Məhəbbət Kazımovun oğlu: “Atama zəng vurmuşdu ki, siz ölməmisiniz?”- FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Məhəbbət Kazımovun oğlu: “Atama zəng vurmuşdu ki, siz ölməmisiniz?”- FOTOLAR/MÜSAHİBƏ

Bu gün sevilən sənətkar, əməkdar artist Məhəbbət Kazımovun ad günüdür. İlk dəfədir ki, ailəsi onun ad gününü onsuz qeyd edir.

Elə biz də Məhəbbət Kazımovla bağlı xatirələri bölüşmək üçün oğlu Rəşidlə həmsöhbət olduq. Hələ də atasının ölümü ilə barışa bilmədiyini deyən Rəşid Məhəbbət Kazımovun ürəyində qalan arzularından da danışdı.

- Məhəbbət Kazımovun ad günüdür. Onun yoxluğu ilə barışa bilmisinizmi?

- Mənə elə gəlir ki, atam yaşayır. Hətta bəzən evə gec gedəndə narahat oluram, elə bilirəm ki, bu dəqiqə zəng edib nigarançılığını bildirəcək. Atamın yoxluğunu bilirsiniz nə vaxt hiss edirəm? Evə gəlib onu tapmayanda, onun bir vaxtlar getdiyi məclislərə özüm gedəndə…

- Mən sizin telefon nömrənizi bilmirdim, elə Məhəbbət müəllimin əvvəlki nömrəsini yığdım, siz cavab verdiniz.

- Atamın telefonunu mən işlədirəm. İnanın hər gün bəlkə də yüzlərlə zəng gəlir. Hamısı da atama olan sevgisindən, rəğbətindən danışır.

- Heç vaxtsız ölümü ürəyinə dammışdı?

- Heç vaxt. Bir dəfə telekanalda yalan xəbər yaymışdılar ki, Məhəbbət Kazımovun ömrünə üç ay qalıb. Bu xəbəri eşidən jurnalistlərdən biri atama zəng eləmişdi və atamın səsini eşidən kimi təəccüblənmişdi ki, bıyy, Məhəbbət müəllim, siz ölməmisiniz? Atam da qayıtmışdı ki, bəyəm siz mənim ölməyimi istəyirsiniz?

- Axı o özü də efirdə bir dəfə həkimlərin ona vaxt qoyduğunu demişdi?

- Yox, sadəcə olaraq, İranda həkimlər ona yenidən müalicə olunmağı tövsiyə etmişdilər. İrana ikimiz bir yerdə getmişdik, mənim yanımda olmuşdu söhbət. Efirdə bunu şişirtdilər.

- Xaraktercə necə insan, necə ata idi?

- Çox sərt insan idi. Söz deməyə çəkinərdik. Hələ yadıma düşmür ki, mən onunla oturub hansısa məsələni müzakirə edim. Sözüm olanda ya dayım, ya da yaxın qohumlarım vasitəsi ilə ona çatdırırdım. Çox zəhmli adam idi və bir sözünü iki eləməyə cəsarətimiz çatmazdı. Bir baxışı bəs edirdi ki, özümüzü yığışdıraq. Bir kəlməsi ilə mövzu qapanırdı.

- Bəs ən zəif nöqtəsi vardımı?

- Atam çox qürurlu insan idi. Mən həyatı boyu onun iki məqamda kövrəldiyini və qəhərləndiyini görmüşəm - ata-anasından, bir də Laçından danışanda. Valideynləri və doğulduğu torpaq onun yaralı və həssas nöqtəsi idi.

- Ata-anasının məzarı Laçında qalıb?

- Yox, Bərdədə. Bu insan bəlkə də hər gün ata-anası və Laçınla bağlı xatirələrini danışırdı.

- Bir övlad kimi sizə qadağaları vardımı?

- Həmişə deyirdi ki, pis vərdişlərdən uzaq qol. Yaxşı ki, atam zamanında mənimlə sərt davranıb, mən bunun nəticəsini indi görürəm. O, məni səhv yola düşməyə qoymadı. O, çox sadə insan idi və bizi də sadə böyüdüb. Təəssüf ki, bəzən insanlar sadəliklə yekəxanalığı, təkəbbürü qarışıq salır.

- Dostları çox idimi?

- Həddən artıq. Müxtəlif təbəqələr arasında atamın çoxlu dostları vardı. Bu sırada məmurlar, vəzifəli şəxslər də vardı. Rusiyada da atamı çox sevirdilər. Atamdan yox, dostlarından eşitmişdim ki, atam Vladivastoka konsert verməyə gedəndə onu 70-80 maşından ibarət avtomobil karvanı ilə qarşılayıb aparmışdılar.

- Yəqin ki, bədxahları da vardı. Hətta bir dəfə şayiə də yaymışdılar ki, Məhəbbət Kazımov Rusiyada qumarda uduzub…

- Atam bu söhbətlərdən bərk əsəbiləşirdi. Çünki boş söhbət idi. Ümumiyyətlə, çox az adam olardı ki, atamı sevməsin. Bu da ondan irəli gəlirdi ki, sənətinin vurğunları həddən artıq idi. Azərbaycanla bərabər Rusiyada da atamı çox sevirdilər və həmişə məclislərinə dəvət edirdilər. Bu da müəyyən insanları qıcıqlandırırdı.

- Məhəbbət Kazımovun duet ortaqları da vardı…

- Atamın duet ortaqları çox olub, amma ən gözəl duet ortağı Könül Kərimova olub. O vaxt sosial şəbəkədə, saytlarda xoşagəlməz sözlər yazmışdılar, atam buna görə çox əsəbiləşmişdi.

- Nə yazmışdılar ki?

- Yazmışdılar ki, Könül Kərimova Məhəbbət Kazımova vəfasız çıxdı və digər nalayiq ifadələr işlənmişdi. Onlar düz yeddi il duet oxudular və bu dərəcədə sevilən ikinci duet ortaqları mən tanımıram. Müğənnidə səs varsa, ona təkan da lazımdır. Könül Kərimovanın ulduz kimi parıldamağına səbəbkar atam oldu. Bunu Könül xanım özü də etiraf edib.

- Deyilənə görə, duet fəaliyyətlərinə son qoyduqdan sonra küsülü idilər?

- Müəyyən qədər küsülük olmuşdu, amma davam edən küsülük deyildi. Onlar həmişə toyda da bir yerdə olublar, özləri də bir-birləri ilə həmişə danışıblar. Atam özü də onların barəsində nalayiq danışan adamlara sərt cavab verib.

- Nalayiq deyəndə onların aralarında sevgi münasibətinin olması ilə bağlı xəbərləri nəzərdə tutursunuz?

- Belə şayiələr yayılmışdı. Amma boş söhbətlərdir. Onda elə kim kimlə duet oxuyursa, onu sevir? Könül xanımla biz əvvəllər ailəvi dost olmuşuq, gediş-gəlişimiz olub. Onun gözəl ailəsi var. Mən bu söhbəti heç vaxt yaxşı qəbul etməmişəm. Kim bu barədə danışıbsa, ağızlarından vurmuşam. Atamın adına bu söhbət yaraşmaz. Bu şayiəni yaradan adamlar səviyyəsiz adamlardır. Atam da bu söhbətə həmişə əsəbiləşirdi.

- Məhəbbət Kazımovun şayiələrə münasibəti necə idi, eşidəndə əsəbiləşirdi?

- Atam elə söz-söhbətləri mənasız sayırdı, bəzən əhəmiyyət də vermirdi. Atamın bir sözü vardı, mənə deyirdi ki, sözünü kiminsə üzünə deyə bilmirsənsə, dalınca danışma. O şayiələri danışan adamlar da atamın üzünə söz deməyə cəsarət edə bilməyənlər idi. Amma yenə də deyirəm, atamı sevənlər həddən artıq idi. O, dünyasını dəyişəndə balaca məhəllədə adam əlindən tərpənmək mümkün deyildi, izdiham vardı. Hətta qəbiristanlığa da getmişdilər. Qəbiristanlığa elə bir axın vardı ki, izdihamda qəbirlər qırılmışdı. Dəfndən sonra biz nə qədər xərc çəkib, o qəbirləri düzəltdirdik. Məhəbbət Kazımov bu sevgini sağlığında özü qazanmışdı. Atam olduğuna görə demirəm, çox ləyaqətli, məğrur, özünə hörmət edən kişi idi.

- Atanızın sizə son sözü nə oldu?

- Ölüm onu qəfil haqladı. Səhərə yaxın halı pisləşdi, təcili yardım çağırdıq. Amma artıq gec idi. Halı pisləşən məqamda nəsə demək istəyirdi, amma macal olmadı, heç cürə sözünü deyə bilmədi.

- Arzuları barədə xəbərdar idinizmi?

- Elə hər yerdə deyirdi ki, iki arzum var: biri Rəşidin toyunu görmək, o birisi də Laçına qayıtmaq. İki arzusunu özüylə apardı.

- Atanız yuxunuza girirmi?

- Mən ruhların yuxuda sevdikləri ilə görüşdüyünə çox inanıram. Özüm də dəfələrlə bunun şahidi olmuşam. Bir neçə dəfə yuxuda atamı qucaqlamağa çalışmışam, uçub gedib. Həmin yuxulardan sonra üç gün özümə gələ bilməmişəm. Həyatda müəyyən çətinliklərim olanda da atam yuxuda mənə xəbərdarlıq edib.

- Bu gün Məhəbbət Kazımovun mahnılarını oxuyanlar çoxdur. Bu, sizi qıcıqlandırmır ki?

- Mən hesab edirəm ki, həmin müğənnilər atama minnətdarlığını ifadə etmək və onun xatirəsini xoş etmək üçün bu mahnıları oxuyurlar. Onların heç bir təmənnası yoxdur, sadəcə olaraq, bu mahnıları yaşadırlar. Amma bəzi cavan müğənnilər var ki, atamı sadəcə yamsılamağa çalışırlar. Hətta onun əl-qol hərəkətlərini, geyimini, jestlərini təkrarlayırlar. Çox da uğursuz alınır. Bu da çox gülünc təsir bağışlayır. Bu, xoşuma gəlmir. “Milçək bir şey deyil, amma könül bulandırır”.

- Atanız ən çox kimlərin ifasını bəyənirdi, xoşladığı müğənnilər vardımı?

- Gənclərdən Babək Niftəliyevin, İlkin Əhmədovun və Ehtiram Hüseynovun ifasını çox bəyənirdi. Bunu efirlərdə də dəfələrlə demişdi, onlar özləri də bilirdi.

- Deyəsən, bibiniz oğlu da atanızın yolunu davam etdirir. Onun ifasını bəyənirsiniz?

- Atam özü də onun ifasını bəyənirdi. Sadəcə olaraq, atamın sağlığında bibioğlu Hikmət efirlərə çıxmadı.

- Maraqlıdır, atanız övladlarının müğənni olmasını istəyirdi?

- Yox, heç vaxt. Atam bunu istəmirdi və biz də bunu hiss eləmişdik. Bayaq dedim axı, atam çox zəhmli adam idi, sözünü baxışla deyirdi, biz də işimizi bilirdik. Heç mən özüm də bunu istəmədim, çünki əziyyətli sənətdir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm