• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ölümündən sonra doğulan yazıçı

  • Maraqlı
  • 29 Sentyabr 2015 00:36
  • 870 Baxış
Ölümündən sonra doğulan yazıçı

Rus ədəbiyyatının görkəmli nümayəndəsi Andrey Platonovu Azərbaycan oxucusu elə də yaxşı tanımır. Şəxsiyyəti, özünəməxsus yazı tərzi ilə yadda qalan Platonov ədəbiyyatdan, sözdən heç vaxt uzaq qalmadı. "Gizli adam", "Jan", "Ehtiyat", "Şübhəli Makar", "Çevenqur" kimi əsərlərin müəllifi iddiasız böyük yazıçı idi.

Bu yazı dahi yazıçının həyatının qısa görüntüsüdür…

Qısa arayış

Andrey Platonov Voronej qəsəbəsində anadan olub. Doğum tarixi haqqında dəqiq məlumat yoxdur.

Atası Platon Firsoviç Zadonsk adlı meşşan şəhərindən idi. İnqilabi hərəkatda, vətəndaş müharibəsində iştirak edib və Voronej dəmir yolunda çilingər kimi işləyib.

Anası Mariya Vasilyevna da Zadonskda saatsaz ailəsində dünyaya göz açıb. On uşaq anası olan dindar və evdar qadın çox səxavətli və dözümlü insan idi.

Ata-anasının unudulmaz cizgiləri Platonovun yaddaşında daim yaşayıb gözəl əsərlərdə ortaya çıxacaqdı...

Əzablı yollar

1906-cı ildə valideynləri balaca Andreyi kilsənin ixtiyarındakı məktəbə tapşırırlar. Buranı qurtardıqdan sonra o, şəhər məktəbinə göndərilir. Andrey daim çalışqanlığı, möhkəm yaddaşı ilə irəliyə doğru qəti addımlar atır, lazımlı fənləri dəqiq mənimsəyirdi. Məktəbi bitirdikdən sonra Andrey maşinist köməkçisi olur və ilk dəfə şəkillərini gördüyü mexanizmlə yaxından tanış olur. Daha sonra mexanizm kimi işləyən Andreyin texnikaya marağı daha da artır. Yazıçını hələ irəlidə başqa işlər gözləyirdi: zavodda işçi, kontor qulluqçusu... Bu işlərin hamısı Andreyi həyatın içinə atıb yoğurur, əzir, bərkidirdi... Böyük yazıçının yolu böyük həyatdan keçirdi...

1917-ci il inqilabi hərəkatın və sosial dəyişikliklərin nəticəsində A.Platonov özündə ruh yüksəkliyi tapdı, yaranan ideyalara səmimi qəlbdən inandı.

Texnikaya olan marağı Andreyi ədəbiyyata və tarixə olan həvəsini ortaya çıxardı. 1918-ci ildə Voronej Universitetinin tarixi-filoloji fakültəsinə daxil olan Platonov orda yalnız bir kurs oxuyur və sənədlərini elektrotexnika fakültəsinə təhvil verir. Aradan iki il keçəndən sonra Andrey dəmir yolunda kursant-elektrik kimi işləyir...

Vətəndaş müharibəsi illərində dəmir yolunda böyük xidmətlər göstərən Platonov daha sonra yaşadığı bu anları "Gizli adam" povestində yazacaq...

Tanınmış Platonov

Texniki peşəni seçməsinə baxmayaraq, Platonov ədəbiyyat adamı idi. O, heç vaxt yazmağı unutmurdu. Onu həmişə poeziya cəlb edirdi. Andrey artıq Platonov imzası ilə ilk şeirlərini dövri mətbuatda çap etdirirdi. Platonov daha sonra "Dəmir yol" qəzetində katib köməkçisi kimi işləməyə başladı. Qəzetdə işləməyi Platonova məşhurluq gətirdi. Yazıçı dünyagörüşünə yaxın olan insanlarla tanış oldu, onlarla fikir mübadiləsi apardı. Publisistik yazıları böyük diskussiyalara yol açdı. Bu aralar Platonov nəsr əsərləri də yazırdı...

Evlilik

1922-ci ildə Platonov Mariya Kaşinçeva ilə evlənir. Voronejə gələn yazıçı gözəl xəbər gözləyir: Mariya hamilədir. Oğlan uşağını qucağına alanda Platonov çoxdan fikirləşdiyi adı balacaya qoyur: Platon.

Texniki işləri davam etdirən Platonov böyük uğurlar əldə edir, eyni zamanda əsərləri ilə ədəbiyyatda öz imzasını təsdiqləyirdi.

Gərgin günlər

İyunda, 1926-cı ildə A.Platonov arvadı Mariya və üç yaşlı oğlu Platonla birlikdə Moskvaya gedir, orda mütəxəssislər evinə köçür. İşlərini bir kənara buraxıb özünü novator mühəndis kimi təsdiq etməyə çalışan Platonov ailəsini Moskvada qoyub Tambora gedir. Amma daxilindəki istedad onu ədəbiyyata sürükləyirdi. Çünki o, ədəbiyyat adamı idi. Tamam yeni üslub, yeni dillə yazan Platonov məşhur əsərlərini çap etdirməkdə idi.

1929-cu ildə ölkədəki siyasi dəyişikliklər nəticəsində mədəniyyət sahəsinə nəzarət gücləndi. Yazıçıların təqibi və həbsi başlandı. "Ehtiyat", "Şübhəli Makar" hekayələrinin çapından sonra Platonov kəskin tənqidə tuş gəldi. Platonovu fərdi anarxiyaçılıqda günahlandırdılar. Yazıçı məşhur əsəri "Çevenqur"u tamamlamaq üzrə idi. Yeni dünyanın qurulmağı ideyası ilə çıxış edən əsər 1972-ci ildə Parisdə çap olundu. Rus dilində "Çevenqur" yalnız 1989-cu ildə işıq üzü gördü.

1934-cü ilin martında yazıçı böyük bir qrupla Türkmənistana yola düşür. Bu ölkədə keçirdiyi günlər Platonova təsir edir, yazıçını ruhlandırır. "Jan" povesti, "Takır" hekayəsi məhz Türkmənistanda olan yolçuluqda yazılan əsərlərdəndir. Geri dönən yazıçı Sovet Yazıçılar Birliyinə daxil olur. Ancaq əsərlərinə olan təzyiqlər və tənqidlər səngimək bilmir, eyni sürətlə davam edirdi. Bütün bunlarla bərabər, yazıçı daha böyük bir çətinliklə qarşı-qarşıya gəlir: on beş yaşlı oğlu həbs olunur.

Müharibə illəri

Böyük Vətən Müharibəsi başlayanda yazıçını ailəsi ilə birlikdə Ufaya köçürürlər. 1942-ci ilin iyulunda yazıçı "Qırmızı ulduz" qəzetinin savaş müxbiri kimi cəbhəyə göndərilir. Daha sonra müharibə illəri onun əsərlərində təsvir olunur: "İlahiləşdirilmiş insanlar", "Doğma vətənin sakini" və üç kitab məhz müharibədən bəhs edirdi.

Müharibədən sonra, 1946-cı ildə Platonovun məşhur hekayəsi işıq üzü görür: "Qayıdış". Hekayə tənqidçilərin kəskin etirazına səbəb olur.

Rusiyanın ən böyük yazıçısı

Yazıçı Konstantin Paustovski Rusiyanın Ədəbiyyat Universitetində müasir ədəbiyyatdan mühazirə oxuyan vaxt tələbələrdən biri əlini qaldırıb bu sualı verir:

- Müəllim, Rusiyanın ən böyük yazıçısı kimdir?

Sual Paustovskini çaşdırır. O, qol saatına baxıb:

- Mən sizə on dəqiqədən sonra Rusiyanın ən böyük yazıçısını göstərərəm... - deyir.

Vaxt tamam olanda Paustovski tələbələri pəncərənin qarşısına gətirir. Soyuq, qarlı bir havada kimsə əlində bellə buzları qırırmış.

Uşaqlar heç nə başa düşmürlər.

- Kimdir bu adam? - Onlardan biri soruşur.

Paustovski həmin adamı işarə ilə göstərərək deyir:

- Baxın, Rusiyanın ən böyük yazıçısı odur: - Platonov.

Son

Son illərdə vərəm olmağına baxmayaraq, yazıçı yazmağa davam edirdi. "Nuhun gəmisi" onun yazdığı son pyes olaraq yaddaşlarda qalır. Pyesin səhnəyə qoyulması uğrunda dəridən-qabıqdan çıxan Platonov buna müvəffəq olmur. Pyes yalnız yazıçının ölümündən sonra tanınır.

Platonov 1951-ci ildə vəfat etdi. Yazıçı heç nəyə önəm verməyərək həyatını ədəbiyyata qurban verdi. Ölümündən sonra dünyaya yeni bir yazıçı gəldi...

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR