• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Atatürk Əhməd Ağaoğlunun qızını necə müdafiə etdi?

  • Maraqlı
  • 16 İyul 2014 14:24
  • 1 053 Baxış
Atatürk Əhməd Ağaoğlunun qızını necə müdafiə etdi?

1903-cü ildə Azərbaycanda – Şuşa şəhərində dünyaya gələn Sürəyya Ağaoğlu Əhməd bəy Ağaoğlunun qızı idi. O Əhməd bəy Ağaoğlu ki, Azərbaycan ictimai-siyasi fikrinin formalaşmasında müstəsna rol oynamışdı, sonradan isə Türkiyəyə köçərək orada hüquq üzrə professor olmuşdu.

Atasının hüquqşünas olması qızının da dünyagörüşünə öz təsirini göstərmişdi. Hələ orta məktəbdə oxuyarkən sinifdə tez-tez cümhuriyyət rejimindən söz açırdı. Buna görə də sinif yoldaşları onu “gavur” deyə çağırırdı. Bu səbəb Sürəyya Ağaoğlunu hüquqşünas olmağa təhrik edir. O, hüquqşünas olmaq və fikirlərini azad şəkildə ifadə etmək istəyir, eyni zamanda, azad fikirli başqa insanların haqq səsinin müdafiəçisi olmağı qarşısına məqsəd qoyur. Hüquq fakültəsinə sənədlərini vermək istədikdə əngəllərlə qarşılaşır. O illərdə İstanbul Universitetində qız tələbə olmadığı üçün universitetin rektoru Haldun Tanerin atası Səlahəddin bəyə müraciət edir.

Səlahəddin bəyə hüquq fakültəsində oxumaq istədiyini deyəndə otaqda sanki qəhqəhələr əks-səda verir. Bunun mümkün ola bilməyəcəyini deyirlər. Ancaq bu əngəl də onu öz məqsədindən daşındırmır, uydurulmuş bəhanələrə çox gözəl çarə tapır. Belə ki, özü kimi hüquqşünas olmaq istəyən üç rəfiqəsini də Səlahəddin bəyin qəbuluna aparır. Əlacsız qalan Səlahəddin bəy onlar üçün fakültə açır.

1921-ci ildə hüquq təhsili almaq üçün Darülfünuna müraciət edir. Hüquq fakültəsində oxumaq istəyən ilk qız olaraq fakültənin qız tələbələrə açıq elan olunmasında müstəsna rol oynayır. 1925-ci ildə məzun olan Sürəyya Ağaoğlu Ankaraya – ailəsinin yanına qayıdır.

***

Ankaraya gəldikdən sonra bir rəfiqəsi ilə birlikdə Ədalət Bakanlığında (Ədliyyə Nazirliyi) işə başlayır. İlk iş həyəcanından bir neçə gün keçincə bir problemin fərqinə varırlar. Günorta yeməyi yemək üçün yer tapmaq lazımdı. Evlərinə gedə bilmirlər, çünki evləri nazirliyə çox uzaqdı. Yeməkxanaya da gedə bilmirlər, çünki Ankarada o zamanlar cəmi bir yeməkxana vardı. “İstanbul Lokantası” adlanan bu yeməkxanada o zamana kimi bir nəfər də qadın görən olmamışdı. Millət vəkillərinin yemək yediyi bu məkanda qadın görmək alışılmış bir şey deyildi.

Elə bu səbəb onları məcbur edir ki, bir müddət pendir-çörəklə günorta yeməklərini yola versinlər. Ancaq buna uzun müddət dözmək mümkün olmur.

Elə o zamanlarda atası Əhməd Ağaoğlu Mətbuat-Yayım müdiri olaraq fəaliyyət göstərirdi. Sürəyya atasının yanına gedərək günorta yeməklərini “İstanbul Lokantası”nda yemək üçün icazə istəyir. Atası bunda heç bir problem görmür, “yaxşı” deyir.

Ertəsi gün iki rəfiqə günorta yeməkxanaya gedir. Kiçik və sevimli bir yer tapıb, yemək yeyirlər. Əhməd Ağaoğlunu və qızını tanıdıqları üçün heç kim üzlərinə bir söz demir, lakin onlar çıxdıqdan sonra arxalarınca danışmağa başlayırlar. İki qızın yeməkxanaya getməsi səs-küyə, şikayətlərə səbəb olur. Xəbər o qədər surətlə yayılır ki, zamanın baş naziri Rauf bəyə qədər gedib çatır. Rauf bəy Əhməd Ağaoğlunu çağırıb, vəziyyəti izah edir.

Sürəyya həmin axşam evə qayıdanda görür ki, atası onu gözləyir. Əhməd bəy sözü çox uzatmadan deyir: “Rauf bəy sənin və rəfiqənin yeməkxanada yemək yediyinizi və hər kəsin bundan danışdığını dedi. Bundan sonra günorta yeməyinə mənim yanıma gəlin”. Atasının bu təklifi Sürəyya üçün üzücü olsa da, edə biləcəyi başqa bir şey olmur və bu qərara itaət edir.

Bir neçə gün sonra Atatürk və Lətifə xanım Əhməd bəyin evinə qonaq gəlir. Söhbət zamanı söz bu mövzudan açılır. Sürəyya bir ümidlə hər şeyi bütün açıqlığı ilə Atatürkə danışır. Düşünür ki, Atatürk onu dəstəkləyəcək. Ancaq onun dediklərindən heyrətə düşür. “Atan da, Rauf bəy də haqlıdır” – deyir Atatürk.

Atatürkün sözləri onu xəyal qırıqlığına uğradır. Səhəri gün işdə olarkən məsul şəxslərdən biri gəlib deyir ki, hazırlaş, Paşa səni yeməyə aparacaq.

Sürəyya heyrətlənir. Tez qapının önünə çıxır. Görür ki, Atatürk yanında yavəri və bir millət vəkili ilə arabada onu gözləyir. Sürəyyanı görən Paşa “Lətifə səni günorta yeməyinə gözləyir” – deyir.

Bu xəbər onu nə qədər heyrətləndirirsə, o qədər də sevindirir. O, maşına minəndən sonra hərəkət edən avtomobil “İstanbul Lokantası”nın önündən keçərkən, Atatürk sürücüdən maşını saxlamasını istəyir. Bozüyük millət vəkili Saleh bəy onların yanına gəlir. Bu zaman Atatük hər kəsin eşidə biləcəyi səslə deyir: “Sürəyyanı bu gün bizə aparıram, amma sabah buraya gələcək və yeməyini burada yeyəcək”.

Sürəyya olanları heyrət içində izləyir, hər şey anlaşılmaz bir şəkildə inkişaf edir onun üçün. Nə baş verdiyini isə yemək zamanı Lətifə xanım ona izah edir. “Paşa dünən axşam yeməkxana söhbətinə çox hirsləndi. Amma atanı sənin yanında əzmək istəmədiyi üçün hirsləndiyini bildirmədi. Evə gələn kimi bir neçə millət vəkilinə zəng edərək sabah həyat yoldaşları ilə birlikdə yeməkxanaya getmələrini tapşırdı” deyəndə vəziyyəti anlamağa başlayır.

Ertəsi gün Sürəyya rəfiqəsi ilə “İstanbul Lokantası”na gedir. Görür ki, bir neçə millət vəkili öz həyat yoldaşı ilə oradadır. Heç kim onlara tərəf baxmağa da cəsarət eləmir.

Bu, bir ilk olur. Bu zamana kimi Ankarada heç bir qadın yeməkxanada yemək yeməmişdi. Sürəyya Ağaoğlu ilk qadın vəkil olmaqla yanaşı, qadınların kişilər kimi yeməkxanada yemək yeməsində də bir ilkə imza atır.

***

5 dekabr 1927-ci ildə Ankara Vəkillər Kollegiyasına üzv olur. 1928-ci ildə isə sərbəst vəkillik şəhadətnaməsi alaraq, Türkiyədə ilk qadın vəkil olur. Beləliklə, həyatı boyunca sürdürəcəyi vəkilliyə başlayır. 1936-cı ildə Ankaradan İstanbula göndərilir və fəaliyyətinə İstanbul Vəkillər Kollegiyasında davam edir.

Sürəyya Ağaoğlu vəkilliklə yanaşı, qadın hüquqlarının qızğın müdafiəçisi idi. 1948-ci ildə Berlin Millətlərarası Hüquqşünaslar Komissiyası üzvü olur. Bundan sonra Azad Fikirləri Yayma Dərnəyi, Türk-Amerikan Üniversitetlər Dərnəyi və Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyinin qurulmasına nail olur.

1949-cu ildə Millətlərarası Vəkillər Kollegiyası Birliyi İdarə Heyətinə seçilən Ağaoğlu 1960-cı il 27 may qiyamından sonra “Yassıada Davaları”nda atasının vəkilliyini öhdəsinə götürür. Bu proses onun üçün əsl hüquq savaşı olur.

Sürəyya Ağaoğlunun övladı yox idi. O, 1949-cu ildə Amerika səyahətinə gedir. Amerikada küçə uşaqları üçün yaradılmış uşaq evlərini görür. İstanbula qayıtdıqdan sonra elə bir yurd yaratmaq qərarına gəlir. Öz ifadəsi ilə desək, “Taksim parkındakı kimsəsiz uşaqlar üçün” bu qərarı qəbul edir. Əslində isə, bunun kökündə övladı olmayan bir qadının uşaqlara olan həssaslığı dayanırdı. Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi bu təşəbbüslə qurulur və hələ də fəaliyyətini davam etdirir.

“Londrada gördüklerim” və “Bir hayat şöyle geçti” kitablarında müxtəlif zamanlarda qələmə aldığı xatirələr, hüquq məsələləri əksini tapıb.

29 dekabr 1989-cu ildə İstanbulda qatıldığı “Qadın haqları və çağdaşlaşma” mövzulu tədbirdə beyin qanaması keçirərək vəfat edir.

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR