• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

200 nəfəri o dünyaya göndərmiş killer – Roy De Meo

  • Maraqlı
  • 1 Avqust 2014 08:46
  • 1 600 Baxış
200 nəfəri o dünyaya göndərmiş killer – Roy De Meo

Roy De Meo – bu ad 1970-1980-ci illərdə Nyu-Yorkda mafiyaya az-çox bələd olan adamları qorxuya salırdı. FTB-nin məlumatına görə, cəllad Royun düz 37 qurbanı vardı. Bu hələ rəsmi rəqəmdir. Yəni cəsədi tanınan, cinayət faktı tam ortada açıq-aşkar olan adamların siyahısıdır. Qeyri-rəsmi rəqəmlərə görə, Roy De Meo 200-dən çox insanı öldürüb.

Bruklin uşağı

Roy De Meo 1942-ci ildə Bruklində, italyan immiqrantların ailəsində dünyaya göz açmışdı.

1959-cu ildə orta məktəbi bitirib, kiçik bizneslə məşğul olmağa başlayır. Onun diribaş olması nəzərdən qaçmır.

1960-cı ildə Entoni ( qısaca - Nino) Qadji adlı mafioz onu Qambino klanına dəvət edir. Amerikanın ən məşhur və güclü mafiya ailələrindən birinə dəvət olunmaq Roy üçün göydəndüşmə olur. O, dəvəti həvəslə qəbul edir.

Roy avtomobil oğurluğu, narkotik qaçaqmalçılığı, pornofilmlərin çəkilişi və başqa işlərdən yaxşı qazanc götürməyə başlayır.

Mafiyanın çirkli pullarını yumaq üçün Roy leqal biznes də açır. O, stomatoloji klinikaların, restoranların və tikinti materialları satan kompaniyaların şərikinə çevrilir.

Elə yaşadığı evdə də qonşuları onu biznesmen kimi tanıyırdı.

"Qəssab"

Mafiozilər arasında isə Roy biznesmen kimi yox, "qəssab" adı ilə məşhur idi.

Qambino ailəsinin düşmənlərini məhz o, bir-bir aradan götürürdü. Killerlər komandasına o, rəhbərlik edirdi. Roy qurbanlarını aldadaraq şəhər kənarındakı xüsusi evə dəvət edirdi. İçəri girərkən arxadan səsboğucu tapança ilə atəş açırdı. Bu, işin ən yüngül tərəfi idi. İndi qurbanın meyitini gizlətmək, yoxa çıxartmaq lazım idi. Royun dəstəsində insanı soyuqqanlılıqla öldürə bilənlər çox idi. Amma meyiti xırda hissələrə doğramağa ürək edən yox idi. Roy isə bunu həvəslə edirdi. Öldürdüyü adamı əvvəl hamam otağında uzadır, qanının axıb qurtarmasını gözləyirdi. Sonra isə 15-20 hissəyə bölürdü.

Doğranmış meyit torbalara doldurularaq şəhərin müxtəlif hissələrindəki zibilxanalara atılırdı.

İz qalmasın deyə hər dəfə meyit doğranandan sonra hamam otağı tər-təmiz yuyulurdu. Aradabir otaqların döşəmələri rənglənir, xırda təmir işləri aparılırdı.

Qətllər olmayanda isə bu ev Roy və dəstəsinin üzvlərinin əyləncə yerinə çevrilirdi. Asudə vaxtlarında mafiozlar fahişələrlə əylənirdilər.

"Sanki Allaham"

Bu xasiyyətinə görə Roy De Meodan hamı qorxurdu. Adam öldürməkdən həzz alan "qəssab" deyirdi: "Bəzən özümü Allah kimi hiss edirəm. Axı kimin yaşayıb-yaşamayacağına mən qərar verirəm".

Onun qurbanları arasında rəqib klanın mafiozları, məhkəmədə Qambino ailəsinə qarşı ifadə verməyə çalışan şahidlər və hətta polis də vardı.

Nəhayət, 1982-ci ildə FTB itkin düşmüş adamlar və çoxsaylı qətllərlə bağlı Roy De Meonun dəstəsinin izinə düşdü.

Ancelo Rucero adlı mafiozun evinə dinləmə aparatı qoyuldu. Polis gizli dinləmə zamanı Royun, ən azı, 37 qətldə əli olmasına dair dəlil topladı. Həlqə daralardı.

Royun ələ keçməsi Qambino ailəsinə sərf etmirdi. Onu təcili aradan götürmək lazım idi.

Bu işi üzərinə digər məşhur killer, "Buz adam" ləqəbli Riçard Kuklinski götürdü. O, Roya 5 dəfə atəş açdı.

Səhəri gün "qəssabı" şəxsi avtomobilinin yük yerindən tapdılar.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR