Səudiyyə kralının sirləri təhlükə qarşısında - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Səudiyyə kralının sirləri təhlükə qarşısında - FOTOLAR

Səudiyyə kralının sirləri təhlükə qarşısında

İndiki Səudiyyə kralının mərhum kral atası Fəhdin gizli xristian arvadı olduğunu iddia edən Canan Hərb xəbərdarlıq edib ki, ona vəd olunmuş 20 milyon dolları almasa, bütün sirləri faş edəcək.

Hazırda 65 yaşında olan xanım Hərb indiki kral Abdullanın qardaşı şahzadə Əbdül Əzizdən atasının vədini yerinə yetirməsini tələb edir. O iddia edir ki, kral Fəhd onunla 1968-ci ildə evlənib. O həmin vaxt şahzadə idi və ölkənin Daxili İşlər Naziri postunu tuturdu. Canan Hərb mətbuata bildirib ki, Fəhd onu ömrünün sonunadək maddi baxımdan təmin edəcəyinə söz veribmiş. Hərb həmçinin bildirir ki, kralın oğlu, şahzadə Əbdül Əziz on il əvvəl ona atasının borcunu ödəmək üçün 20 milyon dollar pul və Londonun mərkəzi hissəsində iki bahalı mülk verəcəyini deyib. Bu barədə məlumatlar hazırda həmin işə baxan Britaniya Ali Məhkəməsindən verilib.

Min bir gecə nağılı kimi kitab

İşi aparan hakim bildirib ki, şahzadə Əziz məhkəmədən “dövlət immuniteti” istəsə də, bu işə baxılması davam etdiriləcək. Britaniya mətbuatı yazır ki, hakimin bu qərarı işin tammiqyaslı dinləməyə verilməsinə yol açır, bu isə Səud ailəsinin bir çox sirlərini faş edə bilər. “Mən 12 illik mübarizəmin ardınca məhkəmənin bu qərarından məmnunam – deyib Canan Hərb, - əgər şahzadə Əziz appelyasiya versə, onda mən də yazdığım kitabın əsasında film çəkdirəcək, çox sirləri açacağam”.

Canan Londonun ən bahalı mülklərini tələb edir

İndi Britaniya vətəndaşı olan Canan Hərb iddia edir ki, onu Səudiyyə Ərəbistanını tərk etməyə 1982-ci ildə, kral Fəhd taxta çıxanda məcbur ediblər. Onun sözlərinə görə, daha sonra, 2003-cü ildə, kralın ölümündən iki il əvvəl kralın oğlu ona Londonun bahalı Çelsi məhəlləsində, Temza çayının üstündə iki mülk vəd edib. Yeri gəlmişkən, xanım Hərbin elə indi yaşadığı mülk də pis məkanda yerləşmir. Mətbuat yazır ki, onun evi Kenzinqton ərazisində, məşhur Hayd parkın yaxınlığındadır.

Hakim bildirib ki, şahzadə Əziz dinləmədə iştirak etməyib və qaldırlan iddiaları nə təkzib, nə də təsdiq edib. Hakim bunu da əlavə edib ki, Səudiyyə Ərəbistanının Londondakı səfirliyi məhkəməyə müraciət edərək şahzadə üçün “dövlət toxunulmazlığı” istəyib. Belə bir statusun verilməsi cavabdeh barədə şəxsi sirlərin yayılmamasını təmin edir.

Gələcək kralla qonaqlıqda tanış olub

Fələstində yoxsul xristian ailəsində doğulmuş Canan Hərb bildirir ki, o kralla Beyrutda bir qonaqlıqda tanış olub və daha sonra onlar evləniblər. Xanım Hərb əlavə edib ki, o ərdə olduğu müddət ərzində saraydan kənara buraxılmayıb və hamilə olmasına imkan verilməyib. Canan Hərb iddia edir ki, kral ailəsi onun ölkədən qovulmasına nail olsa da, onun kralla telefon əlaqəsi monarxın ölümünədək davam edib.

Kral ailəsi özünü kinoda görmək istəmirsə...

Canan Hərbin vəkili Mandip Kaur Virde deyib ki, məhkəmənin ilkin qərarından məmnundur və dövlət toxunulmazlığı artıq vəzifəsində olmayan dövlət başçıları ilə bağlı işlərə tətbiq oluna bilməz. Vəkil həmçinin bildirib ki, müştərisinin yazdığı kitab bir sıra kinorejissorların diqqətini cəlb edib və hazırda kitabın nəşri barədə təfərrüatlı danışıqlar gedir.

Britaniya mətbuatı yazır ki, Canan Hərb özünə yaxşı baxır və indiyədək bir neçə plastik əməliyyatdan keçib.

Zülfüqar Rüfətoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm