Milli mübarizə çantaları - Ben Ten kimin oğludur?
Bizi izləyin

Bilgi.az

Milli mübarizə çantaları - Ben Ten kimin oğludur?

Milli mübarizə çantaları - Ben Ten kimin oğludur?

Bu uşağın belindəki çantaya baxın. Çantadır da, burada baxmalı nə var ki! Yox, onu demirəm, üstündəki şəklə baxın. Yox, diqqətlə baxmaq nəyə gərək? Onu hamınız tanıyırsınız. Bəli-bəli, bizim "BEN 10-BEN TEN" (“ten” də məlumdur ki, ingilis dilində 10 deməkdir. İngilis rəqəminin adını bildiyim üçün qürur duyuram!). Uşaqların qəhrəmanı, uşaqlığın qəhrəmanı. Bıy! Bə, Koroğlu hara getdi? Bəs Qaçaq Nəbi? Bəs Kərəm? Bəs zaman-zaman milli mübarizə uğrunda şəhid olanlar? Axı biz uşaq olanda bizim örnəklərimiz onlar idi. Bəs üstündən cəmi 20-30 il keçən kimi niyə bu qədər dəyişiklik oldu? Nə bilim ey, axşam gec yatmışam, səhər də yatıb yuxuya qalmışam…

Ben Ten kimdir, kimin oğludur, hansı nəsildəndir, hansı mədəniyyətin cocuğudur? Düşməni kimdir, kimə qarşı mübarizə aparır? Allah bilir. O, bizim uşaqlarımıza nə öyrədir? Hansı hissləri və davranışları aşılayır? Onu da Allah, bir də, bəzi oxumuşlar, dünyadan başı çıxanlar bilər. Bizim belə şeylərə vaxtımızmı var? Səhər iş, axşam yuxu.

Ben Ten qaqaş bizim uşaqlarımıza, əlbət ki, savad aşılamır, tərbiyə aşılamır. Aşılayır ki, qır, dağıt, atıl, düş, qəzəblə bax, şimşək kimi çax!

Görürsünüzmü, uşaq o çantanı necə sevir? Kiçikdir, içinə əşyalarını yığır, hər gün bağçaya aparır, orada səliqə ilə şkafa qoyur... O, kiçik çantanı sevir, avtomatik şəkildə onun üstündəkini də sevir. Bəli-bəli, camaat bizi kimi düşüncəsiz deyil ey, onlar bilirlər nə edirlər. Onlar dolayı təlim-təbliğ üzərində illərdir işləyirlər. Sən, tutaq ki, o çantanı uşağın əlindən alsan, özünə nifrət qazanacaqsan, üstündəkini cırdın, çantanı pis günə qoyacaqsan, almadın, gözü onda-bunda qalacaq. Birinin əlindən bir pis şeyi alırsansa, onun əvəzləyicisini verməlisən, özü də ya onu kimi, ya da ondan yaxşısını!

O çantanın üstündə Mübariz İbrahimov ola bilərdi? Fərid Əhmədov ola bilərdi? Digər xalq qəhrəmanları ola bilərdi? Ermənilərin öldürdüyü bir uşaq da ola bilərdi! Bəs niyə olmur? Hanı bizim milli qeyrətimiz? Danışanda ağzımıza çullu dovşan sığmır. Haçana kimi biz məsrəfçi-istehlakçı olacağıq? Haçana kimi bizim öz “milli saqqızımız” olmayacaq, elə hey, onun-bunun “saqqız”ını “çeynəyəcəyik?”

Millətin uşağının gələcəyini məhv edən ideologiyaların yayılması milli təhlükə deyilmi? Bizdə bu kimi məsələlər üzərində araşdırma aparan orqanlar varmı? Yoxdursa, niyə yoxdur? Mən hələ gəlinciklərdən danışmıram, məktəb dəftərlərinin üzlüyündən danışmıram, gündəliklərin içinə yerləşdirilən reklam vərəqlərindən danışmıram, uşaqların “Donalds”lara aparılmağından danışmıram, kanallarda göstərilən cizgi filmlərindən danışmıram, uşaq jurnallarında alkoqolizmin təbliğindən, intim münasibətlərin aşılanmasından danışmıram, məktəb kitabxanalarında aidiyyətli qurumların icazəsi ilə nəşr olunmuş “azyaşlı və ibtidai sinif uşaqları üçün” tövsiyə olunan nağılların bərbad vəziyyətindən danışmıram… Hələ mən, canım sənə desin, “Gangnam style” oyuncaqlarından danışmıram. Hələ canım yenə sənə desin, o “qan-qan gədəsi”nin oxuduğunun mənasını da burada yazmıram. Ancaq yazmaya, danışmaya bilmirəm! Qəlbim xalqıma və onun gələcəyinə yanır…

Dilman Şahmərdanlı

yazıçı-tərcüməçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm