Kolumbiya narkomafiyasının sualtı qayıqları -FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kolumbiya narkomafiyasının sualtı qayıqları -FOTOLAR

Dünyanın ən güclü mafiyalarından olan Kolumbiya narkokarteli ilə mübarizə aparmaq hətta ABŞ kimi superdövlət üçün də asan məsələ deyil. İllik qazancları milyard dollarla hesablanan narkobaronlar kokaini ünvana çatdırmaq üçün istənilən texniki vasitələrdən istifadə edirlər.

Sözsüz ki, quru yolla Birləşmiş Ştatlara tonlarla kokaini keçirmək çox riskli və mümkünsüzdür. Bunu ancaq kiçik partiyalarla etmək olur.

Böyük miqdarda narkotiki keçirmək üçün narkomafiya sualtı qayıqlardan istifadə edir. Bəli, yanlış anlamadınız, məhz sualtı qayıqlardan.

Bu sualtı qayıqlar filmlərdə gördüyünüz hərbi sualtı qayıqlara oxşamır. Həcmi, tutumu nisbətən kiçikdir. Amma üstünlükləri də var. Əldəqayırma sualtı qayığın korpusu elə materialdan hazırlanıb ki, ABŞ hərbi gəmilərinin radarları onu tuta bilmir. Həmçinin sualtı qayıq mavi-göy rəngdə rəngləndiyindən onu vizual şəkildə də müşahidə etmək mümkünsüz olur.

Məlumata görə, Kolumbiya narkokarteli belə qayıqlardan hələ 90-cı illərin əvvəllərindən istifadə edir. ABŞ hərbi gəmiləri isə yalnız 2006-cı ildə Kosta-Rika yaxınlığında ilk belə qayığı ələ keçiriblər. 2007-ci ildə 3, 2008-ci ildə 7 qayıq tutulub. Ondan sonrakı illər ərzində isə illik 8-10 qayıq ələ keçirilib. Halbuki, narkobaronlar hər il Amerikaya 70-ə yaxın narkotik dolu qayıq göndərir. Demək, onlardan cəmi 10 faizi tutulur. Qalanı isə tonlarla narkotiki Amerika sahillərinə müvəffəqiyyətlə çatdırır.

Odur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kolumbiyaya qayıqların hazırlanması üçün ehtiyat hissələri (dizel mühərriki, naviqasiya sistemləri və s.) çatdıran kanalları nəzarətə götürür. Bundan başqa, Şri-Lankada “Tamil Pələngləri” adlı terror qruplaşması üçün oxşar sualtı qayıqlar düzəldən 3 italiyalı mühəndisin izinə düşürlər. Ehtimal olunur ki, kolumbiyalılar üçün də qayıqları elə italyanlar layihələşdirib. Ancaq MKİ italiyalıları ittiham etmək üçün əsaslı dəlil əldə edə bilmir.

Əldəqayırma sualtı qayıqların uzunluğu 12-24 metr, uzağa üzmə qabiliyyəti 2000 mil (3200 km), heyət üzvü isə 3 nəfər olur. Bu qayıq bir dəfəyə 12 tonadək yük daşıya bilir.

ABŞ sahilində narkotiki boşaltdıqdan sonra cinayətkarlar qiyməti 3 milyon dollar olan sualtı qayığı məhv edirlər. Yəni batırırlar. Heyfislənmirlər də. Axı ən azı 10 ton kokain çatdırıblar. Bu malın qiyməti qara bazarda 200 milyon dollardır. 200 milyonun qarşılığında 3 milyon nədir ki?

ABŞ sahillərini zəbt edən kolumbiyalılar bu qayıqları hətta Avropa sahillərinə də göndərirlər. 2010-cu ildə belə qayıqlardan biri İspaniya, 2014-cü ildə isə artıq İtaliya sahillərində tutulub. Ələ keçmədən mənzilbaşına çatanlar haqda isə heç bir məlumat yoxdur.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm