Cem Adrian: “Hər kəs məni “Nazlının dəli oğlu” kimi tanıyır”
Bizi izləyin

Bilgi.az

Cem Adrian: “Hər kəs məni “Nazlının dəli oğlu” kimi tanıyır”

Cem Adrian1980-ci il, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərində doğulub. Əsl adı Cem Filizdir. Beş oktavalıq səsi var. Fərqli səs tembrinə görə "dünyanın 8-ci möcüzəsi" kimi də təqdim edilir. Oxuduğu janr – alternativ rock, caz, blues, a cappella, "new wave", elektronikadır.

Məşhur müğənni musiqi həyatına 2003-cü ildən başlayıb. Qeyd edək ki, Cem Adrian 2005-2012-ci il kimi qısa vaxt ərzində 6 albom çıxarmağa müvəffəq olub.

1. "Ben Bu Şarkıyı Sana Yazdım" (2005, Fevral)

2. "Aşk Bu Gece Şehri Terk Etti" (2006, Dekabr)

3. "Essentials / Seçkiler" (2008)

4. "Emir" (2008, Dekabr)

5. "Kayıp Çocuk Masalları" (2010, Dekabr)

6. "Siyah Bir Veda Öpücüğü" (2012)

Publika.az Cem Adrianın özəl həyatı və sənəti haqqında Türkiyə mətbuatına maraqlı açıqlamalar verdiyi müsahibəni təqdim edir:

- İstanbul dura-dura niyə Ankarada yaşayırsınız?

- Əvvəllər bir müddət İstanbulda, hətta Taksimdə yaşadım. Fazıl Say məni kəşf etdikdən sonra təhsil üçün Ankaraya getdim. Təhsilim bitdikdən sonra 6 aylıq İstanbula qayıtdım. Amma gəldiyimə peşman oldum və Ankaraya geri qayıtdım.

- Ankarada xoşbəxtsiniz?

- Çox xoşbəxtəm. Məncə, hər zaman Ankarada yaşamalıyammış.

- Ankarada yaşamaq necə bir hissdir?

- Mən sıxlığı sevmirəm. İstanbulda yaşadığım müddətdə duyğularımın itdiyini hiss etdim. İlk dəfə İstanbula gəldikdə hər tərəfdə pul istəyən dilənçiləri gördüm. Onların hər birinə pul verməyə çalışırdım və çox üzülürdüm. Amma bir il sonra baxdım ki, artıq dilənçiləri mən də görmürəm. Yanlarından sakitcə keçib gedirəm. Çünki narahatam və qorxuram. Mən İstanbulun insanın vicdanını öldürdüyünü düşünürəm. Buna görə də Ankarada yaşamağa qərar verdim. Ankarılılar bir insanı yerdə yatan vəziyyətdə görərsə, kömək edib dərhal xəstəxanaya aparar.

- Biz əslində sizi çox yaxından tanımırıq… Cem Adrian necə insandır?

- Bir az təcrid olunmuş bir həyat yaşamağa çalışıram. Əslində, normal bir insan kimi qalıb işmi görməyə cəhd edirəm. Cəmiyyətdə, mediaya çıxan və məşhur sayılan insanlara qarşı yanaşma bir az qəribədir. Yəni siz onlarla eyni yerdə yaşaya bilməzsiniz. Sizin kiçik bir kafedə yemək yediyinizi görsələr: “Bu adam burada neyləyir? Yoxsa pulu yoxdur?”- deyə düşünməyə başlayırlar. Bu cür qəribə yanaşmalar var. Mən istədiyimdə adi bir kafedə yemək yeyib, avtobusla Ankaraya gedən bir insanam. Amma İstanbulda bunu etmək daha çətindir. Düzdür, KİV-də çox görünmədiyimə görə insanlar məni üzdən çox tanımırlar. Daha çox adım - Cem Adrian tanınır.

- Fazıl Say ilə tez-tez görüşürsünüzmü?

- Bəzən. O, çox məşğuldur. Bir müddət əvvəl Fazıl Sayla birlikdə bir layihə həyata keçirdik. Əslində, onun yolu mənim yolumdan çox fərqlidir. Mən türk dilində musiqi ilə məşğulam.

- Bəs siz Fazıl Sayın “Türk xalqının arabesk boşboğazlığından utanıram” sözü ilə razılaşırsınız?

- Fazıl Say uşaq kimidir. İçindən nə keçsə, onu yazır. Məsələn, məni o qədər şişirdilmiş tərfilə təqdim etdi ki, başıma olmazın işlər gəldi. “7 oktavalıq səs” dedi, amma mənim elə bir səsim yoxdur. Mənim səsim 5 oktavadır. Ancaq bilirsiniz, bu nəyə bənzəyir? Bir atanın “Oğlum 5 qol vurdu və oyun möhtəşəmdi” bənzətməsinə. Məni də belə həyəcan və həddini aşan təriflə təqdim etdi. O niyə belə bir şeylə gündəmə gəlmək istəsin axı? Fazıl Say həqiqətən müsiqi mədəniyyəti üçün narahatçılıq keçirir.

- Siz arabesk mahnılarını dinləyirsiniz?

- Xeyr.

- Bəs siz kimin mahnılarını dinləyirsiniz?

- Murat Yılmazyıldırımı, “Ezginin Günlüğü”, Bülent Ortaçgili çox sevirəm.

- Sizə bəzən birmənalı yanaşmayanlar da olur.

- Homeseksual olub-olmadığımla bağlı? Məncə, artıq insanlar bu cür suallar verməməlidir. Mənim şəxsi həyatım heç kimi maraqlandırmır. Mən, sadəcə, sənətçiyəm. Hər şey bundan ibarətdir. Qadın səsi ilə oxuyan bir müğənni barəsində bu cür söz-söhbətlərin çıxmaması mümkündür?

- Siz bu həyatdan nə istəyirisniz axı? Cem Adrianın dərdi nədir? Oxuduğunuz bu mahnılarla bizə nəyi başa salmağa çalışırsınız?

- Mənim işim, gücüm, dərdim eşqdir (gülür).

- Yaxşı, eşqin tərifini verə bilərsiniz?

- Xeyr, çünki hər gün yeni nə isə tapıram. Məncə həyatda eşqin tərifi yoxdur. Eşq sonu olmayan bir yoldur. Mən yeriməyi sevirəm. Axtarış var ha, bax, o ən gözəl şeydir.

- Bəs heç eşqi tapmısınızmı?

- Xeyr.

- Cem Adrian siyasətlə maraqlanır?

- Qətiyyən. Amma liderlərə baxıram və heç birinin məni təmsil etmədiyi qənaətinə gəlirəm. İstəyirəm ki, göydən biri ensin . Bağrıma basa biləcəyim bir siyasətçi yoxdur.

- Ən çox hansı ölkəni bəyənirsiniz?

- Türkiyəni.

- Cem Adrian övlad sahibi olmaq istəyir?

- Gələcəkdə övladlığa bir uşaq götürəcəyəm. Otuz beş yaşımda bunun reallaşmağını çox istəyərəm. Amma ilk olaraq o usağa gözəl bir həyat yaşatmaq üçün işləməliyəm.

- Ən böyük xəyalınız nədir?

- Bir gün Türkiyənin cənubuna yerləşib kiçik bir yerdə yaşamaq və sevdiklərimə yaxın olmaq istəyirəm.

- Tez-tez albomlar çıxarır və demək olar ki, hər həftə konsert verirsiniz. Hara tələsirsiniz belə?

- Bütün mahnılarımı yolda yazıram. Türkiyədə ən çox konsert verən müğənnilərdən biriyəm.

- Bu qədər çox iş sizi yormur?

- Mənim həyatım Cem Adriandan ibarətdir. Məhz Cem Adriana görə ailəmə, özəl həyatıma, evimə, itimə laqeyd yanaşıram. Ancaq bu məni bədbəxt etmir. Məni ən çox sevindirən yeni mahnı yazıb paylaşmaqdır. Mənim üçün orqazm – studiyadır.

- Özünüzü heç tənqid etmirsiniz?

- Cemi tənqid edə bilərəm, ama Cem Adrianı yox. Canlı ifama güvənirəm. Əvvəllər nə isə neqativ bir şey tapırdım, amma indi yox. Çünki Cem Adrianı qüsursuz etmək üçün çox işlədim. Cemlə bağlı problemlər var, amma o ayrı məsələdir (gülür).

- Soyadınızı nə ilə bağlı seçmisiniz?

- Öz soyadım Filizdir. Cem Filiz. Mən Ədirnə şəhərində doğulmuşam. Adrian da Ədirnənin tarixi adlarındandır. Ona görə bu soyadı seçmişəm.

- Doğulduğunuz şəhərə çox bağlısınız?

- Ədirnə mənim üçün çox özəl bir yerdir, amma orada konsert vermirəm. Oranın tamaşaçıları ilə ulduzumuz barışmır. Konsertdə musiqini dinləmirlər. Bir-birləri ilə söhbət edirlər. Yalnız ailəmi görmək üçün oraya gedirəm.

- Bizə ailəndən bəhs edə bilərsiniz?

- Atam və anam Ədirnədə yaşayırlar. Məndən böyük bir bacım var. O da Muğla şəhərində qalır. Məni çox azad böyüdüblər. Heç vaxt mənə “Oğlum, bir az daha sakit həyat yaşa” deməyiblər. Hər zaman məni müdafiə ediblər. Buna görə onlara çox minnətdaram. Amma bəzi fotolarımı valideynlərim evdə saxlamır. Məncə, qonaqlara göstərə bilmirlər. Özümlə öpüşdüyüm, siyah pomadada çəkdirdiyim, çılpaq olduğum fotoları anamın evdə saxlamamasını başa düşürəm. Yəqin, orada hər kəs məni “Nazlının dəli oğlu” kimi tanıyır.

- Nə vaxta qədər yaşamağı düşünürsən?

- Bilmirəm, nə vaxt ölsəm. Əgər başıma bir qəza gəlməsə yəqin uzun illər yaşayacağam. Siqaret, spirtli içki, heç bir narkotik maddədən istifadə etmirəm. Davamlı olaraq idmanla məşğulam. Nizamlı yuxu rejimim var. Yəni bu hesabla, 90 yaşıma qədər yaşamalıyam.

- 90 yaşına qədər musiqi ilə məşğul olacaqsan?

- Xeyr, iş cığırından çıxdığı anda hər şeyi bitirərəm. Mənim işim və özəl həyatım çox sayğı ilə davam edir. İndi çox rahatam. Şəhərdə sərbəst avtobusa minirəm, mağazaya gedirəm. Heç kim mənə dəyib-dolaşmır. Dinləyicilərim də mənim şəxsi həyatıma qarşı çox sayğılıdırlar.

- “İşlər cığırından çıxdığı anda hər şeyi bitirərəm” dediniz. Nə deməkdir bu?

- Sənət mənim üçün əvəzedilməz deyil. Gördüyüm heç bir iş mənim üçün vazkeçilməz olmayıb. Bir gün küçədə gəzə bilməyəcək qədər məşhur olsam, bu sənətdən gedərəm. Ehtiyac yaransa, sevdiyim insanla Rusiyada yaşayaram. Hətta musiqiçi olmaq məcburiyyətim də yoxdur. Başqa bir işlə məşğul olaram. “TIR” sürücüsü belə olmaqdan çəkinmərəm. Təki xoşbəxt olum, mənəvi rahatlığım olsun. Yalnız sevdiyim insanlardan vaz keçə bilmərəm.

- Tək qalmağı sevirsiniz?

- Özümə məxsus bir yaşantım var. Telefonumu söndürüb, ən azı, səkkiz saat yatıram. Beş nəfərdən ibarət özəl dost mühitim var. Təkliyi sevdiyimi düşünənlər yanılırlar. Mən təkliyi sevmirəm. İşdən kənar vaxtlarda adətən bu beş dostumla vaxt keçirirəm. Daim getdiyimiz bir kafe var.

Çevirdi: Aysu Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm