Tanınmış aşıq yıxıb-sürüdü: “Aşıq Ədalət söyüş söydü, sonra da…” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Tanınmış aşıq yıxıb-sürüdü: “Aşıq Ədalət söyüş söydü, sonra da…” - MÜSAHİBƏ

Aşıqlar arasında fərqli geyim tərzi, elə fərqli düşüncəsi ilə də seçilir. Tanınmış aşıq Fəzail Miskinlini deyirəm. Ömründə bir kərə də olsun, aşıq libası geyinməyən, “Baş Sarıtel”i yeni təqdimatda insanlara sevdirən aşıq Fəazil Miskinlini elə tərpətməyimə bənd oldum. Aşıqların təbrincə coşdu, nə coşdu. Aldı görək nə dedi…

Publika.az aşıqla müsahibəni təqdim edir:

- Bəzi həmkarlarınızdan fərqli olaraq, nədənsə, efirlərdə az-az görünürsünüz, dəvət edən yoxdur?

- Bunun səbəbləri var. Estrada müğənnilərinə olar, amma aşıq sənəti ilə məşğul olan insanların qalmaqal və digər ucuz yollarla reklam olunmağa ixtiyarı yoxdur. Dəfələrlə mənim özümə deyiblər ki, gəl gündəmdə qalmaq üçün qalmaqal yaradaq. Hətta ssenarini də qoşub-düzüblər ki, filan aşığa filan atmacanı at. Amma mən buna razılıq verməmişəm. Demişəm ki, lazım gələrsə, sənətimlə gündəmə gələrəm. Saz yeganə alətdir ki, türkə məxsusdur. Türkün bir əlində saz olub, bir əlində qılınc. İndi gündəmdə qalmaq üçün saza belə hörmətsizlik eləmək olmaz axı.

- Sizi ən çox qıcıqlandıran nədir?

- Mən adlarını çəkməyəcəyəm, çünki elə adamların adını dilimə gətirib reklam eləmək istəmirəm. O adamın adını çəkərəm ki, həqiqətən də, aşıq sənətinə layiqdir. Eləsi var sazın başına min oyun açır. Sazı gah yerə vurur, gah da boynunun ardına keçirir. Sazı göylərə qaldırmaq lazımdır e, yerə vurub oyun çıxarmaq ayıb işdir. Baxırsan ki, sazı yerə vurub drel kimi fırladır. Kimisə qabağına qatıb göbək rəqsi oynatmaq yenilik demək deyil e. Aşıq sənətinə yenilik gətirmək başqa şeydir. Yenilik budur ki, sazda uvertura, muğam ifa etsin, barmaqlarını işlətsin. Bax məni belə şeylər özümdən çıxarır, az qalıram dəli olum.

- Heç özlərinə iradınızı bildirmisinizmi?

- Dəfələrlə demişəm. Özü də təkcə öz aramızda yox, efir vasitəsi ilə. Mənim onların şəxsiyyəti ilə işim yoxdur, dostlarım, qardaşlarımdır. Mənim iradım sənətlə bağlıdır. Açıq şəkildə etirazımı bildirmişəm, amma məhəl qoymayıblar. Bu saat elə zamanda yaşayırıq ki, efirlərdə dedi-qodu, qalmaqal, saçyoldu daha çox reytinq gətirir, nəinki ciddi sənət. Yaxşı bir iş görəndə heç kim tərifləmir amma pis bir hadisə baş verəndə dərhal telekanallar göstərir. Biz YUNESKO səviyyəsində konsert verdik, bir nəfər çağırmadı ki, gəl efirə, təəssüratını bölüş. Amma kimsə söyürsə, dərhal bunu şişirdib qalmaqala çevirirlər. Özəl telekanaldır, reytinq naminə şouya daha çox yer ayırır, nəinki sənətə.

- Yəqin, yadınızda olar, bu yaxınlarda telekanalların birində ustad aşıq Ədalət qeyri-etik bir ifadəsi ilə gündəm yaratdı… Cavanları hardasa, başa düşmək olar, bəs ustad belə edəndə gənclər ondan hansı örnəyi götürəcək?

- Məsələ burasındadır ki, Aşıq Ədalət söyüş söydü, sonra da bunu dandı. Görün onu hansı həddə çatdırmışdılar ki, efirdə özünü ələ ala bilməyib nalayiq söz işlətmişdi. Ustadlar söyüş söymək əvəzinə mədəni surətdə aşıqları çağırıb başa salmalıdır. Deməlidir ki, ay oğul, ay qızım, bu sənəti aşağılamaq olmaz. Mən həmişə xanəndələri aşıqlarla müqayisə etmişəm. Muğam sənətinə fikir verin, görün xanəndələr efirdə özlərini necə aparır, necə danışır, necə oturub-durur. Onların efir mədəniyyəti aşıqların efir mədəniyyəti ilə müqayisəyə gəlməzdir. Mən bunu açıq deyirəm. Yaxşı ustadlarımız var , amma imkan vermirlər ki, efirə çıxsınlar. Onlara ustadlar lazım deyil, qalmaqal yaradan, söyüş söyən, sazın başına min oyun açaq adamlar lazımdır.

- Haçan baxırsan, aşıq Tellini, aşıq Mübarizi görürsən, sanki bunlardan başqa aşıq yoxdur…

- Telli ustad deyil e, ola bilsin, nə vaxtsa ustad olacaq. Telli dostumuzdur, onlarla qarışdırmayın. Telli ən azı çıxıb efirə şeirlər söyləyir, sazın başına oyun açmır. Tellinin geyiminə baxın, aşıqların içində dörd yaxşı geyinən aşıq varsa, onlardan biri Tellidir. Tellini bir dəfə qısa ətəkdə, cins şalvarda görən olmayıb.

- Aşıq xanımlardan kim geyinir ki, o da geyinsin?

- Eləsi var geyinir. Tənqidlərdən sonra dəyişdilər. Əslində aşıqların qalmaqal edib gündəmə gəlməsinin bir səbəbi var, toy tutmaq, pul qazanmaq. Ay bala, bu saz sənin dədənin aləti deyil e. Dəfələrlə bu barədə danışıram, əvəzində qınaq atəşinə tutuluram. Çox vaxt mənə deyirlər ki, səndən başqa aşıq yoxdur, niyə hər dəfə danışıb kimlərisə tənqid edirsən? Saz bizim ana laylamızdır, anamızdır, adam anasını yerdə sürüyər?Amma bunlar sürüyür. İnsanın gərək özünün də şərəf, ləyaqəti olsun. Şərab bakalı götürüb sazın üstündə fırladıb yerə tökmək, yenilikdir? Bacarırsan insanlara ruhi qida ver.

- Nə əcəb Aşıqlar Birliyi bunun qarşını almır?

- Zəlimxan Yaqub neyləsin, dəfələrlə çağırıb danladı, amma yenə də elədiklərini eləyirlər. Onları efirə buraxmaq lazım deyil. Buraxmaq olar e, demək lazımdır ki, gəl sazını çal, şeirini söylə, çıx get. Camaatı da pis istiqamətə yönləndirirlər. Düşünürlər ki, yəqin, elə saz sənəti belə olur. Babam mənə kor deyib, gəlib-gedəni vur deyir? Olmaz, ayıbdır. Mən özüm də “Baş sarıtel”i yeni formada təqdim etdim. Havanın başına oyun açmadım ki, əksinə, cavanlara sevdirdim.

- Bildiyim qədər, aşıq libası geyinməyi xoşlamırsınız? Niyə?

- Deyirlər ki, aşığın başında papaq, belində qalın qayışı, ayağında çəməsi var. Bunu da onunla əsaslandırıblar ki, aşığın ayağı, başı soyuqlamasın, oxuyanda belinə güc düşməsin. Muğam oxuyanlar bəs niyə belə geyinmirlər? Ələsgər babamızın vaxtında belə geyim yox idi. Dədə Ələsgərin vaxtında məşhur bir dəli Alı adlı şəxs vardı, onu görənlər qorxusundan tük tökərdi. Dəli Alı nə geyinirdisə, dədə Ələsgər də ondan geyinirdi. Mən ömrü boyu o paltarı geyinməmişəm. Hətta 10-15 il bundan əvvəl rəsmi tədbirlərin birindən buna görə uzaqlaşdırılmışam. Dedilər ki, yalnız aşıq paltarı geyinməlisən. Dedim teatrların birindən milli çuxa götürüb geyinim, razı olmadılar. Başqası olsaydı, beş dənə o paltardan tikdirib geyinərdi, təki o tədbirə düşsün, amma mən razı olmadım. İndinin özündə də o paltarı geyinmirəm. Mən müasir geyimdə saz çalmağın tərəfindəyəm. Həmişə də belə geyinmişəm. Kostyumum, qalstukum yerində. Lazım gələrsə, kəpənək də taxmaq olar. İndi özünüz fikirləşin, yayın cırhacırında havada 40 dərəcə isti var, aşıq yazıq buxara papaqda, qalın çuxada necə oxuyacaq? Ondan tər iyi gələcək. Tər iyi gələn aşığa kim yaxın gedib, onu dinləcəyəcək? Bəlkə, yalan deyirəm? Aşıq həm də gözəl geyimi ilə diqqət çəkməlidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm