• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanı fəth edən ofisiant qız – FOTOLAR, VİDEO

  • Maraqlı
  • 11 Mart 2014 17:12
  • 3 791 Baxış
Dünyanı fəth edən ofisiant qız – FOTOLAR, VİDEO

“Nə yaxşı ki, burdayam”...

Ona bir dəfə qulaq asmaq yetər. Yetər ki, sehrinə düşəsən və çıxa bilməyəsən...

İsim Karsu Dönməz, ifa etdiyi mahnı “Domates, biber, patlıcan”...

Bəli, bəli, məşhur Barış Mançonun məşhur “Domates, biber, patlıcan”ı...

Adı-soyadı türk olduğunu deyir. Türkcə oxuyur. Amma... Səsindəki biri-birindən əlvan rənglər bu qızın bir xalqa və bir mədəniyyətə aid olmadığını, sığmadığını bəyan edir...

Karsu Dönməz… Yəqin ki, bu ad nəinki ölkəmizdə, hətta Türkiyənin özündə də yalnız son bir neçə ildə tanınıb və sevilib. Hollandiyanı ağladan səsin sahibi - Karsu 1970-ci illərdə Avropaya mühacirət edən sadə türk ailəsində doğulub.

Dünyanın ən nüfuzlu səhnələrindən biri olan Nyu-York Carnegie Hall-da nə az, nə çox, düz üç dəfə çıxış edib. İlk albomu “Confession” uzun müddət Hollandiya musiqi çarxlarına liderlik edib. İndoneziyadan tutmuş Monakoya qədər 20-dən çox ölkədə konsert verib. Haqqında dünyanın ən tanınmış rejissorlarından biri sənədli film çəkib. Ən təəccüblüsü isə Karsunun cəmi 23 yaşı var və planları olduqca çoxdur.

“Atamın arzuları”

1960-cı ildə Avropaya gedən babası tezliklə yenicə ailə quran ata və anasını da öz yanına çağırıb. Karsu 1990-cı ildə paytaxt Amsterdamda anadan olub. Ailəsi əslən Antakyanın Karsu kəndindəndir və atası qızına doğma kəndinin adını qoyub. Qürbət ölkədə hər dəfə qızını çağıranda tez-tez doğub böyüdüyü yerləri xatırlasın deyə.

Beş-altı yaşı olanda atası ilə birlikdə televizora baxan Karsu piano çalan uzun saçlı, Enşteynə bənzəyən və qəribə hərəkətlər edən bir nəfəri görüb. Qəfildən atasına “mənə də pianino alın” deyə qışqırıb.

Karsunu musiqi məktəbinə yazdırsalar da, ailə maddi çətinliklər ucbatından balaca qıza piano ala bilməyib və icarəyə götürüb. Bir il sonra – yəni Karsu 7 yaşında ikən anası maşın almaq üçün yığdıqları pulu balaca qızın musiqi həvəsinə qurban verib.

“Pianinonu mənə sadəcə “istəyirəm” dediyim üçün aldıqlarını düşünmürəm. Atam özü də balaca olanda babamdan saz istəyib, babam isə “sən həkim ol, musiqi nədir” deyib. Görünür, atam illərdir ürəyində qalan arzularını mənim reallaşdırmağımı istəyib”.

Birinci... Və həmişə Birinci...

Valideynlərinin türk olması və ənənəvi türk musiqisinə olan böyük marağı Karsunun qədim və mistik Anadolu musiqisinə yönəlməsinə, bir qədər sonra isə Şərq və Qərb ritmlərinin, boğazlarının bir səsdə cəmlənməsinə səbəb olub.Tezliklə müasir caz musiqisilə yanaşı, yeniyetmə qız Şopen, Motsart, Bax və Bethoven kimi klassiklərin əsərləri ilə də tanış olub.

Mahnı oxumağa isə təsadüfən, məktəbdə keçirilən bir müsabiqə zamanı başlayıb. Birinci il – ilk dəfə böyük səhnəyə çıxan və tamaşaçı ilə “görüşən” Karsu həyəcandan heç nə oxuya bilməyib, not dəftərini də əlinə alıb və səhnədən qaçıb. Növbəti il özünə inamı artan türk qızı birinciliyi qazanıb...

Amsterdam o qədər də böyük şəhər deyil və tezliklə Karsunun istedadı dildən-dilə gəzib. Paytaxtda keçirilən bir açılış mərasiminə dəvət olunan 16 yaşlı qız Nilufərin “Çok uzaklarda” mahnısını ifa edib və tədbirdə iştirak edən Amerika səfirinin xanımı göz yaşlarını saxlaya bilməyib. Diplomat xanımı ilə eyni masada oturan valideynləri ona Karsu haqqında danışıblar, illərdir piano dərsi aldığını deyiblər. Karsunun həyatı məhz bu konsertdən sonra 180 dərəcə dəyişib.

Bir dəfə Amerikada

Amerikaya yollanan 16 yaşlı bu qız xüsusi təqaüdlə Kinqstondakı prestijli “RhodeIsland” Universitetində musiqi təhsili alıb. Burada oxuyarkən Amerikanın sabiq prezidenti Bil Klinton təsadüfən onun ifasına qulaq asıb və heyran olub. Klintona diskini hədiyyə edən Karsu onu konsertinə dəvət edib...

Hələ 17 yaşındaykən Karsu “The Netherlands American Community Trust Foundation” qurumu tərəfindən Nyu-York Carnegie Hall-da konsert vermək üçün seçilən azsaylı sənətçilərdən biri olub. Amerikadan qayıdandan sora Hollandiya mətbuatının diqqət mərkəzində olan türk qızı dünyanın hər yerindən konsert təklifləri alıb. Fasilələrlə İndoneziya, Almaniya, Belçika, Suriya, İngiltərə və Türkiyəyə səfər edib.

Ofisiantlıqdan məşhurluğa...

Əslində Karsu müğənni kimi ilk dəfə atasının Amsterdamda işlətdiyi “Kilim” restoranında çıxış etməyə başlayıb. Restoranda ofisiant işləyən balaca qız müştərilərin təkidi ilə restorandakı köhnə pianoda ifa etməyə başlayıb və bir müddət sonra “Kilim”in qapılarından uzun növbələr yaranıb...

Dünyaca məşhur rejissor, sənədli film ustası Mersedes Stalenhoef də onu məhz bu restoranda kəşf edib. Dostları ilə birlikdə kabab yemək üçün “Kilim”ə gələn ispaniyalı rejissor Hollandiyada cazla maraqlanan bir türk qızı görəndə təəccübünü gizlədə bilməyib. Çünki onun düşüncəsinə görə, Avropada türklər bir qədər “mühafizəkar və geridə qalmış” kimi tanınırdı. Karsuda öz gəncliyini görən Mersedes 5 il boyunca (2007-2012) Dönməzin həyat və yaradıcılığını izləyib və kameranın yaddaşına köçürüb. “Karsu” filmi ilə rejissor gənc istedadın Hollandiyada və dünyada tanınmasında böyük rol oynayıb.

2008-ci ildə Karsu öz orkestrini yaradıb, bu heyətlə dünyanın müxtəlif və bir-birindən fərqli nöqtələrinə baş çəkib. Planlar qurmadan, təbii və anı yaşamağa çalışan gənc qız ötən il 50 nəfərlik orkestrlə Hollandiya küçələrində və Türkiyədə çoxsaylı konsertlər verib.

Ancaq hələ də ən gözəl konsertini dağda verdiyini deyir...

Dağ başında konsert...

Belə ki, ötən yay Karsu və orkestri Kapadokyada yaşayan, xərçəng xəstəsi olan yaşlı bir türkün arzusu ilə dağlara çıxıb. İki həftəlik ömrü qalan bu yaşlı adam üçün xalq mahnıları ifa edən Karsu insanların gözündəki işığın onu xoşbəxt etdiyini söyləyir...

Hələ də məşhurluğa alışa bilməyən Karsu 19 yaşında CarnegieHall-da üçüncü dəfə çıxış edəndə 3 min nəfər onu ayaqüstə alqışlayıb və ilk dəfə o zaman “nə yaxşı ki, burdayam” deyib.

“Heç vaxt risk etməkdən qorxmuram, öz-özümə “cəhd elə, əgər alınmasa, universitetə qayıdarsan” deyirəm. Anam da ali təhsilini 42 yaşında tamamlayıb. Buna görə də 50 yaşına çatanda başqalarına baxıb “kaş ki” deməkdənsə indi istədiyim işi görürəm”.

“Türkiyəyə daha yaxınsan, yoxsa Hollandiyaya” sualına nifrət edir və bunun “ananı çox istəyirsən, yoxsa atanı” sualına bənzədir. Türkiyədə ən çox Sezen Aksu, Bilal Karaman, Jülide Öztürk, Şevval Sam, Leman Sam, Selda Bağcan və Fazıl Sayı dinləyir.

Hollandiya kraliçası Beatrisin ən sevimli müğənnilərindən biridir: “Bir dəfə konsertdə rastlaşdıq. Üç qızım var, üçü də sənin fanatındır, bütün günü səni dinləyirlər dedi. Sözün əsl mənasında, şok oldum”...

Türkiyə ilk dəfə onu Günəri Civaoğlunun “Şəffaf oda” proqramındakı gözəl ifası ilə tanıyıb.

Hər il Türkiyədəki caz festivallarının qonağı olur, sonuncu dəfə fevralın 20-də İstanbulda böyük konsert proqramı ilə çıxış edən Dönməz Qətər, İordaniya, Belçika və Almaniya qastrollarına hazırlaşır.

Hollandiyanın Nora Consu adlandırılan Karsu Dönməz Əzizə Mustafazadə kimi virtuozlarla müqayisə olunur.

Karsunun konsertinə gələnlər və onu dinləyənlərsə təəccüblərini gizlədə bilmirlər. Konsertinə modern Qərb musiqisi ilə başlayan Karsu Qaradəniz türkülərini də yad edib, Latın musiqisinə bir salam verir və yoluna bluz, fank, salsa ilə davam edir.

Çox qəribə və çox maraqlı bir qız. Türk qızı...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR