Rus taxt-tacında Türk - Sayın Bulat
Bizi izləyin

Bilgi.az

Rus taxt-tacında Türk - Sayın Bulat

Prof.dr. MinaxanımTəkləli-Nuriyeva

Türk soyundan çıxmış nəsillər Rus dövlətinə böyük simalar: hərb sərkərdələri, elm və mədəniyyət xadimləri, qüdrətli yazıçılar, musiqişünaslar bəxş etdilər. Odur ki, elm aləmində Timiryazev, Miçurin, Baskakov, Karamzin, Şimal tədqiqatçısı Çelyuskin; ədəbiyyatda Turgenev, Dostoevski, Anna Axmatova, Bulqakov, Oqarev, Arçıbaşev; mədəniyyətdə Karatıgin, Ulanova, Taneyev, Şaxovski; sərkərdələr Suvorov, Kutuzov, Uşakov, Kolçak, Apraksin, Şerbaçev, Yuri Meşerski, Çerkizev, Yermolov, Epançin və s. səsi və şöhrəti Rusiyanın səsini və şöhrətini dünyaya bəyan etdirmişdi. Türk soylarından çıxmış bu görkəmli şəxsiyyətlər şərəf və vicdanla yeni vətənə, yeni imana xidmət edirdilər, həm də bu dövrdə aparılan saysız-hesabsız mühribələrdə bu amal uğrunda vuruşurdular. Bu yazımızda isə onlardan biri - Sayın Bulat haqqında söhbət açacağıq.

Sayın Bulat... Rus tarixində bu ad tez-tez gözə çarpmaqdadır; hətta Moskva çarı kimi...

Sayın Bulat Bek Bulat sultanın oğlu, Gəraylar sülaləsindəndir; Qızıl Orda xanı Əhməd xanın nəticəsidir. Dediyimiz kimi o, birbaşa Çingiz xanın özünün düz xətlə gələn nəslindəndir; atası Bek Bulat xan məşhur Əhməd (Axmat) xanın nəvəsi, Axmat xan da öz növbəsində Cucinin törəməsidir.

XVI əsrin 50-ci illərində şahzadə Bek Bulat İvan Qroznı ilə müttəfiq kimi fəaliyyətə keçmişdi. 1552-ci ildə Moskvaya səfir kimi gəldi və daha geri dönmədi. Həm də tezliklə çarla bacanaq olur; Kabarda xanı Temir Yürəkin (Temiryuk) digər qızı Altıncanı alır, beləliklə Altınca Simeon Bekbulatoviçin (yəni Bek Bulat oğlu Sayın Bulatın) anasıdır. Qeyd edim ki, digər 3-cü bacını da Astarxan hakimi İsmayılın oğlu Din Əhməd almışdı; bu ailənin qızlarının hökmdarlara gəlin getməsi ilk hadisə deyildi, II Sultan Bəyazidin xatunu, Yavuz Sultan Səlimin anası Gülbahar xanım da bu ocaqdan çıxmışdı).

Rus çarı bərk güvəndiyi Bek Bulatı 1558-ci ildə Noqay Ordasının sərkarı təyin etmiş və Bek Bulatın 1563-cü ildə Smolenskin zəbt olunub rus torpaqlarına qatılması uğrunda gedən döyüşlərdə iştirak etməsi məlumdur. Bek Bulat 1566-cı ildə Rusun həmişə öz "başını qatdığı" hərbi yürüşlərin birində öldürülür. Bu zaman Kasım xanı Şah Ali xan da öldüyündən Astarxan şahzadəsi adlanan Sayın Bulat Kasım xanları taxtına sahib olur. İvan Qroznı onu atasına xatir özünə yaxınlaşdırır; ardınca Sayın Bulat onun İsveçlilərlə apardığı müharibədə iştirak edir. Bu savaşda hələ cavan olan İvan Qroznı özü qoşuna rəhbərlik edirdi; Sayın Bulat da daim onun yanında bulunurdu. 1567-ci ildə Şahzadə Sayın Bulat artıq Rusun idarəsində olan Kasım xanlığı taxtına əyləşir; 1573-cü ilədək xanlıq edir. Elə həmin ilin iyulunda şahzadə Sayın Bulat xristianlığı qəbul edib Simeon adını alır, başqa cür də ola bilməzdi əlbəttə. Gənc Simeon Bekbulatoviç həmən knyaz Çerkasskinin dul qadını (bu xanım knyaz İvan Mstislavoviçin qızı Anastasiya idi) ilə evlənir. İndi artıq Sayın Bulatın, yeni Simeonun müsəlman Kasım xanlığına heç bir iddiası ola bilməzdi!

news-detail

Kasım xanlığı 15-ci əsrdə meydana gəlmişdi və mərkəzi də Oka çayı üzərində yerləşən Kasım şəhəri(müasir Kasimov) idi. Xanlığın birinci hakimi Qasım xan (1452-1469) olduğundan səltənət də, paytaxt da onun adıyla adlanırdı. Bu qədim şəhərin ilk adı Xan Kermen ("Xan şəhəri") olmuşdu. Lakin 1152-ci ildə Moskva knyazı Yuri Dolqoruki onu zəbt etdikdən sonra şəhər ta Kasimov olana qədər yerli xalqın adıyla - Mişer (mişer-mişar tatarlarının adıyla) adlanmaqda davam edirdi.

Sayın Bulat – Simeon Rus taxt-tacına dəvət alarkən Xan Kermendə yaşayırdı. Onun Rus çarının yanında xidmətə başlaması ilə Kasım xanlığına Sibir xanları komandanından Kasım xanının nəvəsi Araslan xan keçir. Arslan Kuçum xanın ruslarla döyüşdə öldürülən oğlu Alinin oğludur. Kasımın sonuncu xanı gənc Seyid Bürhan isə onun oğludur.

1575-ci ildə İvan Qroznı Sayın Bulatı, yəni artıq Simeon Bekbulatoviçi bütün Rusun Böyük Knyazı elan edir və Moskva çar taxtına əyləşdirir. Rus çarı təyin olunanadək həm də Sayın Bulat, Boyar Dumasına rəhbərlik edirdi.

Əlbəttə, ruslar, hətta rus tarixçiləri belə, onun çarlığı haqqında susmağa üstünlük verirlər; tarix kitablarında bu barədə verilən məlumatlar isə bir müəmmalı maskaradın açılmadan bəhs olunan bəyanı təsiri bağışlayır. Təbii ki, rus hakim dinastiyasında da, hətta Rusiyanın adlı-sanlı məruf şəxsiyyətləri sırasında da onun adına heç bir yerdə rast gəlmək mümkün deyil. Bu faktın müəmmalı cəhəti odur ki, İvan Qroznının niyə belə etdiyinin əsil səbəbi də aşkar deyil və ya həmin səbəbi birbaşa açıqlayan "böyük səbəb" ortada yoxdur.

Lakin bu ad və bütün tarixi fakt tarixin özünün lal səhifələrindən birbaşa deyilməsə də həmin dövrün tarixi şəraiti bu barədə olan fikirləri müəyyən istiqamətə yönəldə bilir. Moskva Rusu (bu zaman o, Moskva dövləti-Moskva Rusu adlanırdı; Mərkəzi Rus dövləti hələ yaranmamışdı) Qızıl Orda imperiyasının xələfləri olan güclü xanlıqlar ilə mürəkkəb münasibətlər şəraitində yaşamaqda idi. Kazan və Astarxan xanlığı ləğv edilmişdisə də, Sibir və Kırım xanlıqları çox güclü idi. Moskva Rusu xüsusən Kırım xanlığından cəzana gəlmişdi. Bir az irəli gedək: İvan Qroznı özü və yaxın xələfləri həmin əsrin sonunadək Sibir xanlığını itaətə gətirəcəkdilər; lakin Kırım xanlığının isə işğalı və Rusiya idarəsinə tamamən keçməsi işi isə düz 200 il sonra II Yekaterina dövründə olacaqdı.

İvan Qroznı çox ehtimal ki, keçmiş Kazan xanlığı və qonşu Kasım xanlığı ilə yaxşı münasibətlərə əsaslanmaqla Kırımdan olan ardıcıl hücumlarını da bu hərəkətləri ilə önləmək istəyirdi. Cəsur və igid xan olan Dövlət Gəray xan Astarxan və Kazan xanlığının heyfini çıxmaq, daha doğrucu, onları geri almaq ümidi ilə Moskvaya olan tələbindən əl çəkmirdi. Nəzərə alaq ki, ələ keçirilən Kazan və Astarxan müsəlman ölkələri zorla xristianlığa gətirilməklə qanlı girdabda çırpınırdı. Dövlət Gəray buna görə hücum edib Moskvanı yandırdı. Çar Qroznı özü həmin an canini zorla qurtarmışdı; xəzinəsini isə gah Novqorodda, gah Voloqdada gizlədirdi. Təhlükə böyük idi... Hər halda müasirlərinin fikrincə, sehirbazlara, cadugərlərə bərk inanan çardan hər bir ağlasığmaz təşəbbüs və tədbirləri gözləmək mümkün idi. Onların nəhs falını öz üzərindən adlatdırmaq üçün hər halda "Yusif Sərrac" (İranda Şah Abbas örnəyində)tapılmışdı. Qroznı hakimiyyətdən əl çəkir; onun heç bir işinə qarışmır. Bu fakt özlüyündə bir "oyun" olsa belə, hər halda İvan Qroznının gözündə Sayın Bulatın sədaqətli, eyni zamanda böyük adam olması idi. İvan Qroznı "şübhə azarında" çabalayaraq ən yaxınlarını edam etdirdiyi bir şəraitdə bu sədaqət bizim də gözümüzdə böyüyür, gözümüzü açmağa sövq edir.

news-detail

Sayın Bulat ölkəni ədalətlə idarə edirdi. Deyirlər ki, o çarlığı nəhayət təhvil verib onun üçün udel verilmiş Tverə yola düşəndə xalq onu göz yaşları ilə yola salırdı; qarşılayan Tver əhalisi isə onun ədalətliliyini və rəhmdilliyini bildiyindən yeni hakimlərini sevinc və razılıq yaşları ilə qarşılayırdılar. Ardınca IV Ivan Simeon Bekbulatoviçə ayrıca Tver və Torjoku verməklə onun hakimiyyətini məhdudlaşdırırdı və ona bu məqsədlə"Tver böyük knyazı" titulu verir. 1584-cü ildə IV İvanın ölməsi ilə Sayın Bulatın çətin günləri başlanır. Hakimiyyətə keçən ayıq-sayıq adam olan Boris Qodunov çarlığa şərik kimi ondan ehtiyat edirdi. Buna görə də onun mal-mülkünü müsadirə etdirib, titullarından da məhrum etdirdi. Bu titul və şöhrəti, eləcə də torpaqlarının qalan son hissələrini də o Yalançı Dmitrinin vaxtında tamamilə itirir.

...Rus əyanları yenə dinc oturmurdular. İvan Qroznının özündən sonra taxta çıxan xəstəhal oğlu Fyodorun qaynından, çarın ölümündən sonra taxta çıxan bu "əldəqayırma" çar hesab etdikləri Boris Qodunovdan yaxalarını qurtarmaq istəyirdilər. Belə bir şərait yetişməkdə idi; hakim dairə əyanlarının çirkin planı ayaq tutub yeriməyə başladı. Budur, onlar birdən-birə zühur edən, özünə İvan Qroznının uşaqkən faciəli şəkildə həlak olan oğlu Dmitrinin adını götürən rus taxtına əsil çar qanından olan nəfəri təyin etmək istəyirdilər. Lakin buna hazırlıq işləri uzun sürürdü, vaxt istəyirdi; yeri gəlmişkən qeyd edim ki, hakimiyyət uğrunda vuruşan partiyalardan biri - gələcək Romanovlar bu məqsədlə öz diribaş xidmətçisi Qriqori Otrapyovu monastırda illərdir hazırlatdıqdan sonra xaricə qaçırtmışdılar; o cəllad əlindən qurtulmuş şahzadə Dmitri olaraq ölkəyə qayıtmalı idi. Lakin bunlar hələ vaxt istəyirdi, odur ki, onlar çar Simeon Bekbulatoviçi xatırladılar. Axı bu "xaçlanmış xan" bir vaxt İvan Qroznının öz iradəsincə Moskva taxtında oturdulmuşdu. Həm də Sayın Bulat da bir çox adlı-sanlı rus əyanları kimi Yalançı Dmitrini qanuni hökmdar hesab etmirdi. Xülasə, bu düşüncələr, örtülü planlar həyata keçmədən Yalançı Dmitriyə çatdırıldı. Yeni "çar"ın göstərişi ilə Simeon Bek Bulatoviçi dərhal - 25 mart 1606-cı ildə monastıra sürgün etdilər; bu zaman artıq onun gözləri tutulmuşdu. Yalançı Dmitri öldükdən sonra onun yerinə göz tikən Vasili Şuyski "köhnə padişah" Sayın Bulatı unutmamışdı; onu özünə rəqib görürdü. Rus tarixində ləkəli ad qoyub gedən Vasili Şuyski onun bir vaxtlar çar olduğundan bərk xofa düşmüşdü; odur ki, dərhal bu məhbəslər dustağını soyuq cəhənnəmə-Solovkiyə göndərir, ailəsinə divan tutur. Sayın Bulatın altı uşağının altısını da (3 oğlan, 3 qız) öldürtdürür. Beləcə Çingiz xanın nəvəsi bədbəxt Sayın Bulatın 1616-cı ilin yanvarında ömrü başa çatır. Moskvadakı Simonov Monastırında dəfn olunur. Onun qəbrinin üstündə sadəcə "Allah bəndəsi çar Simeon Bek Bulatoviç" yazılmışdır.

Bundan düz 25 il sonra həmin əsrin 40-cı illərində Simeon Bekbulatın sağ qalan nəvələri körpəlikdən salındıqları məhbəsdən azad olunur. Onlardan biri gələcək çar yeniyetmə Pyotrun müəllimi - komandiri olmuşdur. Onun rotası, şəxsən özü 1711-ci il Purut savaşında Pyotru və arvadı Yekaterinanı labüd olan biabırçı əsirlikdən azad etmişdi. İvan Bulatov (Sayın Bulatın nəvələri rəsmən Bulatov soyadını götürmüşdülər; bulat "naxışlı qədim Asiya poladı"; polad qılınc; məcazi mənada möhkəm, etibarlı; türk dillərində bulat, bolat, polad, pulat şəkillərində işlənilir (bax: Radlov 4. 1278, 1374) 1738-ci ildə feldmarşal Minixin komandanlığı altında Kırıma hərbi yürüş əsnasında ölmüşdür. Onun da oğlu Leonti 1741-ci ildəki Pyotrun qızı Yelizavetanının xeyrinə saray çevrilişində iştirak edir və sonra 7 illik müharibədə həlak olur. Onun oğlu Mixail isə dekabrist Bulatovun atasıdır. Məşhur dekabrist Bulatovla isə bu şəcərənin daha bir yeni və mənalı ömrü başlanır (bu da başqa bir söhbətin mövzusudur...)

P.S. Yazının hazırlanmasında bu mənbələrdən də istifadə edilib:

1. Sovetskaya İstoriçeskaya Entsiklopediya (16 cilddə) 1961-1976.t.12., c.870;

2. R.Q.Skrınnikov. Samozvançı v Rosii, Moskva. Nauka, 1983, c.186;

3.Tatarskiy Ensiklopediçeskiy Slovar, Kazan, 1999, s.517-518, Bolşaya Sovetskaya Entsiklopediya, t. 23, s. 389

Oxumağa davam et
Reklam
Reklam

Gündəm