• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

  • Magazin1
  • 30 İyun 2015 16:10
  • 431 Baxış
"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

İyulun 1-dən 5-dək Şəkidə "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqi əsərləri səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər. Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq.

Bunu "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalına həsr edilən mətbuat konfransında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.

Bildirib ki, azsaylı xalqların festivalda təmsil olunması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək. Burada onlar milli geyimləri, milli musiqi alətləri ilə çıxış edəcəklər. Budəfəki festivalın daha bir yeniliyi isə konsert proqramları ilə yanaşı, toy, xınayaxdı və bu kimi mərasimlərin də təşkil edilməsidir.

Festivalın ilk konserti iyulun 1-də Şəki Xan sarayında Yaponiyanın "Kamıqata sumıyoşı kaı" ansamblının konserti olacaq. Həmin gün axşam isə Yay teatrında Türkiyənin "Çukurova" Dövlət Simfonik Orkestrinin konserti ilə festivalın təntənəli açılış mərasimi baş tutacaq. Orkestrin dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.

İyulun 2-də isə Şəki musiqi kollecində Toğrul Qəniyevin ustad dərsi və kollecin tələbələrinin çıxışı olacaq. Axşam isə Kiş kəndindəki Alban məbədində Polşanın "AcCello Duo" instrumental dueti konsert proqramı ilə çıxış edəcək.

İyulun 3-4-də isə Yuxarı Karvansaray və Yay Teatrında azsaylı xalqların – ləzgi, tatar, tat, kürd, ahısqa türklər, talış, avar, udin, ingiloy, saxur və rus icmalarının folklor qruplarının çıxışı olacaq. Ayın 4-də, həmçinin Şəkinin "Zirvə" ansamblı da konsert proqramı ilə çıxış edəcək.

Muğamsevərlər üçün festival çərçivəsində iyulun 5-də Şəki Xan sarayında gənc xanəndə Arzu Əliyevanın solo konserti təşkil olunacaq. Həmin gün axşam isə Yay teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Konsertdə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərliyi ilə "Baku Sinfonietta" orkestri çıxış edəcək.

Mətbuat konfransında iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov qurum haqqında məlumat verib. Bildirib ki, festivalda azsaylı xalqların folklor nümunələrinin təqdim olunmasını təmin edəcəyik.

Türkiyə və Polşanın ölkəmizdəki səfirliklərinin nümayəndələri festivalda bu ölkələri təmsil edəcək musiqi kollektivləri barədə məlumat verərək festivalın işinə uğurlar arzulayıblar. (AZERTAC)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR