• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

17 skinhetlə savaş, 17 il həbs, FSB-dən gözlənilməz addım

  • Maraqlı
  • 10 İyun 2014 10:55
  • 690 Baxış
17 skinhetlə savaş, 17 il həbs, FSB-dən gözlənilməz addım

Onunla 10 saylı CÇM-in klubunda tanış oldum. Daha doğrusu, əfv fərmanının icra olunduğu gün bir qrup jurnalistlə adı çəkilən cəza evində idik. Bu haqda ötən yazımda ətraflı bəhs etmiş, budəfəki yazımın qəhrəmanı haqda isə qısaca olsa da, məlumat vermişdim.

ÖZÜNÜ VƏ MİLLƏTİNİ ŞƏRƏFİNİ QORUYUB

Bəs İsmayılov Vüqar Dilqəm oğlu kimdir? Necə olub ki, cinayət törədib? Cinayətinin adı nə? Nə qədər və nəyə görə cəza alıb? Bu, əslində günahsız bir insanın yaşadığı faciədir, çəkdikləri heç nədən verilən cəzadır. Özü demişkən, özünü və millətinin şərəfini qoruduğuna görə həbs olunub.

AZƏRBAYCANLI OLDUĞUNA GÖRƏ 17 İL HƏBS

Rus şovinist hakim elə belə də deyib:

- Sənə qeyri-rus olduğuna və kimsəsizliyinə görə 17 il həbs cəzası verdim və buna peşman da deyiləm...

“Maraqlıdır, dünyaya haqqın carçısı, sülhün təminatçısı olduğunu sırımağa çalışan bir dövlətin - Rusiyanın paytaxtında özbaşınalıq, antidemokratik bir durumdur. Əslində qınamaq da olmaz, imperiya xisləti bu şovinist dövləti tərk etməyib, etməyəcək də...” – bu sözləri həbsxanada olarkən dustaq Vüqar İsmayılovla söhbətimizə şahidlik edən bir mayor deyəcək və xahiş edəcəkdi ki, bu yazığın dərdini, başına gətiriləni yazam.

Hadisənin baş vermə səbəbini araşdırmağa əlahiddə bilik və fakt gərəkmir. Rusiya kimi bir ölkənin paytaxtında, Moskvada bütün küçələr və dalanlar kameraların nəzarətindədir. Video-görüntü də imkan verir ki, Vüqar özünü müdafiə edib deyilsin...

ANAM ÖLƏ BİLMİRDİ

Vüqarın böyük qardaşı Mehman redaksiyamızda oldu. Qardaşının faciəsindən sonra yaşananlardan, analarının bu dərdə dözməyərək dünyasını dəyişmədindən bəhs edir:

- Anam can verirdi. Hamı başına yığışmışdı. Ölə bilmirdi. Neçə gündür nə danışır, nə də eşidirdi. Bu zaman Vüqardan zəng gəldi. O biri otağa keçdim, “eşidirəm” dedim. Anam hiss etdi elə bil, yazıq arvad üç dəfə Vüqar deyib, ayağa durdu, sanki balasına tərəf gedirmiş kimi addım atmaq istədi... Dünyasını dəyişdi.

Vüqar həqiqətən yiyəsizliyin güdazına gedib. Azərbaycanlı olması Rusiyanın qanunlarının da onun əleyhinə işləməsinə gətirib çıxarıb.

“Bəs hadisə necə baş verib”, - sualıma Vüqarın qardaşı cavab verir:

- Vüqar idmançı idi. Təhsilini başa vurub Moskvaya getdi. Ailəyə köməyi çox olurdu. Atamız rəhmətə gedəndən sonra gəldi. Bir müddət rayonda yaşadı. Sonra Moskvaya getdi ki, pul-para toplayıb ev-eşik düzəltsin, ailə qursun.

QAFQAZLI MAŞIN OĞURLAYIR

Hadisə isə Moskvanın cənubu Biryulevo rayonunda baş verib. Bir qızla münasibəti varmış. Qıza zəng edib, o da deyib burdayam. Gedib ora, qalxıb yuxarı, zəngi basıb, qız həmin evdə olmayıb. Düşüb aşağı, istəyib maşınına minsin. Amma maşının mühərriki işə düşmür. Özü öz maşınına baxır. Bina sakinlərindən biri qışqırır ki, maşından kənar dur. Elə biliblər ki, bu, maşından oğurluq edir. Bu, məhəl qoymur. Kişi binadan düşüb gəlir və bir qədər aralıda yeyib-içən skinhetlərə deyir ki, qafqazlı maşın oğurlayır. Vüqar artıq maşında oturubmuş. Çatan kimi bunu vururlar. Başına, bədəninin müxtəlif nahiyələrinə iti və küt dəmir alətləri ilə ara vermədən döyürlər. Bir neçə yerdən bıçaq zərbəsi alır. Maşından düşür, bir nəfər onu bıçaqla vurmaq istəyəndə bıçağı tutur. Bıçaq ovcunu kəssə də, əlindən alır və başlayır özünü müdafiə etməyə. 17 nəfərlə tək döyüşür. 3 nəfər ağır zədə alır, biri isə dünyasını dəyişir. Vüqarın bədənində isə ən azı 20 müxtəlif bıçaq yarası olur. Küt alətlərlə, təpiklə və ağac zopaları ilə aldığı zədələrdən savayı.

RUS QADIN: VÜQARIN GÜNAHI YOXDUR

İstintaq birtərəfli aparılır. Verilən ifadələrin heç biri düz gəlmir. Davanın başlama səbəbini hər kəs müxtəlif formada ifadə edir. Hadisə yerində olan bir rus qadın Vüqarı yaralı olduğuna görə evinə aparır, ona ilk tibbi yardım göstərir. Yaralarını təmizləyir. Azğınlaşmış millətçilərdən onu xilas edir. O, ifadəsində bildirir ki, Vüqarın heç bir günahı yoxdur, ona qarşı haqsızlıq və hücum olub. Hadisəni ilk andan izləyib. Lakin onun ifadəsinə də əhəmiyyət verilmir. Davaya səbəb olmuş rus kişisi də hadisəni olduğu kimi danışır, səhvən Vüqarın oğurluq etmək istədiyini başa düşdüyünü və gəncləri davaya sövq etdiyini deyir. Lakin hakim qərarında israrlıdır: o, qeyri-rusdur, cəzalanmalıdır!

VÜQARA QARŞI ÖZÜMÜZKÜLƏRİN SAYĞISIZLIĞI

Şəmkirdən Səhəddin adlı bir vəkil Vüqar həbs olunandan sonra məsələni araşdırmaq qərarına gəlir. Öz təşəbbüsü ilə. Hakim Roşina soyadlı qadın olub. Səhəddin ondan soruşanda ki, niyə belə qəddar hökm çıxartmısan, deyir ki, bilərəkdən. O, azərbaycanlıdır. Hakim cəzanı qəsdən elə verdiyini gizlətmir.

- Bəs niyə əvvəldən vəkil tutmadınız?

- Varşovskıda Zərgərov Vaqif adlı bazar sahibi vardı. O bizi inandırdı ki, şəxsi vəkilə ehtiyac yoxdur. Məhkəmənin özünün təyin etdiyi vəkil isə müdafiəni qurmadı. Vaqifə isə Gəncədə 6 sot torpağım vardı, hədiyyə elədim. O torpağı edəcəyi köməyə görə vermişdim. O isə heç nə etmədi...

Amma Qəbələdən Ağa Manafoviç adlı bir hüquqşünas da var. Ali məktəbdə vəkillikdən dərs verir. 30 il müstəntiq işləyib. Hazırda həm də vəkillik edir. Demək, o, vəkillik etmək istədi. 3000 dollar lazım idi. Həm müqavilə, həm də zəhmət haqqı. Pulumuz olmadı. Vüqarın maşınları vardı, sata bilmədik. Sevgilisi də çox kömək etmək istəyirdi. Alınmadı. Zərgərov Vaqif bizi arxayın saldı.

RUS KƏŞFİYATÇI ZABİTİ

Amma Vüqara kömək edənlər tapılır. Bunlar azərbaycanlı olmur. Elə rus millətindən olan bir FSB zabiti tapılır.

Vüqar fiziki cəhətdən güclü olduğuna görə rus zindanında baş açmağı bacarır. Dəfələrlə ona qarşı təzyiqlər olur, karsa salınır, işgəncələrlə üzləşir. Amma onu sındırmaq mümkün olmur. Zaman keçdikcə türmə qanunlarına görə ona diqqət də olur. Və Vüqar haqları tapdananların müdafiəsinə qalxır. Belələrindən birinin yaxın qohumu Rusiya Təhlükəsizlik xidmətinin zabiti olur. O, telefon vasitəsi ilə Vüqarla əlaqə saxladıqdan sonra ona kömək edəcəyini bildirir. Vaxtı ilə Vüqarın məhkəmə zamanı vəsadət qaldıraraq tələb etdiyi sənədləri, ekspertizanın rəylərini əldə edir. Məlum olur ki, Vüqara olunan hücumlar zamanı verilən tibbi ekspertizanın rəyini məhkəmə saxtalaşdırıb. Köhnə yaralar və zədələr kimi təqdim edib. Video görüntünü gizlədib. Məhkəmə zamanı izlənməsinə şərait yaratmayıb.

HAKİM YALVARIR

FSB zabitinin işə baş qoşmasından sonra vəziyyət dəyişməsə də, Vüqar lazım olan sənədləri əldə edə bilir. Hətta hakim Roşina, Vüqar və həmin zabit arasında telefon körpüsü yaradılır. Hakim telefonda zabitə yalvarır ki, bu onun iradəsindən kənar çıxarılan qərar imiş. Səhv etdiyini etiraf edir. Beləliklə, işin təkrar məhkəməyə getməsi məsələsi gündəmə gəlir. Zabit bu istiqamətdə çox işlər görsə də, başa çatdıra bilmir. Vüqara tövsiyəsi və köməyi o olur ki, Rusiya Ali Məhkəməsinə və Azərbaycana müraciət elə ki, iki dövlətin arasında olan müqaviləyə və Beynəlxalq konvensiyaya görə cəzamın qalan hissəsini Azərbaycanda çəkmək istəyirəm. Vüqar elə də edir.

Lakin 2008-ci ildə Ədliyyə Nazirliyinə edilən müraciətə 2013-cü ilin avqust ayında müsbət cavab verilir. Ədliyyə Nazirliyinin beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Zavər Qafarovun təşəbbüsü və köməyi nəticəsində Vüqar Azərbaycana gətirilir.

AĞIRLAR MÜDAXİLƏ EDƏ BİLMİRİK DEYİR

Ağır cinayətlər üzrə Respublika Ali Məhkəməsinin hakimi Eldar İsmayılov işə baxır. Məhkəməyə bütün əldə olunan faktlar təqdim olunur. Dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını tələb edir. Lakin Rusiyadan çətinliklə əldə edilən sənədlər hakimə təqdim edilir. Hakim dövlət ittihamçısına sənədlərlə tanış olmaq üçün vaxt versə də, prokuror sənədlərə baxmır. Vüqarın qardaşı bu qənaətə ona görə gəlib ki, dövlət ittihamçısı sənədlərdə nədən bəhs olunması haqda heç nə danışa bilmir. O sənəddə isə Vüqarın hücuma məruz qalmasından, döyülməsindən bəhs olunur. Aldığı zədələrin və zərbələrin sayı və həyat üçün təhlükəliliyi öz əksini tapıbmış. Hakim Azərbaycan CM-in bu cinayətə görə 15 il cəza göstərdiyini deyir və onun cəzasını ən yüksək səviyyədə saxlayır. Gətirdiyi səbəb də bu olur:

- Mən sənin işini azaltsam da, prokuror protest verəcək...

Hakim həm də qeyd edir ki, biz Rusiyanın verdiyi cəzanı azalda bilmərik...

ANANIN SÜDÜ KİMİ HALAL OLSUN

Apelyasiya Məhkəməsinin hakimi isə, demək olar ki, eyni mövqeni sərgiləyir:

- Bala, sənin günahın yoxdur. Əslində, sən azad olunmalı və kompensasiya almalısan. Amma biz bunu edə bilmirik. Sənin işinin üstündən 1 il götürürəm. Ananın südü kimi halal olsun, deyir.

Mehman onu da deyir ki, Rusiya tərəfi Vüqarı Azərbaycana vermək üçün bizdən kompensasiya tələb etdi. “Zərər çəkmişlərə” 30.000 manat pul ödədim. Halbuki bu, tam əksinə ola bilərdi. Bizim hakimlərimiz Ruslardan qorxmasaydı...

AXAR.AZ

Xəbər lenti

DAHA ÇOX XƏBƏR