• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tamilla Eltonla boşanma səbəblərindən danışdı - MÜSAHİBƏ/FOTOLAR

  • Magazin1
  • 4 İyul 2015 10:30
  • 9 328 Baxış
Tamilla Eltonla boşanma səbəblərindən danışdı - MÜSAHİBƏ/FOTOLAR

Şou-biznes nümayəndələri də xoşbəxt ailə qura bilər. Lakin həmin ailəni qoruyub saxlamaq daha önəmlidir.

Bu fikir daha bir faktla öz təsdiqini tapdı. Belə ki, xoşbəxt ailənin əyani sübutu sayılan müğənni Elton Hüseynəliyevlə prodüser Tamilla Hüseynəliyevanın nikahı pozuldu. Boşanma xəbəri onların xoşbəxt ailə qurduğuna inananlar üçün, sözün əsl mənasında, şok xəbər oldu. Çünki qız övladları ilə xoşbəxtlik tablosunu tamamlayan cütlüyün birdən-birə ayrılması gözlənilməz idi. İndiyədək aralarında hər hansı qalmaqalın baş verməməsi, söz-söhbətə səbəb olacaq halın, münaqişənin yaşanmaması, ən əsası bu kimi məsələlərlə bağlı mətbuata hər hansı xəbərin sızmaması cütlüyün nikahının sağlam təməllər üzərində qurulduğuna hamını inandırmışdı.

Bəs birdən-birə boşanma xəbəri ilə gündəmə gələn bu xoşbəxt ailədə nə baş verdi?

Publika.az baş verənləri Tamilla Hüseynəliyeva ilə eksklüziv müsahibədə araşdırmağa çalışıb.

- Toma xanım, prodüserlikdən əlavə "T Production" şirkətinin rəhbəri kimi də fəaliyyət göstərirsiniz. Şirkət rəhbəri olmaq çətindir, yoxsa prodüserlik?

- Şirkət hələ də yaranmaqdadır. Bəlkə, "T Production" adının qarşısına bir hərf də əlavə olundu. Mənə əziz olan insan - Aynurə Səmədova da mənimlədir. Belə görünür ki, bu iş bir tək "T" hərfi ilə bitməyəcək. Bir sıra planlarımız var. Türkiyədə fəaliyyət göstərən "UKopuz" şirkəti ilə həyata keçirəcəyimiz layihələr var. Düşünürəm ki, hər prodüserin şirkəti olmalıdır. Bu gün imzasız, möhürsüz heç bir addım atmaq mümkün deyil. Artıq şirkətimin möhürü də var. "T Production"ın ilk məhsulu Günay İbrahimlinin albomu oldu. Yavaş-yavaş irəli gedəcəyik. Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər də bizimlə çalışacaq.

- Həyat yoldaşınız müğənni Elton Hüseynəliyev ilə boşanma xəbərləriniz yayılıb. Heç biriniz məsələyə münasibət bildirmədiniz. Bu, doğru xəbərdir?

- Bəli, bu, doğru xəbərdir.

- Niyə ayrıldığınızı gizli saxlayırdınız?

- Əslində, bu, mənə görə olmadı. Sanki eşidənlər görməzdən-bilməzdən gəldilər. Mən bu işdə bütün media işçilərinə təşəkkür edirəm. Məsələyə çox sayğı ilə yanaşdılar. Xəbəri eşidənlər sanki buna inanmaq istəmir, gizli saxlamaqla şişirtmək istəmirdilər. Bəlkə də, düşünürdülər ki, sonu dəyişə bilərlər. Təəssüf olsun ki, mənim 9 illik ailə həyatım bitdi.

- İlk addımı kim atdı?

- İlk addımı Elton atdı. Mən ailəmə, yoldaşıma, balalarıma bağlı insanam. Mən ailəmə sadiq insanam. Tanıyanların hamısı bilir. Amma həyatdır... Nə etmək olar?

- 2 qız övladınız var. Uşaqlar bəs kiminlə yaşayır?

- Uşaqlar mənimlə qalır. Azərbaycanda bu sual nadir hallarda qalxır. O insan özü ailəni tərk edib getdi. Uşaq söhbəti, ümumiyyətlə, olmadı.

- Elton keçmişindən birdəfəlik xətt çəkib, yoxsa uşaqlarla görüşür?

- Heç kəs Eltonu məndən yaxşı tanıya bilməz. Onu tanıdığım üçün də düşünürəm ki, bu insanda nə isə baş verir. Adamların üstünə gedən, təzyiq göstərən, basqı altında saxlayan bir insan deyiləm. Həmişə insanları öz halına buraxıram. Eltonu da öz halına buraxmışam. Zaman gələcək, övladlarını da görmək istəyəcək. Deyim ki, tez-tez görməyə gəlir, yox. Hələ ki, o, öz həyatını yaşayır.

- Ayrılmağınıza baxmayaraq, Eltona qarşı nifrətiniz hiss olunmur. Dost münasibətiniz qalıb?

- Mən hər münasibətə razılaşan insanam. Ancaq Elton heç bir münasibət saxlamır. Nə dostuq, nə də düşmən. Kinli insan deyiləm. Bir insanın üzərindən xətt çəkəcəyəmsə, bunu edəcəyəm. Çalışdığım sahədə də belələri var. Amma bilmirəm nə etmək lazımdır ki, mənim içimdə o kin oyansın. Mən insana nifrət edə bilmirəm.

- Uzun fasilədən sonra yenidən şou-biznesə qayıtdınız. Peşman olmadınız?

- Həyatda güvən çox önəmlidir. İndiyədək dəfələrlə saxtakarlıqla, süni insanlarla rastlaşmışam. Amma peşman deyiləm. Belə şeylər adamı güclü edir. Ancaq daha sınaqlardan keçmək istəmirəm. Nə olar ki, gəlin sözüm əsl mənasında mehriban olaq. Bir-birimizə daş atmayaq. Biz o qədər çox deyilik. Mən hər kəsi çox istəyirəm. Niyə axı, düşmən olmalıyıq.

- Prodüserlik fəaliyyətinə, gənc olmasına baxmayaraq, şou-biznesin əsas fiqurlarından olan Günay İbrahimli ilə çalışmaqla qayıtdınız. Həmkarlarınızın qısqanclığı ilə qarşılaşmadınız?

- Çox yerində verilən sualdır. Bəlkə də, indi yaşadığım gərginlik bundan irəli gəlir, bilmirəm. Bir neçə gün bundan öncə kiçik stress yaşadım. Geri qayıtdığım deyilsə də, əslində bu sahədən heç vaxt ayrılmamışdım. Eltonun işləri ilə hər zaman özüm məşğul olurdum. Ailəli olduğumdan gündəmdə deyildim. Günay İbrahimli ilə işbirliyimizə Aynurə Səmədova səbəb oldu. Başqa cür ola da bilməzdi. İnan ki, Günay xanımdan başqa, sənətdə olan bir neçə adlı-sanlı müğənnilər də işbirliyi təklif etdilər. Amma mən Günay İbrahimlinin səsi və ifasını bəyənirəm. Kiminlə işləmək önəmlidir.

- Danışmadığınız prodüser var?

- Sevmədiyim və paxıllığını çəkdiyim prodüser yoxdur. Mən 10 il sonra da sinəmə döyüb "mən nömrə birəm" deməyəcəyəm. Mən öz işimlə sübut edəcəyəm ki, Tamilla deyilən bir prodüser olub, var və olacaq!

İsa Şükürov

Fotoqrad Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR