Azərbaycanın “kazinolar kralı” biznesini Moskvaya köçürüb
Bizi izləyin

Bilgi.az

Azərbaycanın “kazinolar kralı” biznesini Moskvaya köçürüb

Bakıda “Avroviziya” yarışmasından öncə yüzlərlə kazino və lotoxana açılmışdı ki, bunların da tam yarısına Qara Vəzir kimi tanınan bir şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirdi.

Digər qruplaşmanın rəhbəri isə Qobulu Naib idi. Bu iki rəqib qruplaşma ilk vaxtlar razılığa gəlmişdilər ki, bir-birlərinə maneçilik törətməyəcəklər. Naibin qruplaşması kazinoları, əsasən, mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbəsində açırdı. “Kazinolar kralı” kimi tanınan Vəzir isə qorxu-hürkü bilmədən əhalinin gur olduğu yerlərdə bina, metrostansiyaların çıxışındakı binaların zirzəmilərində icarəyə yer götürüb “online” qumarxana təşkil edirdi.

Obyektlərin hamısına Vəzirin oğli Tofiq Qaranızadə nəzarət edirdi. Tofiq sabiq polis işçisi olduğundan hüquq-mühafizə orqanlarından “qorunmağın” da yollarını bilirdi. Bu qumarxanaların hər birində ciddi konspirasiya vardı. Qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqlar müştərilər buraxılırdı. Polisin nəyisə sübut etməsi də çətin idi. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri enerjidən ayırırdılar. Belə olan halda nəyisə sübut etmək çətin olurdu. Çünki proqram itirdi.

Ancaq qeyri-leqal vəziyyətdə işləmək belə külli-miqdarda qazanc gətiridi. “Qara Vəzir”in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1 milyon 340 min manat qazanc gətirmişdi. Nəzərə alsaq ki, onun işlətdiyi belə kazinoların sayı 20-dən çox idi onda bu kazino mafiyasının nə qədər qazanc əldə etməsini təxmin etmək olar.

Lakin az keçmiş hər şey dəyişdi. Rəqib qruplaşmalar arasında nifaq düşəndə onlar özləri bir-birindən polis orqanlarına gizli məlumat ötürməyə başladılar. Ümid etdilər ki, rəqib qruplaşma tutulacaq, “qiymətli məlumat”a görə polis onlara dəyməyəcək. Rəqabət olmadan isə daha böyük qazanc olacaqdı.


Ancaq polis orqanları, sadəcə, vaxt udurdular. Kifayət qədər dəlil və sübutlar yığıldıqdan sonra həm Vəzir Qaranızadə həm də Naib həbs olundu. Onların qruplaşmasının bir çox üzvləri də zərərsizləşdirildi.

Mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən tam ləğv edildi. O vaxtdan indiyədək də Bakıda “online” qumarxana yoxdur.

Düzdür, ötən ilin yay aylarında Sumqayıtda bir neçə yerdə belə qumarxanalar açılmışdı. Ancaq bu proses uzun çəkmədi. Bu dəfə polis daha tez və operativ əməliyyat keçirərək kazinoları ləğv etdi.

Etibarlı mənbələrdən Publika.az-a verilən məlumata görə hazırda Vəzir Qaranızadə həbsdən çıxıb. Köhnə peşəsindən əl çəkmək istəməyən “kazinolar kralı” Bakıda yenidən gizli qumarxana açmağın mənazıs olduğunu başa düşən kimi ölkədən gedib. Mənbəmiz bildirir ki, “Qara Vəzir” Moskvada bir neçə qumarxana açıb. Nəzərə alsaq ki, kazino indi Moskvanın özündə də yasaqdır, demək, “kazinolar kralı” indi Rusiya polisinin başağrısına çevriləcək.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm