• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir

  • Maraqlı
  • 25 İyul 2015 01:35
  • 384 Baxış
İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir

İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir. Dörd min adam arasında aparılmış sorğu dünyanın qanunauyğunluğu və quruluşu mexanizmlərinə daha çox diqqət yetirən şəxslərlə insani münasibətləri ən vacib hesab edənlərin zövqləri arasındakı təzadı üzə çıxarıb.

Publika.az-ın məlumatına görə, tədqiqatların nəticələri "PLoS One" jurnalında təqdim edilib.

Kembric Universitetinin psixoloqları istinad nöqtəsi kimi Saymon Baron-Koenin empatiya-sistemləşdirmə nəzəriyyəsini əsas götürüblər. Bu alim insanları sistemləşdirməyə (səbəb-nəticə əlaqələrini başa düşmək və qanunauyğunluğu tapmaq bacarığı) və empatiyaya (qanunauyğunluğdan kənar hal kimi qəbul edilən qeyri-xətti mürəkkəb sistemin davranışını öncədən söyləməyə kömək edən) daha çox meyilli insanlar kateqoriyasına bölməyi təklif edir. Birincilər təbii və dəqiq elmlər, mexanizmlərlə işləmək sahəsində daha çox bacarıqlı olduqları halda, ikincilər başqa insanlara daha yaxşı təsir göstərir, onların rəftarlarını hiss edir və başa düşürlər.

Alimlər "Facebook"un istifadəçiləri çoxsaylı psixoloji testlərdən keçməyə məcbur edən "myPersonality" əlavəsi vasitəsilə dörd min könüllünü tədqiqata cəlb ediblər. Ayrı-ayrı musiqiçilər və onların əsərlərinə gözlənilməz şəxsi bağlılığı minimuma endirmək üçün könüllülərdən 26 janr və alt-janrda 50 musiqi əsərini dinləmək və qiymətləndirmək xahiş olunub.

Empatiyaya meyilli insanlar yumşaq və sadə musiqinin, o cümlədən soft-rok, kantri, folk, elektronika, europop musiqisinin həvəskarları olublar. Onlara ağır və pank-rok, ağır metal janrı xoş gəlməyib. Sistematiklərin zövqü bunun tam əksi olub. Bu fərqlər ayrı-ayrı üslublar çərçivəsində də davam edib: empatiyaya meyillilər yumşaq və sadə, sistematiklər mürəkkəb və avanqard caza üstünlük veriblər.

Bundan əlavə, empatiya şkalası üzrə yüksək göstəricilərin sahibləri az enerjili musiqini (düşündürücü, kamera melodiyaları), qəmli və melanxolik kompozisiyaları, habelə emosional məzmunlu əsərlərə üstünlük veriblər. Sistematiklərə daha çox enerjili, şən, aqressiv və intellektual musiqi xoş gəlib.

Psixoloqların gəldiyi nəticənin musiqi biznesi üçün praktik əhəmiyyəti var. Tədqiqatın həmmüəllifi, saksofonçu Devid Qrinberqin fikrincə, "Spotify" və "Apple Music" kimi striminq xidmətindən istifadə edənlər üçün musiqi seçən alqoritmlərə çox vəsait sərf olunur. İnsanın koqnitiv tipini bilən bu xidmətlər daha keyfiyyətli melodiyalar tövsiyə edə bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR