Bilgi.az
İlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu…
Hakan Şükür - hamının tanıdığı, qürur duyduğu bir futbolçu... O, indi futboldan uzaqlaşsa da, dünya futboluna adını qızıl hərflərlə yazdırmış unudulmaz bir türk futbolçusu kimi tarixə düşüb. İndinin özündə də azərkeşlər milli komandada yeri boş görünən Hakan Şükür üçün darıxırlar…
Uşaqlığı
Hakan Şükür 1971-ci il sentyabrın 1-də Sakaryada dünyaya göz açıb. Dediyinə görə, uşaq vaxtı hər şeyini dostları ilə paylaşmağı sevirmiş. Həm dəcəl, həm də macərapərəst olan balaca Hakanı dostları çox sevirdi. Ana-atasına çox əziyyət çəkdirdiyini deyən Hakan sonralar bütün səhvlərini düzəltməyə, “ağıllı oğlan” olmağa başladı.
Məktəb vaxtı çalışqan bir şagird olub. Ahmet Akkoç məktəbində əvvəlcə basketbola maraq göstərən Hakan sonralar futbol adamına çevrilib. İdman həyatı adıçəkilən məktəbdə başlayıb. Boyunun ucalığı onun basketbol marağına təsir edib. Məktəb vaxtlarında unutmadığı anlardan biri basketbolda Sakarya çempionu olması və Mərmərə birinciliyi üçün yarışmasıydı.
Sonra isə Hakanın basketbol klubu finalda Bolu komandasına məğlub olaraq ikinci yer tutur. Uduzmalarına baxmayaraq, finaladək çox gözəl anlar yaşadıqlarını deyir.
İlk maaşına paltaryuyan maşın alan Hakan
Hakan uşaq yaşlarında həm oxuyur, həm də işləyib ailəsinə kömək
edirdi. Futbolda qazandığı ilk maaşına anasına paltaryuyan maşın
almışdı.
Karyerasına 8 yaşında doğulduğu Sakaryada başlamışdı. O həm
"Qalatasaray"ın, həm milli komandanın, həm türk klublarının, həm də
türk futbolunun tarixində ən çox qol vuran yeganə futbolçudur.
Bundan əlavə, dünyanın ən çox qol vuran türk futbolçularından
biridir.
İlk peşəkar qolunu 1987-1988-ci il mövsümündə Türkiyə kubokunda
“Zonquldakspor”a vurub. Türkiyədə “Sakaryaspor”, “Bursaspor” və
"Qalatasaray" klublarında forma geyinən Hakan Avropada isə “İnter”,
“Parma”, “Torino” və “Blekbörn Rovers” formaları da geyinib.
1992-ci ildə Hakan Şükürün milli komanda ilə ilk çıxdığı oyun
Lüksemburq millisinə qarşı oyun olub. Xatırladaq ki, o oyunda
Türkiyə millisi Lüksemburq millisini 3-2 hesabı ilə məğlub
etdi.
Bəli, o, Türkiyə milli komandasının 85 illik tarixində ən çox qol
vuran futbolçudur. Milli komanda ilə çıxdığı 112 oyunda 51 qola
imza atan Hakan U-16 Milli komandanın 1987-ci ildə Polşa ilə 1-1
bərabərə qaldığı Avropa çempionatı qrup mərhələsinin ilk oyununda
ilk dəfə milli formada çıxış etmişdi. 2002-ci ildə keçirilən dünya
kubokunda bir qol və iki assist edən ulduz futbolçunun, heç
şübhəsiz, "Qalatasaray"la qazandığı Türkiyə çempionluqları və UEFA
kuboku unudulmaz bir hadisə olaraq tarixə keçdi.
Dünyanın ən erkən qolu
Futbol həyatına 1987-ci ildə Sakaryada qədəm qoyan Hakan bu klubda
3 il oynadıqdan sonra birinci liqa komandalarından “Bursaspor”a
keçid alır. Nəhayət, o, 1992-ci ildə "Qalatasaray"a transfer
olunur. “Cimbom”da bir çox uğurlar qazanan Hakan 1995-ci ildə
İtaliya klubu “Torino”ya keçir. Torinoda özünü lazımi səviyyədə
göstərə bilmədiyindən "Qalatasaray"a geri dönür. Bundan əlavə,
1998-ci ildə FİFA tərəfindən ilin futbolçusu mükafatına layiq
görülür.
2000-ci ildə Hakan UEFA kubokunu "Qalatasaray"la qazanır və bir
az da diqqət çəkir. Hakan Avropanın nəhəng klubu sayılan “İnter”in
də formasını geyinib. İtaliyada “Parma” klubunda da oynayan
istedadlı oyunçu burada İtaliya kubokuna yiyələnir.
2002-ci il dünya çempionatında Türkiyə milli komandası forması
altında dünya üçüncülüyü və Cənubi Koreya ilə oyunda 9-cu saniyədə
vurduğu ən erkən qolla dünya futboluna adını yazdırır.
Karyerasını isə doğma klubu "Qalatasaray"da başa vurub. Daha
sonra “TRT 1” kanalında futbol şərhçisi kimi çıxış edən Hakan Şükür
2011-ci il seçimlərində AKP partiyasından millət vəkili də
seçilib.
Unudulmaz anlar
Hakan Şükürün ən böyük xəyallarından biri "Qalatasaray" forması
geyinmək idi. Oynadığı ikinci klub olan “Bursaspor”da məşq
əsnasında "qalatasaray"lı menecerlərin onu izlədiyini zənn edərək
daha da yaxşı oynamağa çalışırdı. Dediyinə görə, gözəl günlərin
birində Bursadakı evinin eyvanında çay içirmiş. O vaxtlar Hakan
dayısı ilə bərabər yaşayırdı və evlərində telefon yox idi.
Aşağıdakı dükandan telefon səsi gəlir, zəng edən şəxs
"qalatasaraylı" menecer olduğunu deyir.
Həmin günü Hakan Şükür daha sonra belə anladacaqdı: “O anda inana
bilmədim ki, xəyallarım gərçək olur. Amma tələsmədim, nikbinliyimi
qorudum. Zəng edən şəxs “cimbom”lu menecer Ökkeş Polatdı. Bir neçə
gündən sonra onunla milli komandanın kampına yollandıq. Menecerin
şəxsi otağında "Qalatasaray" haqda danışmağa başladıq. Mənim üçün
danışılan sözlər, rəqəmlər heç də vacib deyildi. Ona görə də imza
atmadım, amma gərəkli hər şeyə söz verdim. Milli komanda da çox
yaxşı bir performans göstərdim və bir çox klubun diqqət mərkəzinə
düşdüm. Lüksemburq oyunundan sonra "Qalatasaray"la anlaşdıq.
Gecənin bir vaxtı hələ də inana bilmirdim ki, sabah mən
"Qalatasaray"ın oyunçusu kimi ilk məşqimə çıxacam”.
Hakanın İtaliyada unuda bilmədiyi maraqlı hadisələr də olub.
“Torino” klubuna transfer olduqdan sonra oteldə ona doğum günü
sürprizi verilir, işıqlar sönür və ortaya böyük bir tort gəlir.
Doğum günü tortunun üstünə isə türkcə belə yazılmışdı: “Ailənlə
sənə İtaliyada uğurlar, sağlıqlı, hüzurlu günlər”.
Bu, Hakanın unutmadığı və tez-tez xatırladığı anlardan
biridir...
Hakan Şükür boş vaxtlarında ailəsi ilə birgə Torinonun müzeylərinə,
abidələrinə, turist mərkəzlərinə baş çəkərdi…
Kral. Evlilik
Futbol üzrə Türkiyə çempionatları tarixində ən çox qol vuran
futbolçuların adları açıqlanıb. Hakan Şükür karyerası ərzində
Türkiyə çempionatları tarixində 249 qol vuraraq ən sərrast futbolçu
olub. Türkiyə çempionatları tarixinin ikinci ən məhsuldar
futbolçusu isə Tanju Çolakdır. Bu futbolçu, karyerası ərzində rəqib
qapılarından 240 top keçirib. Sonrakı yerlərdə müvafiq olaraq Hami
Mandiralı (219), Metin Oktay (217) və Aykut Kocaman (200 qol)
qərarlaşıb.
Türk xalqı həmişə Hakanla qürür duyub. Çox qol vurduğundan Hakanın
ləqəbi də “Kral” idi. İki dəfə evlənən Hakan Şükür ilk evliliyini
1995-ci ildə Esra Elbirliklə qurmuşdu. Ancaq bu evlilik qısa vaxt
ərzində, yəni 4 ay sonra başa çatır. Esra Elbirlik 1999-cu ildə
zəlzələ nəticəsində həyatını itirir. İkinci evliliyi 1999-cu ildə
Beyda Sertbaş ilə olub. Bu evlilikdən isə Hakanın üç uşağı var: iki
qız və bir oğlan.
“Mən türk deyiləm…”
Türkiyə millisinin keçmiş kapitanı, "Qalatasaray"ın əfsanəsi,
hazırda isə İstanbul millət vəkili olan Hakan Şükür tələbələrlə
görüş zamanı maraqlı açıqlamalar verib. Mehmet Akif Ersoy
Universitetində təşkil olunan tədbirdə çıxış edən Hakan Şükür
tələbələrdən birinin kürd problemi ilə bağlı sualını
cavablandırarkən "Əslində, mən də milliyyətcə albanam. Bu baxımdan
yanaşanda, mən türk deyiləm” cavabını verib. H.Şükür buna
baxmayaraq, o, Türkiyəni sevidiyini açıqlayıb: "Mən bu torpaqların
çörəyini yeyib suyunu içmişəm. Bu torpaqlarda yaşayıram. Ölkəni,
bütövlüyü, məzhəbi, dini, dili, irqi bərabər şəkildə yaşamaq çox
önəmlidir. Daha çox problemləri danışaraq dostluğumuzu,
qardaşlığımızı pozmamalıyıq", – deyə o qeyd edib.
Bundan sonra bütün televiziyalar, jurnalistlər, mütəxəsislər
Hakanın ünvanına coxsaylı iradlar, qınaqlar səsləndirib. Bu sözlərə
Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğandan da cavab gəlib. O,
Hakanın türk olmadlğına normal baxdığını, onun milli komanda da
qazandığı uğurları, Türkiyənin ən çox qol vuran oyunçusu olduğunu
və vurduğu qollarla tarix yazdığını dilə gətirmiş, əslində, bunu
deməklə Hakan Şükürə sahib çıxmışdı.
“Mən təriqətçi yox, Atatürkçüyəm”
"Qalatasaray"da oynadığı vaxtlarda onun haqqında çıxan şayiələrə
cavab verən Hakan Şükür həmişə qəzet manşetlərində görünürdü:
"Zaman-zaman kədərləndim və buna bir anlam verə bilmədim. Ortada
bir səbəb yox ikən niyə mənimlə uğraşdıqlarına bir məna verə
bilmirəm".
Hər yeni yalan xəbərdən sonra Hakan Şükür bu cür açıqlamalarla
gündəmə gəlirdi: “Məqsədləri nədir bilmirəm. Gündəmi dəyişdirməkmi?
Mənim təriqətlərə baxış strategiyam onsuzda bilinir. Müsəlman bir
ölkədə yaşamağa çalışan Atatürkçü bir insanam, təriqətçi deyil,
Atatürkçüyəm”.
Oğuz Ayvaz
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO