• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nobel mükafatı almış müsəlmanlar - Fotolar

  • Maraqlı
  • 7 Aprel 2014 10:08
  • 5 984 Baxış
Nobel mükafatı almış müsəlmanlar - Fotolar

İsveç millionçularının vaxtılə Bakı Neftindən əldə etdikləri kapitalın hesabına əsasını qoyduqları Nobel Mükafatı bir çox ölkələrin alimlərinə verilib. Maraqlısı odur ki, bu siyahıda mükafatların sayına görə Qərbi Avropa və Yeni Dünya ölkələri, onların timsalında isə yəhudilər üstünlük təşkil edir. Müstəqil İsrail dövlətinin mövcüd olduğu dövrdə ölkənin elm aləmində bu nailiyyəti təkrar edənlər olmasa da, müxtəlif ölkələrə səpələnmiş yəhudilər bunu bacarıblar. Bəs müsəlman ölkələrindən bu prestijli mükafatın sahibləri ümumiyyətlə var mı? Onların sayı öncə sadaladığım pillələrdən çox-çox uzaq olsa da, onlar var.

Beləliklə, Nobel Mükafatını alan müsəlmanları sizlərə təqdim edirəm.

İlk müsəlman Nobel laureatı 1970-1981 illər arası Misirə rəhbərlik edən Ənvər Sadatdır. O, Nobel Sülh Mükafatını 1978-ci ildə İsrailin Baş Naziri Menahem Beginlə birlikdə “1978-ci ilin 17 sentyabr tarixində Kemp-Deviddə imzalanmış Yaxın Şərqdə sülh prosesi haqqında ikitərəfli razılaşmalara və Misirlə İsrail arasında sülhə verdikləri töhfəyə görə” almışdılar.1981-ci ildə mühafizəkarlığı ilə seçilən «Əl-Qamaa Əl-İslamiyə» və «Misil-islam cihadı» terror qruplaşmaları birləşərək Ənvər Sadata qarşı qəsd hazırlamışdılar.Hər iki qruplaşma Ənvəri İsraillə yaxınlığına və cəmiyyətin islamlaşdırılmasına qarşı çıxdığına görə qətlə yetirmişdilər. Onun ölümündən sonra vitse-prezident Hüsni Mübarək hakimiyyətə keçdi.

Abdus Salam . O, 1979-cu ildə Fizika üzrə nobel Mükafatını Şeldon Li Qleşou və Stiven Vaynberqlə birgə fəaliyyəti nəticəsində əldə etmişdir. Pakistan əsilli bu alimə mükafat “ elementar hissəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsiri teoriyası, eyni zamanda zəif neytral carilərin proqnozlaşdırılmasına verdiyi töhfəyə görə” verilmişdir. Qeyd edim ki, alim öz Vətənində bir çox təzyiqlərə məruz qalmışdır. 1974-cü ildə Pakistan Parlamenti konstitusion dəyişiklik edərək Abdus Salamı “kafir” elan etmişdir. Buna etiraz olaraq alim Pakistanı tərk edərək Londonda məskunlaşmışdır. 1959-cu ildən etibarən Abdus Salam London Kral cəmiyyətinin üzvü seçilmişdir.

Ədəbiyyat üzrə Nobel alan ilk müsəlman yazıçı Nəcib Məhfuzdur, maraqlısı isə odur ki, o, ərəb dilində yazırdı və yalnız fransız dilinə tərcümə olunandan sonra dünya tərəfindən kəşf olunmuşdur. Onun ən məşhur əsəri “Qahirə trilogiyası”-dır. ”Bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ərəb hekayəsinin realizm və çalarların zənginliyinə görə” 1988-ci ildə Naqib Mahfuz Nobel Mükafatını qazanmışdır. Yazıçı sağ ikən Vətənində də çox sevilirdi. Misirin paytaxtı Qahirədə, mərkəzi küçələrin birində yazıçının sağlığında ona bürünc heykəl ucaldılmışdır. Əksər əsərləri əsasında filmlər çəkilmişdir.

Misir ədəbi mühiti üçün N. Məhfuz həddindən artıq liberal yazıçı hesab edilirdi. Onun əsərləri islamçılarda narazılığa səbəb olurdu və 1994-cü ildə fanatiklərdən biri bıçaqla ona hücüm edərək ciddi yaralamışdı. Yazıçının səhhətində problemlər yaranmağa başlasa da, o yazmağa davam edirdi və tarixdə ən uzunömürlü Ədəbiyyat Nobel mükafatçısı sayılır.

Növbəti mükafatçımızla ilk Nobeli alan Ənvər Sadat arasında oxşar cəhətlər çoxdur. 1994-cü ildə Nobel Sülh Mükafatı Fələstinin lideri Yasir Ərafata təqdim olundu. Oxşar cəhətlərdən biri isə onun bu mükafatı İsrailin siyasətçiləri İshak Rabin və Şimon Pereslə birgə “Yaxın Şərqdə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə” almasıdır. Yasir Ərafata qarşı edilən sui-qəsdlərin sayı həddindən çoxdur, onlarla belə qəsd arasında həm İsrail, həm ərəb ekstremistləri tərəfindən edilən hücumalrı nümunə göstərmək olar. Fələstinin bəzi qruplaşmaları Yasirin siyasətini «yumşaq» hesab edirdilər.

Kimya sözü ərəb əsilli olsa da, təəssüf ki bu elm sahəsi üzrə Nobel Mükafatını almaq yalnız bir nəfər misirli alim Əhməd Zəvailə(fevral 26, 1946) nəsib olur. 1999-cu “ Femtosaniyəli spektroskoplarla kimyəvi reaksiyaların keçici vəziyyəti barədə apardığı tədqiqatlara görə» Nobel Mükafatına layiq görülüb. Zəvail elm aləminə femtokimyanın əsasını qoymuş alim kimi tanınır. Əhməd Zəvail hal-hazırda Misirdə “Elmin dirçəlişi milli layihəsi”-nə rəhbərlik edir.

Zəvail indiyədək öz təvazökarlığı və sadə həyat tərzi ilə seçilir. Misirdə olarkən qadın jurnalist Muna Şazli ondan müsahibə alarkən bir nüansa diqqət etmişdir. Nobel mükafatçısı, dünya şöhrətli alimin işlətdiyi mobil telefon həddindən artıq köhnə və ucuz imiş. Buna cavab olaraq Əhməd Zeveyl dəbdəbəli həyat tərzindən uzaq olduğunu və inkişafın zahiri göstəricilərinə laqeyd yanaşdığını bildirmişdir.

Daha bir ilk isə 2003-cü ildə baş veribr. Belə ki, ilk dəfə olaraq müsəlman qadın, iranlı hüquq müdafiəçisi Şirin İbadi Nobel Sülh Mükafatına layiq görülüb. Azəri mənşəli Şirin İbadi “İranda insan hüquqları, xüsusən qadın və uşaq hüquqları uğrunda mübarizəyə verdiyi töhfələrə görə” mükafatı qazanır. İbadi çıxışlarında öz islamsevərliyi və vətənpərvərliyi ilə seçilib. O, həmişə xaricdən İrana hər-hansı müdaxilələrə etiraz etmiş və insan hüquqları uğrudna mübarizənin yalnız iranlılar tərəfindən aparılmağının vacibliyini vurğulayır.

İbadinin Nobel alması İranda sevinclə qarşılanmışdır, insanlar bu xəbəri qeyd etmək üçün küçələrə çıxmışdılar. Lakin İranın prezidenti Məhəmməd Xatəmi bununla bağlı daha sərt çıxış etmişdir, o Nobel Sülh Mükafatını bir çox hallarda dövlətlərə təzyiq vasitəsi hesab edir.

2005-ci ildə ikinci dəfə Nobel Sülh Mükafatına misirli layiq görüldü. Siyasətçi Əl-Baradey Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə “nüvə silahının hərbi məqsədlərlə istifadə edilməsinin qarşısının alınması və dinc məqsədlər üçün istifadə edildiyi tədqirdə maksimal təhlükəsizliyin təmin edilməsində etdiyi səylərə görə” mükafatı almışdır. Əl-Baradey bir vaxtlar Misir prezidenti postunu tutmaq istəsə də, bir müddət sonra seçkilərdə iştirak etməkdən imtina edir.

2003-cü ildə məhz Əl-Baradey BMT-nin Təhlükəsizlik Şurasına amerikan kəşfiyyatının İraqda nüvə silahının istehsal edilməsi layihəsinin mövcudluğu barədə verdiyi məlumatları təqzib edən hesabatla çıxış etmişdir.

Xatırladım ki, agentlik mükafatı alarkən onun ən mühüm simalarından biri də azərbaycanlı olur.

Bu şəxs Bəxtiyar Siracovdur. 2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Bununla da, Bəxtiyar Siracov qrup halında olsa belə bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.

2006-cı il digər illərə nisbətən daha məhsuldar il olmuşdur. Artıq bu ildə düz iki nəfər müsəlman prestijli mükafatı almışdılar. Onlardan biri türkiyəli yazıçı Orxan Pamuk, digəri isə Banqladeşdən olan iqtisadçı-alim Məhəmməd Yunisdir.

Banqladeşdən olan Yunis Məhəmməd özünün yaratdığı "Grameen bank"la birgə “aşağıdan iqtisadi və sosial inkişafın yaradılması istiqamətində ki səylərinə görə” Nobel Sülh mükafatına layiq görülür. O iqtisad elmləri üzrə professordur və yoxsullar üçan mikro-kreditlərin verilməsi, eyni zamanda “kənd hakimiyyəti” ideyalarının müəllifidir. Onun yaratdığı proqram sayəsində milyonalrla Asiya sakininin həyat səviyyəsi yüksəlib.

«Əgər mən qanunları yazsaydım, tamamilə başqa cür edərdim. Tutaq ki, işsiz birisi kiçik biznes üçün kredit götürür və onun vəsaiti eyni məbləğdə artır. Bu onu daha da ruhlandıracaq, güc verəcək. Mən köhnə həyatla yeni həyat arasında körpü qurardım. Qoy insan ilk 5 ildə öz işini inkişaf etdirsin və öz vəsaitini səhiyyə sahəsində saxlasın. Əgər 5 il sonra məlum olsa ki, o artıq ayaq üstə dura bilir, biz öz yardımımızı dayandıracağıq»

Nobel Mükafatı alan ilk Türkiyəli isə “Mənim adım qırmızı” əsəri ilə məşhur olan və daha çox erməni və kürd soyqırımlarını tanımaqla Vətənində qınağa çevrilən çərkəz əsilli Orxan Pamukdur. 2006-cı ildə o bu mükafatı “öz doğma şəhərinin melanxolik ruhunu axtararkən mədəniyyətlərin toqquşmasına və qarışmasına səbəb olan yeni işarələr tapdığına görə” alıb.

«Türkiyədə bir million erməni və 300 min kürd qətlə yetirilmişdir. Bunu heç kim demir, və mən bunu dediyimə görə mənə nifrət edirlər» İşveçrənin»Das magazin» adlı dərgisinə verdiyi müsahibəsində məhz bu fikirlərinə görə Orxan Pamuk Türkiyə höküməti tərəfindən məhkəməyə verilmişdir. Bir neçə il davam edən qalmaqallı məhkəmə çəkişməsindən sonra İstanbul Şişli rayonunun məhkəməsi yazıçıya 6000 lirə cərimə kəsib.

Hələlik Nobel Mükafatı alan sonuncu müsəlman isə yəmənli qadın-jurnalist, hüquq müdafiəçisi Karaman Təvəkküldür. 2011-ci ildə mükafat qrup halındalLiberiyalı Ellen Conson-Syorlif, Qbovi Leyma və Yəməndən olan Karamana “sülhməramlılıq fəaliyəətində və qadınalrın hüquq və azadlıqları, təhlükəsizliyinin təmin olunması uğrunda apardıqları qeyri-zorakı mübarizəyə görə” təqdim olunur.

Ümid edək ki, vaxtılə Şərq- İslam aləmində ayaq tutub yeriyən elm yenidən müharibələrdən və hücumlardandan cana gəlmiş müsəlman ölkələrində çiçəklənəcək.

Rəşid Mustafazadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR