserti nəzərdə tuturam.

- (Fikirləşir) Yadıma gəlmir. Son dəfə 17 minlik tamaşaçı ilə Sankt-Peterburq şəhərində olub. Məşhur “Ledoviy” sarayda səhnəyə çıxmışam. Bilet alıblar, ya yox, bilmirəm. Amma yəqin ki, konsert biletlə olub. Çünki mən gedəndə qonorarımı alıb getmişdim. Biletin satılıb-satılmaması mənlik deyildi. Bu konsertim 3 il əvvəl olub.

- Bəs, özünüz nə üçün bilet alırsınız? Bildiyimə görə, tez-tez teatra gedirsiniz. Tamaşalara dəvət alırsınız, yoxsa marağınız var deyə bilet alıb baxırsınız?

- Hər ikisi də olur. “Mənim günahım” tamaşasının premyerasına xalq artisti Məleykə xanım özü dəvət etmişdi. Biz hamımız bir camiyənin adamlarıyıq. Yəni həmkar sayılırıq. Eyni şəkildə həyəcanlanırıq, duyğulanırıq.

- Yəni, teatrdan ağlayıb da çıxırsız?

- Hə... Ağlayib da, gülüb də çıxa bilərəm. Tamaşalarda belə anlar çox olub. Əvvəllər Konservatoriyada müəllimim olan xalq artisti Polad Poladovun tamaşalarında iştirak etmişəm. Böyük zövq almışam. “Şah Qacar”tamaşasında Fuad Poladovun, Nurəddin Mehdixanlının oyunu əvəzolunmazdır. Yeri gəlmişkən, qeyd edim ki, AzDramada “Qatil” kimi tamaşa yoxdur. Cəmi 4 aktyorun iştirakı ilə görün nə boyda iş ortaya qoyulub. Bundan başqa,sizə bir sirr açım. Bütün tamaşalara xüsusi keçid kartım var. O da Ümidədir (Ümidə Həsənli – jurnalist, müğənninin mətbuat katibidir- red.). Uşaqlıqda məni teatra anam –atam aparıb. Populyarlaşandan sonra kompleks yaşayırdım. Məşhur olandan bəri tamaşalara getmirdim. Fikirləşirdim ki, görəsən sağımda-solumda kim oturacaq. Bu kompleksimi yenməkdə mənə Ümidənin çox böyük köməyi oldu. Tamaşalara getmək mədəniyyətini o mənə aşıladı. Yoxsa özümdə cürət tapa bilmirdim. Ümidə məni cürətləndirdi. Bir etiraf edim ki, teatra getmək xəstəlikdir. Və mən artıq bu xəstəliyə yoluxmuşam. Bütün maraqlı tamaşalara baxmışam. Premyeralarda iştirak edirəm.

- Yay aylarında tamaşaçı üçün nə hazırlayırsınız?

- Bir müğənni kimi yay aylarında istirahət etmək istəyirəm. İstirahət edərkən məni dinləyənlərüçün isə sürprizim olacaq. Tezliklə hitə çevriləcək bir duetim işıq üzü görəcək. Bircə onu deyə bilərəm ki, bu duet yayınhiti olacaq. Çox ritmik bir duetdir. Adını açıqlamaq istəmirəm.

- Duet ortağınız da yəqin ki, ya reper olacaq ya da meyxanaçı...

- (Gülür) Yox, nə meyxanaçıdır, nə də reper. Tamam başqa bir şey olacaq. Fikirləşməyin, tapa da bilməyəcəksiniz.

- Əgər hər kəs biləcəksə, elə eksklüziv xəbəri bizə deyin.

- DJ Kənan ilə işbirliyinin nəticəsi olaraq yeni bir ideyareallaşdıracağıq. Hamı bu mahnı ilə rəqs edəcək.

- Yay aylarını necə istirahət edəcəksiniz?

- İnşallah, əgər yoldaşım məzuniyyət götürə bilsə, Lənkəranda bağ evimiz var. Orada istirahət edəcəyik. Atam artıq bir aydır ki, oradadır. Zəng etməkdən yorulub ki, götürün uşaqları da gəlin. Qayınım da Qusarda yaşayır. Ora da gedə bilərəm. Yəni, gedə biləcəyim yerlər çoxdur. Bilirsiniz ki, Rövşən hərbiçidir. O məzuniyyət götürsə, istirahətə yer tapılacaq.

- Digər həmkarlarınızdan fərqli olaraq səhər, günorta, axşam efirdə görünmürsünüz. Bu nə ilə bağlıdır?

- Efirlərdə görünməmək söhbəti mənim ən yaralı yerimdir. Mən bu barədə sosial şəbəkədə açıq məktub yazmışdım. Həmin fikirlərimi bütün saytlar dərc etdi. Həmin yazı Milli Teleradio Şurasına məktub formasını belə aldı. Bu dövlətin vətəndaşı kimi düşünürəm ki, normal efir ummağa, mənim haqqım var.

- Yazdığınız məktuba reaksiya verildi?

- Milli Teleradio Şurası 3 aydan bir hesabat təqdim edir. Bu da bütün saytlarda çap olunur. Mənim yazdığım açıq məktub ilə onların təqdim etdiyi hesabatın arası 3 gün çəkmədi. Düzdür, şəxsən mənə ünvanlanmamışdı, ancaq monitorinqlədən biri mənim məktubuma cavab sayıla bilər. Mən desəm də, deməsəm də onlar bu monitorinqləri keçirirlər. Demək ki, məndən başqa görənlər də var. Onların fikri ilə mənim fikrim üst-üstə düşmüşdü. Demək ki, mənim başım hələ xarab olmayıb.

- “Normal efir” umduğunuzu dediniz. Normal efir necə olur?

- Təhqirsiz, söyüşsüz, qalmaqalsız, striptizsiz efir nəzərdə tuturam. 1956-cı ildən televiziyanı necə görmüşük? Rafiq Haşimovu, Nərgiz Cəlilovanı və digər diktorlarımızı necə görmüşük? Onları Azərbaycan ədəbi dilində danışan görmüşük. “Günün ekranı” verilişi indiyədək gözümün qabağındadır. Çünki o verilişlərin standartı var idi. Amma indiki verilişlər mövsümi xarakter daşıyır. 6 aydan bir verilişin adı və dekorasiyası dəyişir. Aparıcı isə qalır. Yenə də eyni mövzular, eyni qonaqlar və eyni auditoriya... Verilişə gələn qonaqları biz artıq əzbər tanıyırıq. Bu nə dərəcədə düzgündür? Eyni xarakterli, eyni ranqlı, sadəcə adı fərqlənən verilişlərə çıxmağımın mənası nədir? 10 verilişin 10-u da eyni şeydir. Həmin 10 verilişdən birini seçirəm və ən yaxşısına çıxıram. Amma bu o demək deyil ki, mən verilişlərə çıxmıram. Deməzdim ki, səviyyəmə uyğun verilişlərə çıxıram. “Səviyyə” sözündən artıq əsər-əlamət qalmayıb. Mən o sözün xətrinə dəymək istəmirəm. Mənə yaraşan verilişlərə gedirəm. “Space” telekanalının səhər, AzTV, İTV telekanallarının, demək olar ki, bütün verilişlərinə, özəlliklə də səhər verilişlərinə böyük məmnuniyyətlə gedirəm. Çünki həmin verilişlərdə mən özümü ifaçı kimi hiss edirəm. Böyük pavilyon, gözəl dekorasiya, ən önəmlisi isə ağız deyəni qulaq eşidir. Qonağı təhqir etmirlər. Tənqid olar. Mən də tənqidçiyəm və tənqidi sevirəm. Təhqir isə başqa şeydir. Uzun illər veriliş aparıcısı olmuşam. Bir adam deyə bilməz ki, Elnarə mənə efidə güldən ağır söz deyib. Verilişimdə qalmaqal da olub, gərginlik də... Verilişin aylarla müzakirə olunduğu vaxtlar da olub. Həmin vaxtlarda da imkan verməmişəm ki, kiməsə artıq söz deyilsin, kiminsə qəlbi qırılsın, kimsə incidilsin. İndi qəlb qırmaq nədir, incidilmək nədir? İndi efirdə qonağın üzünə tüpürürlər. Təsəvvür edirsiniz? Canlı efirdə qonağın üzünə tüpürürlər! Ola bilsin, mən çox geri qalmışam. Əgər belədirsə, mən üzr istəyirəm. Bəlkə indi dəb budur, kriteriya budur? Norma budursa, məni efirdə az-azgörəcəksiniz.

- Bəs veriliş aparan həmkarlarınıza münasibətiniz necədir?

- Çox normaldır.Mən elə gözümü açandan həmkarlarımı veriliş aparan görmüşəm. Brilliant Dadaşova, Məleykə Əsədova ömrü boyu veriliş aparıblar. Könül Kərimova hazırda da veriliş aparır. Bir ara Almaz Ələsgərli, Nura, Rəhim Rəhimli də veriliş aparırdı. Biz musiqiçiyik. Əgər danışıq qabiliyyəti də varsa, niyə də olmasın. Burada qəbahət yoxdur. Mən aparıcının ifaçı olmasına anormal baxa bilərəm.

- Niyə?

- İzah edim... Musiqiçinin veriliş aparması normaldır. Çünki o danışa bilir. Aktrisadır, oynaya bilir. Aparıcıların da qulağı yaxşı eşidir və gözəl səsi ola bilər. Və mahnı oxuya bilər. Mən musiqiçi olmaqla yanaşı, həm də musiqişünas və musiqi tənqidçisiyəm. Qulağıma yad səs gələndə, düzgün səslənməyən musiqi eşidəndə əsəbləşirəm. Bu da qeyri peşəkarlar musiqi ilə məşğul olanda baş verir. Bir də, aparıcı gərək özünü apara bilsin, sonra veriliş aparsın. Mən tamaşaçıyam. Televiziyaya baxanda nə isə öyrənmək istəyirəm. Deqradasiyaya (tənəzzülə uğramaq – red.) uğramaq istəmirəm. Gənc aparıcılara baxanda cılızlaşıram.İnkişaf etmək istəyirəm, amma əks proses baş verir.

- 3 uşaq anası olaraq, bahalı paltar almağa əliniz gəlir, yoxsa o pulları uşaqlarınıza xərcləməyə üstünlük verirsiniz?

- Subay olanda özümə həddən artıq çox pul xərcləyərdim. Salonlara, geyimlərə nə qədər pulum çıxardı. İndi isə hər şey fərqlidir. 3 uşaq anasıyam. Artıq pulum olan kimi mən onu uşaqlarıma xərcləyirəm. Bahalı libas geyinməsəm də olar. Onsuz da nə geyinsəm yaraşır. Üzümə nə çəksəm yaraşır. Saçımı necə yığsam yaraşır. Mənə belə gəlir.Artıq hər kəs məni tanıyır. Yeri gələndə, mən dəbi də diktə edirəm. Özünü mənə oxşadıb səhnəyə çıxanları da, mənim ifamı yamsılayanları da görürəm. Bu da məni çox sevindirir. Demək, mən məktəbəm. Mənə baxıb məni təqlid edənlər, məni yamsılayanlar var. Bir ifaçı üçün bu, çox gözəl göstəricidir. Mən çit də geyinsəm, olar. Mütləq deyil ki, daş-qaşlarla bəzədilmiş paltar geyinim. Amma səhnə müqəddəsdir. Səhnəyə necə gəldi çıxmaq olmaz. Düzdür, mənim də başıma gəlib. Bir uşağıma süd verdiyim vaxtlarda digər övladım dünyaya gəlib. Başım qarışıb. Geyimimə fikir verməmişəm. İndi həmin şəkilləri görəndə özümü qınayıram. Gərək elə çıxmazdım. Səhnəyə gözəl geyimdə, səliqəli makiyajda çıxmaq lazımdır. Səhnə hər kəsdən bir pillə yuxarıdır. Səhnəyə çıxan insan fərqli olmalıdır. Hər kəsin əynində olan sənin əynində olmamalıdır.

- Sizin üçün dəb önəmlidir yoxsa yaraşan geyim?

- Mənim üçün həm dəb, həm yaraşan geyim, həm də zövq önəmlidir. Zövq məsələsinə toxunacağam. O mənim yaralı yerimdir. Sosial şəbəkələrə hər kəs kimi mən də şəkil yerləşdirirəm. Biri götürür altdan yazır ki, çox zövqsüzsən. Əvvələr buna çox vaxt sərf edirdim. Ona tərbiyədən dərs keçməyə başlayırdım. Yazanların hamısı da qızlar idi. Anlayıram burada paxıllıq, həsəd aparmaq məqamları var. İnsan özünü idarə edə bilmir və tez neqativ yazır. Şükür ki, məndə səbr var. Heç kəsə sən zövqsüzsən demək olmaz. Çünki zövq hər kəsdə var. Sadəcə, zövqlər müxtəlifdir. Bunu qulağınızda sırğa edin. Mənim zövqüm sizin zövqünüzlə üst-üstə düşməyə bilər. Bu yaradıcılığın hər sahəsində var. On heykəltəraşa Koroğlunun heykəlini düzəltməyi tapşırsalar, onlar biri-birindən fərqlənəcək. Bu insanın təxəyyülünün təzahürüdür. On rəssama alma şəkli çəkdirsəniz, hərəsi bir rakursdan çəkəcək.Zövq də onun kimidir. Zövq toxunulmazdır. Düzdür, burada da müəyyən məqamlar var. Bilirəm ki, nəyi nə ilə geyinmək olmaz və taxmaq olmaz. Olar və olmazları bilirəm və öyrənməyə çalışıram. Bunun üçün dəb jurnalları və telekanallar var. Heç kəsə “zövqsüz” demək olmaz. Ən azından demək olar ki, bizim zövqümüz üst-üstə düşmür. Mən boyuma yaraşan uzunluğu, kofta boğazının yarığını çox yaxşı bilirəm.

- Hazırda müqəddəs Ramazan ayını yaşayırıq. Oruc tutursunuz?

- Tuturam, çox rahat da keçirirəm. Niyyət tutanda nə yemək, nə də su istəyirəm. Bircə iftara 15 dəqiqə qalmış əl-ayağım başlayır əsməyə (gülür). Həyəcanlanıram. Hər kəsə oruc tutmağı arzu edirəm. Bu insanın özünün tərbiyəsidir. Gözəl hissdir. Gözümüzü, qulağımızı, dilimizi, nəfsimizi gözləyirik. İndi oruc olduğumdan gözləyirəm ki, səbrli olum və təmkinlə danışım. Əslində, çox tez-tez danışan, səbirsiz və cırtqozam. Amma Ramazan insana düşünməyə vaxt verir.Ən qorxduğum şey insan qəlbi qırmaqdır.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm