Dünyanın açılmayan sirləri – FOTOLAR/VİDEOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın açılmayan sirləri – FOTOLAR/VİDEOLAR

"Texnika inkişaf etdikcə Yer üzündəki müəmmalı hadisələrin də sayı artacaq". Bəzi proqnozları ilə dünyanı heyrətə salan bolqarıstanlı kor qadın Vananın söylədikləri özünü doğruldur. Texnologiyaların inkişafının yüksək sürətlə davam etdiyi son illərdə paranormal hadisələrin də sayı artır. Dünyanın ayrı-ayrı məkanlarında videokameralara düşmüş bir neçə müəmmalı olay var ki, insan övladı hələ də onun sirrini çözə bilmir. Publika.az olaraq paranormal hadisələri, sirri açılmayan görüntüləri sizə təqdim edirik:

Kanada uğultuları

Kanadanın Albert vilayətinin Kalqari şəhərində eşidilən uğultuları əks etdirən videolar dünyanın sirli görüntüləridir. Bu şəhər son vaxtlar Yer üzündə qəribə səslər, uğultularla tanınıb. Bir sıra şəhərlərdə qeydə alınmış vahiməli uğultular son vaxtlar Kalqaridə daha tez-tez eşidilir. Uğultular hər hansı heyvanın, nəhəng cihazın, texnikanın səsinə bənzəmir. Sakinlər qeyd edir ki, həmin uğultular eşidiləndə vilayətin itləri belə qorxularından saga-sola vurnuxurlar. Qeyri-adi səslər səmadan, naməlum yerlərdən gəlir.

Kanadanın başqa şəhərlərində də eşidilən vahiməli uğultular artıq neçə illərdir sakinlərin rahatlığını pozub. Teres şəhərinin sakinləri qeyri-adi səslərə alışdıqlarını desələr də, hər kəsin buna adi yanaşdığını düşünmək sadəlövhlük olardı.

Qulaqbatırıcı uğultu hər gün səhər saat 7:30-da Teres sakinlərini yuxudan oyadır. Tereslilərin sözlərinə görə, uğultu bəzən elə güclü olur ki, səsdən pəncərələrin şüşələri silkələnir.

Bəzi ekspertlər bunu Yerin maqnit sahəsinin dəyişməsi ilə əsaslandırsalar da, həmin versiyaların həqiqətəuyğun olması sübuta yetirilmədiyindən alimlər bu günə kimi Kanada uğultuları üzərində baş sındırırlar.

Meymuna yedizdirilən qadın

Bir müddət əvvəl əcnəbi saytlardan birində yerləşdirilmiş videogörüntülərdə naməlum qadının çarpayıda oturduğu əks etdirilir. Ayaqları olmayan başqa bir nəfər isə əlləri üzərində hərəkət edərək ona tərəf gəlir. Görüntülərin maraq cəlb edən digər hissəsi elə həmin an bədheybət heyvanın dəhliz boyu qaçaraq canını qurtarmağa çalışmasıdır.

Az sonra qaranlıq hamam otağında gözləri, qolları bağlı vəziyyətdə saxlanılan qadın görüntülənir. Bu anda qapı açılır. Məlum olur ki, qaçan heyvan günlərlə ac saxlanmış şimpanze meymunudur. Ac heyvan otaqdakı qadını gördükdə ona hücum edərək yeməyə başlayır.

7 dəqiqə sonra videogörüntüdə meymunun bədənini parçalayaraq öldürdüyü qadının nəşi üzərində oturaraq etdiyi hərəkətdən zövq aldığı əks etdirilir. Dəhşətli görüntülərin sayta necə, haradan yüklənməsi, hansı ərazidə qeydə alınması bu günə kimi məlum deyil.

Satanistlərin 16 görüntüsü

Bir neçə ay əvvəl internetə yüklənən satanistlərlə bağlı videolar da indiyə qədər sirli qalan olaylardandır. Görüntülərdə danışdırılan iki uşaq gizli təriqətin üzvləri tərəfindən işgəncəyə məruz qaldıqlarını, habelə kimsəsiz kilsədə satanistlərin azyaşlılara qarşı zorakılıqlarından bəhs edir.

Bütün bunlar ötən əsrin 80-ci illərində İngiltərədə qurulmuş, özlərinin bəyan etdikləri kimi, məqsədləri zəif iradəli insanları ələ keçirməkdən, yönəltməkdən, sonda isə şeytana qurban verməkdən ibarət olan "9 günah" satanist qrupunun müasir dövrdəki fəaliyyətinə dair sübutlar idi. İnternetə yüklənən bu qəbildən olan videoçarxların sayı 16-dır. Üstəlik, görüntülərdə satanistlərin himayədarları arasında məmurların da olduğu qeyd edilirdi.

Videoçarxlar bir müddət sonra internetdən silindi. Sirri açılmamış görüntülər şeytana qulluq edən təriqət üzvlərinin aktiv fəaliyyətindən xəbər verir.

Ruhların qovub öldürdüyü Eliza

19 fevral 2013-cü il... Los-Ancelesdən olan Eliza Lam adlı qız Kanadada qaldığı "Sesil" adlı otelin su çənində ölü tapıldı. Özü də təsadüf nəticəsində. Həmin vaxt oteldə dincələn turistlər istifadə etdikləri suyun rənginin və dadının dəyişməsindən mehmanxana administratoruna şikayət etdilər. Yoxlamalar zamanı su çəninin içində 3 həftə qalmış cəsəd aşkarlandı.

Müəmmalı ölümlə bağlı təhqiqata başlayan Kanada polisinin kriminalistləri təhlükəsizlik kameralarına baxış keçirən zaman xeyli təəccübləndilər. Otelin liftinə quraşdırılmış nəzarət kameralarına düşən görüntülər asayiş keşikçilərini də qorxutdu. Videogörüntülərdə Elizanın hansısa sirli qüvvədən, naməlum varlıqdan qaçmağa çalışdığı, liftin də elə bu zaman işləmədiyi açıq-aydın görünürdü. Qadın başını liftdən çölə çıxararaq boylanır, sonra küncə qısılaraq dayanırdı. O, liftin qapılarını bir neçə dəfə bağlamağa cəhd etsə də, səyləri uğursuzluqla nəticələndi.

Bu səbəbdən də qadın lifti tərk etdi və bir neçə dəqiqə sonra müəmmalı şəkildə dünyasını dəyişdi. Sirli məqam bundan ibarətdir ki, Eliza lifti tərk etdikdən sonra qaldırıcı qurğu işləməyə başlayıb.

Üç həftə sonra qadının cəsədinin qapağı bağlı su çəninin içindən çıxması bu olayı daha da sirli etdi. Qızın iki zirehli qapaqla qorunan çənin içinə hansı şəraitdə düşməsi istintaqa hələ də məlum deyil. Qadının su çəninin içinə girdikdən sonra onun qapağını bağlaması mümkünsüzdür. Cəsəd üzərində həyata keçirilən tibbi yoxlamalar meyitin üzərində heç bir zorakılıq əlamətinin olmadığını üzə çıxardı. Ruhi xəstəlikdən əziyyət çəkməyən Elizanın narkotik maddədən istifadə etmədiyi də təsdiqləndi.

Bu səbəbdən təhqiqatçılar indiyə qədər qızın xüsusi mühafizə olunan, ikiqat qapaqlı çənin içinə necə düşməsi, üstəlik, qapağın kim tərəfindən örtülməsi sualına hələ də cavab tapa bilmirlər.

Sirri açılmamış "Max Headroom"

1987-ci ilin 22 noyabrında, səhər saat 09:14 radələrində ABŞ-da fəaliyyət göstərən "WTTW-11" telekanalı özünün gündəlik verilişini təqdim edərkən efirdə baş verənlər həm telekanal işçilərini, həm də onun milyonlarla seyrçisini şoka saldı. Verilişin yayımı gözlənilmədən dayandırıldı və efirdə qəribə görkəmli insan peyda oldu. Müxtəlif hərəkətlər edən maskalı şəxs "Məni tutmaq üçün gəlirlər, sevginiz yox olur" – deyə qışqıraraq yüngül davranışlarını davam etdirdi. Görüntülər bir neçə saniyə efiri zəbt etdi.

Araşdırmaçılar efirin bu cür gözlənilmədən qəsb edilməsinin ancaq çox güclü mikrodalğalar vasitəsilə mümkün olduğunu deyirlər. Ekspertlərə görə, informasiya texnologiyalarının o qədər də təkmil olmadığı həmin dövrdə bunu etmək mümkün deyildi. Olayın insanlar tərəfindən həyata keçirilmədiyi, Yer kürəsinin xaricindən idarə olunduğu vurğulanır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm