“Ən yaxşı məşuqunuza niyə yazmırsınız?”
Bizi izləyin

Bilgi.az

“Ən yaxşı məşuqunuza niyə yazmırsınız?”

1937.az Fransa imperatoru Napoleon Bonapartın sevgilisi Jozefinaya yazdığı məktubları təqdim edir.

Napoleon Bonapart Jozefinaya,

Milan, 13 noyabr 1796. Veronadan.

Səni daha sevmirəm... əksinə, nifrət edirəm. Sən - iyrənc, axmaq, səfeh bir qadınsan. Sən mənə heç yazmırsan, sən ərini heç sevmirsən. Bilirsən ki, sənin məktubların ona nə qədər sevinc bəxş edir və hətta bir qaçaq altı cümlə də yaza bilmirsən.

Bütün günü nə işlə məşğulsunuz, madam? Hansı təxirəsalınmaz işlər vaxtınızı alır ki, ən yaxşı məşuqunuza yazmırsınız? Ona vəd etdiyiniz zərif və sadəqətli məhəbbətinizə nə mane olur? Vaxtınızı alıb həyat yoldaşınızla məşğul olmağa imkan verməyən yeni sevgiliniz kimdir? Jozefina, özünü gözlə. Gecələrin birində qapılarını sındırıb qarşında duracam. Əslində isə məni narahat edən səndən heç bir xəbər almamağımdır. Mənə dərhal dörd səhifə yaz və yalnız xoş olan, ürəyimi fərəhləndirən şeylərdən yaz. Səni tezliklə ağuşuma alıb, ekvatoru alovlandıran günəşin şüaları tək milyon qədər öpüşlərə qərq etmək ümidi ilə.

Napoleon Bonapart – Jozefinaya, Genuyaya

(27 noyabr 1796-cı il, günortanın üçü, Veronadan )

Milana çatdım, sənin apartamentlərinə atıldım, mən hər şeyi atdım ki, sadəcə, səni görüm, səni bağrıma basım. Amma sən yoxsan. Sən bayramların keçirildiyi şəhərləri gəzirsən, mən gələn zaman isə məni tərk edirsən. Sən daha əziz Napoleonun haqda düşünmürsən. Sənin ona məhəbbətin yalnız bir kapriz idi. Qeyri-müəyyənlik səni laqeyd edir. Təhlükəyə öyrəncəli biri kimi mən həyat fəlakətləri və xəstəliklərin dərmanını bilirəm. Üzərimə düşən bədbəxtlik dözülməzdir, zira şəfqət hissinə haqqım vardı. Mən ayın doqquzu axşama qədər burdayam, məyus olma, əylən və geri dön. Sən xoşbəxtlik üçün yaranmısan... Bütün dünya sənə həzz verə biləcəyi üçün xoşbəxtdir. Bircə sənin ərin bədbəxtdir.

Napoleon Bonapart – Jozefinaya (1796)

Elə bir gün olmayıb ki, mən səni sevməyim, elə bir gecə olmayıb ki, səni ağuşuma sıxmayım. Səni məndən uzaq olmağa vadar edən öz qürurümu, təkəbbürümü nifrin etməmək üçün bir fincan çay belə içmirəm, ürəyim mənim. Xidmətin ən qızğın vaxtında belə ordunun başında duranda, düşərgələri yoxlayan zaman belə hiss edirəm ki, qəlbim sadəcə, sevgili Jozefinaya aiddir. O, mənim ağlımı başımdan alır, fikirlərimi yalnız özü ilə məşğul edir. Bu, o deməkdir ki, bəlkə də tezliklə səni görəcəyəm. Əgər gecənin yarısı iş arxasında otururamsa, demək bu, sənə qovuşmaq məqamını yaxınlaşdırır, sevgilim. 23 və 26 tarixli məktublarında vantoza, sən mənə “Siz” deyə müraciət edirsən. “Siz"? Lənət şeytana! Sən necə belə yaza bilərdin? Bu, nə cür soyuqluqdur!

Sonra da sən bu dörd gün ərzində nə edirdin? Niyə ərinə yazmağa vaxtın yox idi? Ah, məhəbbətim mənim, bu“Siz”kəlməsi, bu dörd gün ərzində məni keçmiş qayğısız günlərimi unutdurmağa vadar edir. Vay o adama ki, buna səbəb olub. Cəhənnəm əzabları heç nədir. İlansifət ifritlər heç nədir. “Siz”, “Siz”. Ax! Görən iki həftə sonra nə olacaq? Ah, ürəyim qübar bağlayıb. Qəlbim sanki zəncirlərə dolanmış. Mənim fantaziyalarım məni dəhşətə gətirir... İndi sən məni daha da az sevirsən və sən bu itkidən sonra asanlıqla özünə gələcəksən. Məndən tamamilə soyuyandan sonra ən azından, bunu mənə de. O zaman isə mən biləcəyəm nəyə görə bu bədbəxtliyə layiq görüldüm...

Əlvida, arvadım mənim, dərdim, sevincim, ümidim və həyatımın hərəkətverici qüvvəsi! Sən sevdiyim, qorxduğum, mənə zərif hisslər yaşadan, məni hərarətli arzularla, coşqun və qəzəbli göy gurultusutək təbiətə yaxınlaşdıran qadın. Mən səndən nə əbədi məhəbbət, nə də sədaqət tələb etmirəm. Yalnız həqiqəti, dürüst olmağını istəyirəm. “Səni daha sevmirəm” dediyin gün isə sevgimin axırı və həyatımın son günü olacaq. Əgər ürəyim qarşılıqsız sevmək üçün bu qədər mənhus olsaydı, mən özüm onu qoparmağa əmr verərdim, Jozefina. Jozefina.. Xatırlayırsanmı, sənə nə vaxtsa demişdim ki, təbiət məni güclü və yenilməz bir ruhla mükafatlandırıb. Səni isə O, havadan və krujevadan qəlibləyib. Sən məni daha sevmirsənmi? Bağışla məni, bütün həyatımın məhəbbəti, ürəyim partlayır. Sənə məxsus olan bu qəlbim kədər və qorxu içindədir. Məni yandıran odur ki, sən məni adımla çağırmırsan.. Gözləyəcəyəm ki, onu yazasan.

Əlvida! Ah, əgər məni daha sevmirsənsə, demək ki, heç vaxt sevməmisən. Təəssüflənməyə səbəbim olacaqdır.

P.S. Müharibə bu il tamam başqadır. Mənim ət, çörək və yemim var; Hərbi kavaleriyam isə tezliklə yenə yürüşdə olacaq. Mənim əsgərlərim mənə son dərəcə yüksək etimad göstərirlər. Dərd mənbəyim bir tək sənsən. Yalnız sən bütün həyatımın sevinci və kədərisən. Mən sənin uşaqlarına öpüşlərimi yollayıram, sən onlar haqqında heç nə yazmasan da. Düzdür, o zaman sənin məktubların yarıdan uzun olardı. O başdan gələn qonaqlarının da sənə marağı azalardı. Qadın!!!

Napoleon Bonapart – Jozefinaya, Münhen, dekabr 1805-ci il.

Böyük İmperatriçə, sən Strasburqdan gedəndən bəri səndən bir sətir də yoxdur. Sən Badeni, Ştutqartı, Münxeni keçdin, bir söz belə yazmadın. Bu, mənim üçün heç də xoş deyil. Mən hələ də Bründəyəm. Ruslar getdi. Hələ ki, dincəlmək üçün vaxtım var. Bir neçə gün sonra isə nə edəcəyimə qərar verməliyən. Lütf edərək Əzəmətli Əlahəzrətlik yüksəkliyindən enib bir az kölələrinizdən birinə zaman ayırın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm