Ədəbi dərgilər niyə qəzet köşklərində tapılmır?
Bizi izləyin

Bilgi.az

Ədəbi dərgilər niyə qəzet köşklərində tapılmır?

Azərbaycanda ədəbiyyata ögey müasibət hələ də davam edir. Bu, xüsusən ədəbi dərgilərə münasibətdə daha qabarıq hiss olunur. Onsuz da sayı çox az olan ədəbi jurnalları qəzet köşklərində tapmaq olmur. Bir neçə dəfə qəzet köşklərinə yaxınlaşıb “Ulduz”, “Kitabçı”, “Yazı” jurnallarını soruşsam da, müsbət cavab ala bilməmişəm.

Bir dəfə satıcını məcbur elədim ki, dediyim jurnalı axtarsın, təsəvvür edin, adam yenicə çıxmış “Kitabçı” jurnalını qəzet bağlamalarının altına atmışdı. Soruşanda ki, niyə belə edirsiniz? Cavabı isə belə oldu:

“Bu jurnalı üzə qoysam da, xeyri yoxdu, heç kəs almır. Mən hələ bircə dəfə də olsun, gəlib bu jurnalı soruşan adama rast gəlməmişəm. Siz birinci adamsız”.

“Kitabçı” son dövrdə yaranan dərgilər içərisində özünün fərqli dizaynı, zəngin materialları ilə seçilən elitar bir ədəbiyyat dərgisidir və bu dərginin araya-ərsəyə gəlməsinə çox böyük əmək sərf olunur. Amma çox təəssüf ki, bu dərgi qəzet köşklərinə çox gec gedib çatır və elə köşkdə də qalır, üstünü toz basır.

Eyni sözləri “Ulduz”, “Yazı” jurnalları haqqında da demək olar. Ədəbiyyat jurnallarını qəzet köşklərində tapmaq sözün əsl mənasında müşkülə dönüb. Bu jurnallar gedib oxucusunu tapmır. Bəzən görürsən ki, “Azərbaycan” jurnalının 3-4 ay əvvəlki sayları da köşklərin vitrinində toz basır, dərgiləri gün vurub saraldır.

Bu yaxınlarda bir yazar dostumuzla şəhərin az qala, yarısını dolaşdıq, ən azı, iyirmi qəzet köşkünə yaxınlaşdıq, nə “Ulduz”, nə də “Kitabçı” jurnalını tapa bilmədik. Biz deyək ki, yazı adamıyıq, inada düşüb axtarırıq, bəs sadə oxucu bu dərgiləri haradan tapsın? Oxucu bir dəfə soruşacaq, yoxdusa, daha əziyyətə qatlaşıb şəhərin qəzet köşklərini dolaşmayacaq. Məncə, ədəbi dərgilərin baş redaktorları bu problemin həlli istiqamətində ciddi addımlar atmalıdırlar. Əgər sizin minbir əziyyətlə ərsəyə gətirdiyiniz dərgilər oxucuya gedib çatmırsa, bu dərgiləri niyə nəşr edirsiniz? Adını çəkdiyim dərgilərin yayımında çox ciddi problemlər var və bu da oxucuları, ədəbiyyatı izləyən adamları narazı salır.

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm