• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Yaxşı öpüşdüyüm üçün utanmıram”

  • Maraqlı
  • 12 İyul 2014 10:35
  • 2 345 Baxış
“Yaxşı öpüşdüyüm üçün utanmıram”

O gözəlliyi ilə daim diqqət mərkəzində olmağı bacarır. Ana olandan sonra da cazibədarlığını itirməyib. Hətta deyərdim ki, əkiz qızları dünyaya gəldikdən sonra o, daha da gözəlləşib.

Kamera onu çox sevir, o da bu sevgiyə qarşılıq verir. Gülümsəyir, istəyəndə məsum, istəyəndə seksual baxışlar ilə hamını özünə heyran etməyi bacarır.

Təkcə Türkiyədə deyil, həm də Yaxın Şərq və Baltikyani ölkələrdə məşhurdur. Bu qədər bəyənilməsinə, populyar olmasına baxmayaraq, sadə həyat tərzi ilə diqqət çəkir.

Söhbət tamaşaçılara “Asi”, “İhlamurlar altında”, “20 dəqiqə” , “Kara para aşk” seriallarından tanış olan məşhur aktrisa Tuba Böyüküstündən gedir.

1982-ci ildə anadan olan gözəl aktrisa saçı, makiyajı, geyim tərzi ilə fərqlənir. Düşündük ki, onu sevənlər üçün bu xanımın şəxsi həyatı da çox maraqlı olar.

Sözü uzatmağa ehtiyac yoxdur, “Şirin söhbət”in qonağı Türkiyənin ən gözəl aktrisalarından olan Tuba Böyüküstündür.

Tuba eşqdən, evliliyindən, ana olmağın çətinliklərindən, stilindən və gözəllik sirlərindən danışıb.

-Ailəniz sizin bu peşəni seçməyinizdən məmnundur?

-Ailəm mənə həmişə dəstək olub. Anam da, atam da arzularımın çin olması üçün əllərindən gələn hər şeyi ediblər. Amma atam mənim rol aldığım seriallara baxanda həssaslaşır. Məsələn, bir dəfə “Çəmbərimdə gül oya” serialını izləyirdi. Mənim öpüşmə səhnəm ekrana gələndə üzünü çevirdi.

Ailəm elə də müasir düşüncəli deyil. Məsələn, anam mən evlənənə kimi qorxurdu ki, kimsə içkimə dərman qatar. Deyirdi ki, açıqda olan içkilərdən içmə, butulkada olandan iç.

- Sizi xarici ölkələrdə də izləyirlər və sevirlər. Bu necə hissdir?

- Təəccüblənirəm. Yunanıstanlı və ya bir azərbaycanlı mənimlə şəkil çəkdirmək istəyir. Pakistanlı deyir ki, “sənin pərəstişkarınam”. Belə şeylər çox xoşuma gəlir.

- Amma elə bil şan-şöhrəti sevmirsiniz...

-Mən işimlə məşğulam. İşimi sevirəm. Amma işimin, həyatımın və xarakterimin qabağına keçməsinə icazə vermərəm.

-Avtobus, metro kimi nəqliyyat vasitəsindən istifadə edirsən?

-Əlbəttə, edirəm. Belə şeyləri problem etmirəm.

-Aktrisalıqla yanaşı, həm də rəssamlıq qabilliyyətinizin olduğunu eşitdik.

-Rəsm çəkirəm. Düzdür, bu aralar çox vaxt ayıra bilmirəm. Sadəcə 1-2 dənə çəkə bilmişəm. Amma rəsm çəkməyi, rənglərlə işləməyi çox sevirəm. Ən çox portret çəkirəm.

-İlk sevgilini xatırlayırsan?

-Bəli xatırlayıram. İlk dəfə 14 yaşım olanda eşqə düşmüşəm. Yadımdadır, ondan çox xoşum gəlirdi, amma bunu ona demirdim. Onunla tanış olub, flirt etməyimiz 1 il çəkdi.

Münasibətimiz 3 il davam elədi. Düzdür, hələ uşaq idik, amma ikimiz də özümüzü çox yetişkin hiss edirdik. Aramızda uşaqların bəsit münasibəti deyildi, həqiqətən sevirdik.

-Məktəb illəriniz maraqlı keçib?

-Uzun müddət rəfiqəm olmayıb. Çünki qızlarla anlaşa bilmirdim. Onlar liseyli oğlanlara baxıb xəyal qurarkən, mənim ciddi münasibətim var idi. Ona görə də mən onlara fərqli gəlirdim. Dərslərimi yaxşı oxuyurdum. Kitab oxumağı da çox sevirdim.

- Müsahibələrinizdən birində serialın yaxşı alınması üçün tərəf müqabilləri arasında münasibətin yaxşı olmasının vacibliyini vurğulamısınız. Son serialda - “Kara para aşk”dakı tərəf müqabiliniz Engin Akyüreklə aranız yaxşıdır?

- Serialın çəkilişləri başlayanda mən heç layihədə yox idim. Enginin səhnələrinin çoxunu çəkmişdilər. Daha sonra mən serialda rol almağı qəbul etdim və çəkilişlər başladı. Enginlə xeyli sonra qarşılaşdıq və birlikdə çəkilməyə başladıq. Amma münasibətimiz yaxşıdır. Serialda rol alan hamı ilə yaxşı anlaşıram.

-Enginlə eşq yaşadığınız və ərinizdən boşanacağınız xəbərləri yayılıb...

-Bu xəbərlər serialdakı öpüşmə səhnələrindən qaynaqlanır. Sosial şəbəkələrdə yazırlar ki, biz çox inandırıcı öpüşmüşük və iddia edirlər ki, aramızda münasibət olmasa belə öpüşə bilmərik. Amma insanlar başa düşmürlər ki, səhnə həqiqətən inandırıcı alınıbsa, bu aktrisanın və ya aktyorun uğurudur. İnandırıcı şəkildə öpüşmüşük deyə utanası deyiləm. Əksinə qürur duyuram ki, öz üzərimdə işləməyim nəticə verir, bu peşəni daha yaxşı öyrənirəm və vəzifəmi layiqincə yerinə yetirirəm. Engin də çox yaxşı aktyordur. Ərimi isə çox sevirəm, boşanmağı da düşünmürəm.

-Əkiz övladların olacağını öyrənəndə nə hiss etdin? Təəccübləndin yoxsa qorxdun?

-Təəccüblənmədim. Çünki əkiz olacağını əvvəlcədən hiss etmişdim.

-Ana olandan sonra bir müddət ekranlardan uzaqlaşdın...

- Elə görünə bilər. Amma əslində hamiləliyimin 6-cı ayına kimi işləməyə davam eləmişəm. Reklam roliklərində çəkildim. Uşaqlar 3 aylıq olandan sonra da işləməyə başladım. Yəni hesablasaq, 6 ay ekranlardan uzaq qaldım. Məncə uzun müddət deyil.

-Analıq necə hissdir?

-Uşaqları çox sevirəm. Onlarla maraqlanmaq xoşuma gəlir. Ehtiyacı olanda həmişə uşağa dəstək ola bilmək, hər addımında yanında olmaq çox gözəl duyğudur. Ona görə də şükür edirəm.

-Uşaqlar dünyaya gəldikdən sonra həyatında nə dəyişdi? Nələrə vaxt tapa bilmirsən?

-İnsan istəyəndə hər şeyə vaxt tapa bilir. Mənim həyatımda demək olar ki, heç nə dəyişməyib. Əvvəllər də gecələr gəzməyi çox sevmirdim, demək olar ki, iş istisna olmaqla evdən çölə çıxmırdım. Dostlarım görüşmək istəyirdilər, gələrəm deyirdim, amma sonra getmirdim. Tənbələm bir az. Ona görə də vaxtımın çoxunu evdə keçirirəm.

-Qızların bir-birlərinə çox oxşayırlar?

-Qəribədir ki, əkiz olsalar da, heç bir-birlərinə oxşamırlar. Həm görünüşləri, həm də xasiyyətləri fərqlidir. Eyni vaxtda, eyni ailədə dünyaya gəliblər. Belə başa düşürəm ki, insan xarakteri ilə birgə doğulur.

-Dünyaya İki gözəl qız uşağı gətirdin. Əkiz uşaqlara hamilə olanlar kökəlməyə daha çox meyilli olurlar. Amma sən hamiləlikdə demək olar ki, kökəlmədin. Bunu necə bacardın?

-Bu elə də çətin bir şey deyil. İndi anaların hamısı arıqdır. Artıq hamiləlik kilosundan xilas ola bilməmək keçmişdə qalıb.

-Onur necə atadır?

-Uşaqları xəstəxanadan çıxaran kimi evə gətirdik. Heç kimə bizimlə qalmağa icazə vermədik. İkimiz baxdıq. Həyatımızda Maya və Torpaq var və biz onlara çox yaxşı baxırıq. Onlarla xoşbəxtik. Onur da çox yaxşı atadır. Uşaqlar üzərindəki əməyi məndən çoxdur.

-Həyat yoldaşın Onur Saylakla ilk dəfə tanış olanda onunla evlənəcəyini düşünürdün?

-Yox. Çünki onunla 4 il dost olmuşuq. Hər şey bir anda dəyişdi.

-Mediada haqqınızda boşanacağınızla bağlı dedi-qodular yayılır. Belə xəbərlər səni bezdirmir ki?

-Yox. Artıq alışmışam.

-Həyat yoldaşınla daha əvvəl eyni serialda rol almışdın. Yenə eyni serialda oynamaq istəyərdin?

-Onurla eyni layihədə olmaq istəyərəm. Onurla işləmək asan və keyiflidir.

-Onurla həmkarsınız. Bir-birinizi izləyəndə tənqid edirsiniz?

- Əlbəttə ki, adam ərinin fikri ilə maraqlanır. O, aktyor olmasaydı belə, yenə də fikirlərini öyrənərdim. İndi də evdə tez-tez bir-birimizin ekrandakı çatışmazlıqlarını müzakirə edirik.

-Bu yay bikinili fotoların gündəmi xeyli zəbt etdi...

-Hamı kimi mən də istirahət edirəm, dənizdə üzürəm, günəşlənirəm. Əlbəttə, bunları paltarlı edəsi deyiləm. Məni çəkmələrindən narahat olmuram, amma gündəmi belə xəbərlərin tutması məni narahat edir.

-Uşaqlıqda da belə gözəl idin?

-Elə deyirlər.

-Gözəllik sirlərini bizimlə bölüşərsən?

-Elə bir sirrim yoxdur. Hamının bildiyi, tətbiq etdiyi şeylərdir.

-Evdən neçə dəqiqəyə hazırlaşıb çıxırsan?

-15 dəqiqədə hazırlanıram. Həmişə belə olmuşam. Aktrisa olmadan öncə də, sonra da. Onsuz da çəkiliş meydançasında saç və makiyaja saatlarla vaxt gedir. Gündəlik həyatda belə şeylərə vaxt ayırmaq istəmirəm. Özəl dəvətlərə gedəndə də yarım saat mənə bəs edir.

-Uzun saçların çox bəyənilir. Saçlarını heç qısa kəsdirməyi düşünmüsən?

- Qısa saçı çox sevirəm. Vaxtilə saçlarım qısa olub.

-Qocalmaqdan qorxursan?

-Bu sualı mənə çox təhlükəli zamanda verdiniz. İnsan 30 yaşlarında qocalmağa doğru getdiyini hiss edir. Mən də bədənimdəki dəyişiklikləri hiss edirəm.

-Geyimdə nədən vaz keçə bilməzsiniz?

-Qara rəngli geyimləri sevirəm. Hündürdaban ayaqqabı geyinə bilən qadınları qısqanıram. Mən çox nadir hallarda hündürdaban geyinirəm. Şapkaları çox sevirəm. Getdiyim hər yerdən şapka alıram. Almasam belə mütləq mağazaya girib baxıram. O qədər çox şapkam var ki, sayını belə bilmirəm.

-Qarderobunuzda hansı geyimlər üstünlük təşkil edir?

-Koftalar, ağ, qara rəngli qolu qısa idman köynəkləri... Çünki rahatlığı çox sevirəm.

-Başqalarını qısqanırsan?

-Şıq paltarlarla səyahət edə bilən qadınları çox qısqanıram. Xoşum gəlir, fikirləşirəm ki, nə gözəldir. Qadın elə olmalıdır. Mən elə deyiləm.

-Heyranların səninlə əlaqə qurmaq istəyirlər. İndi bunun üçün ən yaxşı vasitə sosial şəbəkələrdir. Sənin sosial şəbəkələrlə aran necədir?

-Çox da marağım yoxdur. Ötən ilin iyununda “Gezi Parkı” hadisələri ilə bağlı xəbərləri öyrənə bilmək üçün “Twitter”da özümə hesab açdım. Ondan sonra da itkin düşən uşaqlarla bağlı elanları, qana ehtiyacı olan insanlarla bağlı elanları paylaşıram. “Twitter”i buna görə bəyənirəm.

-Gələcəklə bağlı hansı planların var?

-Mən planlaşdırmağı bacarmıram. Mən bir neçə həftə sonra harada olacağımı, nə edəcəyimi belə bilmirəm. Hər an, hər şey ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR