“Soxulcan almağa “CİP”lə gəlirlər” - REPORTAJ
Bizi izləyin

Bilgi.az

“Soxulcan almağa “CİP”lə gəlirlər” - REPORTAJ

Balıqçı Məhəmməd deyir ki, pensiyaya çıxandan sonra sifarişlə dəniz qurdu yığmaqla məşğul olub

Dünyada bazar iqtisadiyyatı olan ölkələrdə xeyli sayda irili-xırdalı biznes sahələri var. Bunların içərisində biz azərbaycanlıların öyrəşdiyi ənənəvi bizneslə yanaşı, günün reallığından yaranan, hətta bir az qəribə görünən sahələr də mövcuddur. Biri də soxulcan biznesidir...

Dünyada olduğu kimi, hazırda Azərbaycanda da torpağın münbitləşdirilməsində soxulcanlardan istifadə edilməyə başlayıb. Amma buna bənzər daha maraqlı və gəlirli biznes dəniz qurdunu (fabritsiya- çoxqıllı qurd) sahil ətrafındakı hövzələrdən çıxarıb satmaqdır.

“Dəniz qurdunun məskəni Qum adasıdır”

“Bu dəniz qurdu adətən, Hövsan və Qum adasında olur”. Bunu Hövsan çimərliyində söhbət etdiyimiz balıqçılar bildirdilər. Onların sözlərinə görə, dəniz qurdunun məskəni Qum adasıdır, amma Hövsanda da olur: “Sovetlər dağıldıqdan sonra işsizlik ucbatından dəniz sahilində balıqçıların sayı durmadan artdı. Amma hamı balıq tuta bilmirdi. Biz dədə-babadan Hövsanda yaşamışıq, qohumlarımızı bu işlə məşğul olan görmüşük. Bura həmişə balıqçılar gəlir. Ona görə yem məsələsi xüsusi önəm daşıyır.

Balıqçılar tilova qoymağa müxtəlif yem tapmalı olurlar. Əsasən, soxulcan, çörək, jımıx-xəmir qarışığı, həmçinin dəniz qurdundan istifadə edirlər. Elmi adını bilmirik, eləcə hamı kimi dəniz soxulcanı, dəniz qurdu deyirik. Digərlərindən fərqli olaraq, dəniz qurdu çox çətin tapılan və əziyyətlə toplanan balıq yemidir. Bu qurd dəniz sahilində yarımbataqlıq yerdə məskunlaşır. Belə yerlər çoxlu zəhərli ilanların, həşəratların məskənidir. Əlində bel oradan qurd yığmaq asan deyil. Onu bir-bir torpaqdan ayırıb qaba toplamaq daha müşküldür. Əlində həm beli saxlamalısan, həm qurdu torpaqdan ayırmalısan, həm də qaba yığmalısan, ən pisi, bunu qurşaqdan yuxarı suyun içində edirsən”.

“İstəyirsən al, istəyirsən alma”

Balıqçı Məhəmməd deyir ki, pensiyaya çıxdıqdan sonra həm balıqçılıqla, həm də sifariş olanda dəniz qurdu yığmaqla məşğul olub. Onun sözlərinə görə, çoxları bu işi zövq xatirinə etsə də, bəziləri qazanc götürmək istəyir: “İnanın, bu qurdu toplamaq çox çətindir. Onun əziyyətini görmədikləri üçün çoxları qurdun bahalı olmasından gileylənirlər. Əziyyətin qarşılığında o bataqlığa girənlər pul qazanmalıdır, ya yox?

Hazırda bu qurdun 100 dənəsi 5 manatdır. “CİP”lə gəlib qiyməti öyrənirlər, hələ bir irad tuturlar ki, 5 manata qurd olar? Adama deyərlər, qardaşım, qiymət belədir. İstəyirsən al, istəmirsən alma. İnsafən demək lazımdır ki, bu qiymət elə də baha deyil. Təsəvvür edin, 5 manat verib 100 qurd alırsan. Həmin qurdla, balıq sahilə yaxın olanda, haradasa 3-4 kiloqramlıq balıq tutursan. Bazarda indi təzə balığında qiyməti 7-8 manatdır. Müqayisə aparsaq görərik ki, əslində dəniz qurduna verilən pul o qədər də çox deyil. Əlbəttə, həvəskar balıqçılar nəinki bu qurdla, ümumiyyətlə, heç nə ilə bir balıq belə tuta bilmirlər. Çünki əvvəl öyrənib, sonra işə girişmək lazımdır”.

“Qurd intihar edir”

Balıqçı Sabir isə dedi ki, dəniz qurduna ancaq kefal balığı gəlir. Onun sözlərinə görə, yay ayları olduğundan balıqlar dənizin dərinliyinə çəkilib: “Bu, balıqların kürü tökməsi ilə bağlıdır. Kürü tökdükdən sonra bir müddət sahil kənarında olur, sonra isə dənizin dərinliyinə doğru gedirlər. Avqustun 15-dən sonra iri balıqlar yenidən sahilə yaxınlaşır, onda balıq tutmaq adama ləzzət edir.

Arada dedilər ki, kefal balıqlarında zəhər var, yemək olmaz. Mən o söhbət çıxandan xeyli kefal tutmuşam, ailəmlə birlikdə yemişəm. İndiyədək birimizə bir şey olmayıb. Pay verdiyim qonşulara da heç nə olmayıb...”

Söhbət vaxtı qarmağa balıq düşdüyü üçün sözünü yarıda kəsən Sabir tilovun sarğısını tez-tez yığmağa başladı. Balığı kənara çıxarar-çıxarmaz “görürsüz, necə xırdadır” deyərək, balığı vedrəyə atır və söhbətinə davam edir: “İndi ara günü olduğundan sakitlikdir, balıq tutmaq rahatdır. Şənbə- bazar günləri Hövsanda adam əlindən tərpənmək olmur. Bu bizim də işimizə əngəl törədir. Ara günlərində axşamlar isə balıqçı əlindən tırpənmək mümkün deyil. Elə qurd satanlar da həmin vaxt gəlirlər. O qədər də bacarığı olmayanlar əliboş gedir, zirəklər ən azından bir tavalıq balıq tutur”.

Sabir balıqçı dostu Məhəmmədin sözünə qüvvət verərək, çoxlarının asan bildiyi işin çətinliklərindən danışdı: “Elə deyirlər ki, qurddan pul çıxarırsız. Bəyəm bazar iqtisadiyyatı deyil? Qardaş, ət satana deyirlər ki, niyə dana ətini niyə 8 manata verirsən? Neyləyək, Allah verib, biz də toplayıb satır, balalarımıza çörək aparırıq. Bu qurdun özəlliyi ondadır ki, heç kim balıqsız qalmır.

Bu qurdları uzun müddət saxlamaq da olmur. Dəniz suyunda yaşayan qurdun özü-özünü məhvetmə qabiliyyəti var. Özündən yod rəngində zəhər buraxmaqla intihar edir. Amma balıq tutmaq istəyirsənsə, gərək onun özünü öldürməsinə imkan verməyəsən. Sadəcə, dəniz qurdu saxlana qabda dəniz suyunun rəngi sarıya çalırsa dəyişmək lazımdır. Beləcə suyu dəyişə-dəyişə qurdu günlərlə saxlamaq olar.

Ona görə də biz dənizdən evə gedəndə belə, özümüzlə dəniz suyu aparırıq. Yaxşı olar ki, həvəskar balıqçılar buna əməl eləsin. Yoxsa qurdu alırlar, sonra satan adamın üstünə hücum çəkirlər ki, verdiyin dəniz qurdu suya dönüb axdı, xarab oldu”.

“Beşi qarpızın qabığını yerə atanda...”

Söhbət zamanı balıqçılar çimərliklərin insanlar tərəfindən çirkləndirilməsindən gileylənib, aidiyyəti orqanların buna göz yumduğunu bildirdilər: “Biz dayandığımız yerdən bir az irəli pullu çimərliyin ərazisidir. Görün, ora necə təmizdir... Amma onun sağında-solunda olan yerlərdə zibil əlindən tərpənmək mümkün deyil. Heç olmasa, zibil qabları düzülməlidir ki, beşi qarpızın qabığını yerə atanda, biri də aparıb zibil qutusuna tullasın. Dincəlməyə gəlirik, xəstəlik tapmağa gəlmirik ki?

Dəfələrlə Hövsan bələdiyyəsinə şikayət etmişik, amma baxan yoxdur. Elə bu çimərliyin yaxınlığında yüksək rütbəli məmurlardan birinin qardaşını villası var. O da bu zibil dolu mənzərənin şahididir, ancaq heç bir reaksiya vermir. Əgər belə bir səlahiyyət sahibinin qohumu tədbir gördürmürsə, bələdiyyədən heç nə gözləmək olmaz”.

“1-2 kiloluq nərə balıqlarını satırlar”

Sonradan söhbətə qoşulan Niyaz qayıqla balıq tutanlardan şikayətləndi. Onun sözlərinə görə, onlar hər xırda balığı tutur, onların böyüməsinə imkan vermirlər: “Pirallahı adasından Ələtə qədər minə qədər qayıqla balıq tutanlar var. İnanın, o gün bazarda 1-2 kiloluq nərə balıqlarını satırdılar. Ay vicdansızlar, heç olmasa, imkan verin balıq böyüsün də! Əslində qadağa var belə balıqların tutulmasına, amma nə fayda, pul üçün hər addımı atırlar. Bunu əsla tilovla balıq tutanlara aid etmək olmaz. Çünki bizim qarmağa balaca balıq düşdükdə, onu dərhal çıxarıb dənizə atırıq”.

Niyaz həmçinin dəniz mühafizəsindən də gileylənərək, onlara süni maneələr yaratdığını söylədi: “Tilovla balıq tutmaq qanunla qadağan deyil, buna baxmayaraq, dəniz mühafizəçiləri bizə imkan vermirlər. Soruşanda deyirlər, icazə yoxdur. Amma hər dəfə onlara başa salırıq ki, bizim hüququmuzu əlimizdən ala bilməzsən. Axı kim deyə bilər, 5-6 balıqla dənizdəki balıqlar qurtarır”.

Hövsan çimərliyi həqiqətən zir-zibillə doludur. Çox maraqlıdır ki, istirahət edənlər üfunət qoxusunu hiss etdikləri halda bundan narahatlıq keçirmirdilər. Çimərliyin digər bir hissəsinə isə xırda mişar daşları tökülmüşdü. Sanki kimsə burada insanların istirahət etməsinə bilərəkdən süni maneə yaratmışdı. Dəniz isə hamını qoynuna sərinləməyə çağırırdı...

BƏXTİYAR

FOTO: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm