• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Kəsilmiş baş”, “Yaşılgöz əfqan qızı”... - FOTOLAR

  • Maraqlı
  • 22 May 2014 12:25
  • 1 843 Baxış
“Kəsilmiş baş”, “Yaşılgöz əfqan qızı”... - FOTOLAR

Dünyanı sarsıdan ən məşhur fotolar

Küçə ilə gedərkən bir çoxlarımız çiynində fotokamerası olan, şəkil çəkən ya da çəkdirən bir çox insana rast gəlirik. Lakin hər anı əbədiləşdirmək istəyən insanlar çox olsa da, fotoların atom bombasından da güclü silah olmasını təsəvvürlərinə belə gətirmirlər. Bəli, bu gün fotoqrafiya tarixinə nəzər yetirsək, görərik ki, bir çox fotolar bəşəriyyət tarixində vacib tarixi hadisələri əks etdirməsi baxımından əvəzsizdir. Bu işdə hərbi fotoqrafiyanın rolu danılmazdır Qaynar bölgələrdə çalışan fotoqraflar dramatik hadisələri təsirli əks etdirə bilən kadr axtarışında olmuş, hətta həyatlarını bunun üçün təhlükəyə atmaqdan da çəkinməmişlər. Məhz bu fədakarlıqların və fotoya olan sevginin nəticəsidir ki, bu gün bir çox şəkillər dünyanı sarsıdan, hətta sözün həqiqi və məcazi mənasında dünyanı dəyişə bilən məşhur fotolar sırasına daxildir.


İlk hərbi fotoqraf “Ölüm dərəsi”ndə



Krımda müharibəsi (1853-56) başlayanda İngiltərə şahzadəsi Albertin təkidi ilə müxbir Rocer Fenton ( Roger Fenton) cəbhəyə göndərildi. O, hərbi əməliyyatların getdiyi, qaynar Krıma xüsusi missiya ilə gəlmişdi. Müxbir çəkdiyi fotolarla ingilis ictimai rəyində narahatçılığa son qoymalı, cəmiyyətdə müsbət ictimai rəy yaratmalı, ən önəmlisi Britaniya ordusunu, eləcə də müharibəni ingilis maraqlarına uyğun sərfəli formada işıqlandırmalı idi. Fotoqraf həlak olmuş, yaralı əsgərləri, müharibənin gedişində dağılmış məkanları çəkmirdi. Səbəb, ilk növbədə onun qarşısına qoyulan informasiya siyasəti idisə, ikincisi, o dövrdə fototexnikanın imkanlarının məhdud olması idi. Odur ki, Fentonun fotolarında daha çox hərbçilər, məmurlar, düşərgə dayanacaqları, səngərlər, batareyalar və s. üstünlük təş¬kil edir. Bununla da hərbi jurnalistika tarixində Rocer Fenton ilk hərbi fotoqraf hesab edi¬lir. Krım müharibəsindən qayıdanda onun əlində artıq 350 böyük formatlı neqativ var idi. Bu fotoşəkillər ilk hərbi fotojurnalistika nümunələri olmaqla yanaşı, onlardan biri “Ölüm dərəsi” “Dünyanı dəyişən 100 foto” kolleksiyasına daxil edilib.

XX əsrin tanınmış hərbi fotoreportyoru Robert Kapa (Robert Capa) İspaniyada vətəndaş müharibəsində çəkdiyi fotolara görə tarixə düşüb. Zamanınının çoxunu səngərdə keçirən müxbir növbəti hücum başlayanda dərhal fotokamerasını tuşlayır, obyektivə güllədən həlak olan əsgərin ölüm anı düşür. 1936-cı il sentyabrın 5-i tarixiləşən bu şəkil fotoqrafiya tarixində klassik əsərlərdən birinə çevrilir. Robert Kapanın bu təcrübəsi ona bir şeyi öyrədir: Yaxşı şəkil əldə etmək üçün obyektə kifayət qədər yaxın olmalısan. Vyetnamda Hind-Çin yarımadasındakı müharibənin sonlarına yaxın 1954-cü il mayın 25-i mina partlayışı zamanı həyatını itirdi. Bir il sonra ABŞ Mətbuat Klubu onun xatirəsinə “ Robert Kapa Qızıl medalı”nı təsis etdi. Qərara alındı ki, bu medal ən təsirli və təhlükəli şəraitdə çəkilən fotoreportajların müəlliflərinə verilsin.

Hər fotoqrafın çəkə bilməyəcəyi tükürpədici mənzərə

Marqaret Burk-Vayt (Margaret Bourke-White ) dünyada ilk qadın hərbi müxbir, hərbi əməliyyatlara buraxılan ilk qadın fotoqrafdır. 1941-ci il Almaniyanın SSRİ-yə hücumu zamanı Marqaret Burk Vayt Moskvada idi. Maraqlıdır ki, o, SSRİ-də fotoçəkiliş aparmağa icazə almış ilk qərbli jurnalist idi. Baş verənlərdə əsas hadisənin məzmununu, kulminasiya nöqtəsini kadrda tutmağı bacaran tanınmış fotoqraf Şimali Afrika, İtaliya və Almaniyada amerika silahlı qüvvələrini müşayət edib. Onun çəkdiyi şəkillər arasında 1945-ci ilin yazında Buxenvald düşərgəsindən hazırladığı silsilə fotolar mühüm rol oynadı. Sonralar bu çəkilişi xatırlayan fotoqraf deyəcəkdi: Kameranın istifadəsi bir az yüngüllük gətirirdi. O mənlə məni əhatə edən dəhşətlər arasında kiçik bir baryer yaradırdı.” Qadın fotoqraf hansı qaynar nöqtədə olursa, olsun, güclü müşahidəsi sayəsində əsas məqamı kamerasıyla tuta bilirdi. Hətta şəklin effektivliyi üçün lazım gəldikdə, ürək bulandırıcı mənzərəyə belə dözməyə çalışır, əlini çirkləndirməyi belə gözə alırdı. Məsələn: Şimali və Cənubi Koreya arasında müharibədə olduğu kimi. Onu həmin bölgəyə bir missiya—Şimali Koreya kommunistlərinin özbaşınalıqları, vəhşiliklərini işıqlandırmaq üçün göndərmişdilər. Lakin onun üçün əsas məqsəd verilən tapşırıq deyil, gördüyü faktı işıqlandırmağa çalışması idi. Onun bu müharibədə çəkdiyi əsir kişinin başı məhz bu fotolardandır. Şimali Koreya kommunist əsirinin öldürülməsindən sonra Marqaret kəsilmiş başı bir əliylə yerdən qaldırmış, o biri əlindəki fotoaparatla onu çəkmişdi. Şəklin fonunda çiynində balta tutan gülən cəllad isə şəklin dramatizmini, müharibənin əsl simasını açırdı.

“Hücum”, “Çaykosvski”, “Reyxstaq üzərində Bayraq”...

Dmitriy Baltermans ( Дмитрий Балтерманц ) fotoqraf olmağı ağlına da gətirmirdi. Lakin İkinci Dünya müharibəsi başlayarkən 1939-cu ildə sovet qoşunlarının Qərbi Ukraynaya daxil olmasını əks etdirən ilk reportajı onun həyatını dəyişir. Çəkilmiş şəkillər o qədər təsir edici idi ki, nüfuzlu “İzvestiya” qəzeti ona fotoqraf vəzifəsini təklif edir. O, daha çox döyüşən sovet əsgərlərinin mübazirliyi, düşmənə qarşı barışmazlığını əks etdirə bilirdi. Lakin Dmitriy Baltermansın hərbi fotoqraflığı çox çəkmədi, o vəzifəsindən uzaqlaşdırıldı. Səbəb isə qəzetdə onun çəkdiyi şəklin altında yalnış təqdimat olmuşdu. Bu səhv “İzvestiya”da fotoqrafın kar-yerasına son qoydu. Onun məşhur “Hücum” fotosu, İkinici Dünya müharibəsinin sonunda alman şəhərində təsadüfən çəkdiyi “Çaykovskiy” fotosu hərbi fotoqrafiyanın ən sayılıb-seçilən əsə-rlərindəndir. “Çaykovskiy” fotosunda əsgərlər fotoqrafdan xahiş edir ki, doğmalarına göndərmək üçün onların şəklini çəksinlər. Beləliklə adi bir xahiş hərbi fotoqrafiyaya daxil olan təsirli bir şəklin yaranmasına səbəb olur.
Fotoqraf Evgeniy Xaldey ( Евгений Халдей ) hərbi fotoqrafiya sahəsində Almaniya-SSRİ arasında müharibənin birinci və sonuncu gününü kadra köçürdüyü üçün daha çox məşhurdur. Belə ki, Faşist Almaniyasının SSRİ-yə hücumu zamanı 1941-ci il iyunun 22-i Moskvada çəkdiyi “Müharibənin ilk günü” fotosu, 1945-ci il mayın 9-u çəkilmiş “Reyxstaq üzərində Bayraq” fotosu onun ən yaddaqalan əsərlərindəndir.

Generalı ömürlük “öldürən” fotoqrafın etirafı
Eddi Adamsın (Eddie Adams) 1968-ci ildə çəkdiyi “Sayqonda qətl” fotosu ABŞ-da təkcə böyük səs-küy gətirmədi, həm də müəllifinə Pulitzer mükafatı qazandırdı. Şəkildə bir neçə mülki şəxsi öldürdüyünə görə həbs edilmiş vyetnamlı kapitan general Nquen Nqok Loan tərəfindən güllələnir. General ABŞ-a qayıtdıqdan sonra ictimaiyyətdə kütləvi tənqidlə üzləşir, onun deportasiyasını tələb edirlər. Şəklə görə generala qarşı ictimaiyyətdə mənfi rəy ömür boyu davam edir. Hətta Virciniyada restoran açsa da, tezliklə onu bağlamalı olur. Çünki o şəkli xatırlayanlar restoranın divarında yazmışdılar; “Biz bilirik, sən kimsən.” Şəklin insan taleyinə bu cür təsir edəcəyini ağlına gətirməyən fotoqraf həmin fotonu çəkdiyi üçün generaldan üzr istəyir.” General vyetnamlını öldürdü, mən isə öz fotoaparatımla generalı öldürdüm”—deyə fotoqraf təəssüflənmişdi. Amma olan olmuşdu.

Vyetnam müharibəsinin simvoluna çevrilmiş “çılpaq” qız


Nik Yut (Nick Ut) 18 yaşından həmişə hərbi əməliyyatları çəkmək arzusunda idi. İstəyirdi ki, o da digər fotoqraflar, media işçiləri kimi hansısa vacib hadisənin şahidinə çevrilsin. 1972-ci il iyunun 8-də Vyetnamda baş verən bomba partlayışı Nikin həyatında məhz belə hadisələrdən olur. Tranq Banq kəndi istiqamətində ABŞ hərbi Hava qüvvələri şəhərə bomba atır. Partlayışdan zərər çəkən 9 yaşlı vyetnamlı qız Kim Fuk qaçan anda Nikin obyektivinə tuş gəlir. Ağır yaralanan qızın şəkli az qala Vyetnam müharibəsinin simvoluna çevrildi və böyük rezonans yaratdı. Şəklin yayımlanmasından sonra ABŞ-da Vyetnam müharibəsi əleyhinə etiraz dalğası başladı. Prezident Nikson böyük-səs-küy yaradan həmin şəkli “saxta” adlandırsa da, müəllif bunları demişdi: “ Bu şəkil Vyetnamda müharibənin özü necə realdırsa, elə realdır”. Beləliklə sözügedən şəklə görə Nik Yut Pulitzer mükafatına layiq görülür.

Əfqan qızının izinə düşən fotoqraf...

Məşhur fotoqraf Stiv Makkari (Steve McCurry) Əfqanıstan müharibəsində çəkdiyi şəkillərlə fotoqraflığa başlayıb, bu şəkillərlə məşhurlaşıb. 1979-cu ildə adi bir şəxs kimi əfqan qiyafəsində Əfqanıstan-Pakistan sərhəddini keçdi. O, hökümət qoşunları ilə üsyançı qruplar arasındakı toqquşmaları işıqlandırmaq istəyirdi. Çəkdiyi fotoları qorumaq üçün o, heç kimin ağlına gəlməyən metoda əl atmış, fotoplyonkaları müsəlman qadınların geyindiyi çadraya--türbana tikmişdi. Bu şəkillərdən bir neçəsi “Nyu York Tayms” qəzetində çap olunsa da, o dövrdə Əfqanıstan o qədər də beynəlxalq medianın diqqətini cəlb etmirdi. Lakin SSRİ-Əfqanıstan müharibəsinin başlaması situasiyanı dəyişdi. Bu dəfə Qərbin aparıcı informasiya agentlikləri bölgədə təcrübəsi olan Stiv Makkarinin fotolarını böyük həvəslə izləyirdi, bu şəkillər “Stern”, “Times”, «Paris Match», “Newsweek”, “Life” kimi dünyaca məşhur jurnalların səhifələridə yer aldı. 1984-cü ildə puştu qaçqınların düşərgəsində ancaq qızlardan ibarət sinifdə çəkdiyi 12 yaşlı yaşılgözlü əfqan qızın şəkli tezliklə məşhurlaşdı. “Düşünmürdüm ki, bu şəkil digər çəkilişlərdən nəyləsə fərqlənəcək.”—deyə müəllif şəklin məşhurlaşmasından sonra təəccübünü gizlətməmişdi. “Əfqan qızı”nın 1985-ci ildə “National Geographic” jurnalının üz qabığında dərc edilməsi fotonu daha çox populyarlaşdırdı. Milli Coğrafiya Cəmiyyəti onu yüz ən yaxşı şəkil siyahısına daxil etdi, 2005-ci ildə jurnalın üz qabığı “ 40 il ərzində ən yaxşı jurnal qabığı”nda onluğa düşdü.

Maraqlıdır ki, 2002-ci ildə məşhurlaşan , lakin heç kimin adını belə bilmədiyi əfqan qızını fotoqraf Stiv Makkari və “ National Geographic” komandası axtarmağa başlayır, həmin qadının yenidən şəklini çəkir. İllərin dəyişdirdiyi və fotoqrafa uğur gətirən qadın Şərbət Gülün yeni fotosu dünyaya təqdim edilir.

Xəyal Hüseynov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR