Missioner olmalı idi, yazıçı olub üç arvad aldı
Bizi izləyin

Bilgi.az

Missioner olmalı idi, yazıçı olub üç arvad aldı

Herman Hesse missioner ailəsində anadan olub. Anası filoloq, atası isə yazıçı olsa da, eyni zamanda missionerlik fəaliyyəti ilə məşğul olublar.

Uşaqlığı

Ailəsi Herman Hessenin də teoloq olmasını istədikləri üçün onu bu istiqamətdə hazırlaşdırıblar. Ancaq Hesse şair olmaq iddiasında idi. O, əvvəlcə latın məktəbinə, daha sonra isə Malbronda protestant seminariyasına daxil olur. Az sonra gələcəyin məşhur yazıçısı burdan qaçır. Lakin polislər onu tutub təzədən seminariyaya qaytarırlar. Ailəsi yaman narahat olmuşdu. Gəncin dəli-dolu olduğunu görən ata-anası onun başını qatmaq üçün kiçik bir emalatxanada usta yanında işə düzəldirlər. Amma yenə də istədikləri olmur və nəticədə gələcəyin yazıçısı öz sərbəst həyatına ilk addımını atır.

Əla fürsət

Bir neçə il Hesse mexanikada usta yanında işləsə də daha sonra kitab satışı ilə məşğul olmağa qərar verir və Tubinq şəhərində fəaliyyətə başlayır. Bu yer həm də onun çoxlu kitab oxumağı üçün yaxşı fürsət idi. Kitabları oxuduqdan sonra Borxesin dediyi kimi, "ədəbiyyatdan ədəbiyyata gəlmək" düsturu ilə Hesse yaradıcılığına başlayır.

1904-cü ildə o, birinci ərindən üç uşağı olan Mariya Bernuyla evlənir. Bu vaxtlar Hesse kiçik esselər yazır, "Mart" jurnalında işləyir, eləcə də kitabını çap etdirmək üçün səylə çalışırdı.

Faciəvi illər

1912-ci ildə Hessenin ailəsi İsveçrəyə getməyə hazırlaşır, ancaq yazıçı burda da rahatlıq tapmır. Çünki onun arvadının ruhi xəstəliyi yaranmış, bununla bərabər də müharibə başlamışdı. Hesse nasizmə qarşı çıxır. Almaniyada populyarlıq qazananda onu gözümçıxdıya salmış, təhqiramiz sözlərlə aşağılamışdılar. Müharibə illərində həm arvadının ruhi xəstəliyi, həm oğlunun sağalmaz xəstəlik tapması, həm də atasının ölüm ayağında olması Herman Hesseninin əsəb sistemlərini sıradan çıxardır.

"Demian" romanı

1919-cu ildə Hesse arvadı və uşaqları ilə birlikdə İsveçrənin cənubuna, Mantanola vilayətinə köçür. Yazıçının arvadı bu vaxtlar psixoloji müalicə götürür, öz əzablarını dindirmək üçün iynə-dərman qəbul edir. Uşaqların bəzisi internat məktəbə, qalanları isə dost-tanışın himayəsinə verilir. 42 yaşında olan yazıçı bəlkə də həyatında ən uğurlu, gözəl bir gün yaşayır: onun "Demian" romanı işıq üzü görür. Bu roman yazıçının yaradıcılığına müsbət təsir göstərir.

İkinci və üçüncü arvad

Hesse ikinci evliliyini Rufi Benqer adlı qadınla gerçəkləşdirir. Bircə bunu xatırlatmaq lazımdır ki, Hessenin ilk arvadı ona mənəvi və maddi cəhətdən çox çətinliklər yaşatdı, lakin yazıçı onu qəlbən sevirdi. İkinci evlilik isə cəmi üç il davam etdi. 1931-ci ildə Herman Hesse üçüncü dəfə nikah masasına oturu.

Ninon Dolbin yazıçının növbəti arvadıdır. Bu qadınla evlənməsi onun yaradıcılıq ehtirasını birə-beş artırır və Herman Hesse ən məşhur romanı olan "Muncuq oyunu"nu yazmağa başlayır.

Son

Herman Hesse 1946-cı ildə Nobel mükafatına layiq görülür. Bundan sonrakı yaradıcılıq fəaliyyəti elə də geniş bir alanı əhatə etmir. Herman Hesse öz sevimli xanımı ilə qazandığı pullarla ömrünün axırına qədər kef-damaq içində yaşayır. 85 yaşında beyninə qan sızmadan həyatını başa vurur. Bəlkə də Herman Hessenin ailəsində baş verən sıxıntılar və onun müharibədə yaşadıqları olmasa bu gün biz görkəmli yazıçını tanıya bilməyəcəkdik. Ailə Hessenin yaradıcılığını bütövləşdirən amil oldu. Bu yerdə Folknerin "mən ailənin yaradıcılığa nə qədər təsir göstərir" cümləsini arxivə atmaq gərəkir. Çünki Nobel mükafatçısı, "Yalquzaq", "Sidartha", "Muncuq oyunu" kimi romanları qələmə almış adama ailə nəinki mane olmuş, hətta Herman Hesse öz yaradıcılığını belə ailəsinə hopdura və arvad-uşaqlarını öz misilsiz yaradıcılığına daxil edə bilib.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm