Bağırov hönkür-hönkür ağlamışdı
Bizi izləyin

Bilgi.az

Bağırov hönkür-hönkür ağlamışdı

Bağırov hönkür-hönkür ağlamışdı

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının son hissəsini dərc edirik. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: " Cənubi Azərbaycanda ABŞ və Britaniyanın təsir "rıçaqları" işləməyə başlayacaq" - Gizli tarix " - http://publika.az/p/10934)

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK

STALİN YOLDAŞA

May ayında etibarən Bakı və Kirovabad hərbi məktəblərində İran Azərbaycanından 375 zabit və kursant təhsil alır. İranda vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq, bizdə, Naxçıvan rayonunda bu kontingentdən qabaqcadan iki dəstə – biri qırıcı-tank əleyhinə, digəri isə artilleriya zəruri sayırıq. Onlar qənimət kimi ələ keçirilmiş alman istehsalı olan tank əleyhinə silahlar, minomyotlar və toplarla silahlandırılacaqlar. Bu dəstələr lazım gəldikdə, Sizin icazəniz əsasında Azərbaycan demokratlarının sərancamına veriləcəklər.

Sizin göstərişlərinizi gözləyirik.

İ.İ.Maslennikov

M.C.Bağırov

2 dekabr 1946-cı il

F № 1, siy. № 89, iş № 112

ÜİK(b)P MKSTALİN YOLDAŞA

Təbrizdən alınmış informasiyanı Sizə təqdim edirəm.Dekabrın 4-də İran qoşunları Zəncan rayonundan Miyanə istiqamətində hərəkət etməyə başlayıblar. Azərbaycan və İran qoşunlarının ön hissələri arasında bir neçə saat davam edən döyüş baş verib. İran qoşunları tanklar, səhra topları və minomyotlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidməti çəkən Azərbaycan partizan dəstələri Rəcəin kəndi və dəmiryol stansiyasını tərk edərək, yeni müdafiə mövqelərinə çəkiliblər.

Azərbaycanlıların Miyana qruplarının komandiri Daneşyan Pişəvərinin adına göndərdiyi teleqramda tank pulemyotları və ixtisaslı zabitlərlə yardım göstərməyi xahiş edib. Daneşyanın digər bir teleqramından görünür ki, İran qoşunları həmçinin Xalxala hücum etmək və Ərdəbili ələ keçirmək üçün Tzeron və Ərməğan Xətə kəndləri ətrafında cəmləşir.

Pişəvəri radio vasitəsilə əhalini İran qoşunlarının Azərbaycana hücumu barədə xəbərdar edib.

Təbrizdə hərbi vəziyyət elan olunub.Azərbaycanın hər yerindən kəndlilər müdafiə olunmaq üçün silahlandırmaq xahişi ilə Demokrat Partiyasının Mərkəzi Komitəsinə müraciət edirlər. Amma silah olmadığından rəhbərlik bu xahişləri yerinə yetirə bilmir.

Azərbaycan Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç olmasa minimal həcmdə yardım göstərməyi: 16 top, 5 min tüfəng, 20 tank əleyhinə silah və müvafiq miqdarda mərmi və patron verməyi xahiş edir.

M.C.Bağırov

5 dekabr 1946-cı il

MOSKVA, ÜİK(b)P MK STALİN YOLDAŞA

İran Azərbaycanındakı vəziyyətlə bağlı məni qəbul etməyinizi xahiş edirəm.

M.C.Bağırov

5 dekabr 1946-cı il

M.C.Bağırovla Stalinin görüşünün baş tutub-tutmadığı məlum deyil. Amma V.Molotovun rəhbərlik etdiyi məxfi qrup 10 dekabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsi bürosunun iclasında S.C.Pişəvərini vəzifəsindən azad edərək, partiyanın sədri postuna isə Məhəmməd Biriyanı təyin etdi.V.Molotovun tərtib etdiyi mətin əsasında M.Biriya Azərbaycan Demokrat Firqəsi adından müraciətlə çıxış etdi. Bu müraciətdə deyilirdi: "Şah qoşunları Azərbaycana gəlir və İran Məclisinə seçkilərə nəzarət edəcək. Seçkilər keçirilməli və İran Məclisinə təqdim olunmalıdır".

Buradan görünürdü ki, artıq Kreml M.C.Bağırovu milli hisslərinə görə Cənubi Azərbaycandakı hadisələrə təsir göstərmək imkanından məhrum edir! M.Biriya Bakıya mühacirət etdikdən sonra M.C.Bağırovun qəzəbindən yaxa qurtara bilmədi: həbs olunub Sibirə sürgün edildi.

Dekabrın 20-də Cənubi Azərbaycanda şah rejimi bərpa olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.

Bakıya mühacirət etməyə məcbur olmuş S.C.Pişəvəri, S.Padeqan, T.İlhami, R.Qazi digər demokratlar M.C.Bağırovun ətrafına toplaşıb ondan tədbir görməsini xahiş etmişdilər. Bağırov onların yanında İ.Stalinə zəng vurmuşdu. Söhbət zamanı o milli hərəkat xadimlərinə qarşı törədilən özbaşınalıq və zorakalıqlar haqqında danışıb Cənubi Azərbaycan hökumətinin fəaliyyətini bərpa etməyə köməklik göstərməyi xahiş etmişdi. Buna isə Stalin belə cavab vermişdi: "Beş milyon azərbaycanlıya görə mən üçüncü dünya müharibəsinə başlaya bilmərəm".

Telefon söhbətindən sonra, şahidlərin dediyinə görə, Bağırov hönkür-hönkür ağlamışdı. Ertəsi gün İ.Stalindən Azərbaycan demokratlarına ünvanlanmış teleqram gəldi; o, demokratları dözümlü, ciddi və möhkəm olmağı çağırırdı.

Cənubi Azərbaycandakı hərəkat iflasa uğrasa da, M.C.Bağırov öz çıxışlarında, kitablarında həmişə Cənubi Azərbaycan məsələsini qoyurdu. O, bu məsələdə hətta Stalinlə də razılaşmırdı.

1950-ci ildə M.C.Bağırovun "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" kitabı çapdan çıxdı. Kitabın 30-cu səhifəsində o, yazırdı: "Ümumdünya miqrasiya prosesində Azərbaycan tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdiriblər. Buna baxmayaraq, Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib.

Amma İranda fəaliyyət göstərən irticaçı qüvvələr Cənubi Azərbaycanda milli dili məhv etmək siyasətini həyata keçirirlər. Azərbaycan dilində oxumaq və təhsil almaq qadağan olunub, Azərbaycan dilində yazılmış kitablar yandırılır, onların müəllifləri isə təqib olunur. Lakin onlar öz çirkin məqsədlərinə nail olmayacaqlar. Azərbaycan dili özünü həmişəlik qoruyub saxlamaq hüququna malikdir, o yaşayır və yaşayacaqdır".

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm