İran prezidentinin təbrik etdiyi azərbaycanlı qızın həyat hekayəsi
Bizi izləyin

Bilgi.az

İran prezidentinin təbrik etdiyi azərbaycanlı qızın həyat hekayəsi

İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter (2013) və Filds medalı laureatına (2014) layiq görülmüş ilk qadın, azərbaycanlı Məryəm Mirzəxani 1977-ci ildə Tehranda anadan olub. O, İranda Xüsusi İstedadların İnkişafı üzrə Milli Təşkilatın Farzaneqan məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 1994-cü ildə Honk-Konqda, 1995-ci ildə isə Torontoda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb. Olimpiadada belə mükəmməl nəticə qazanan ilk azərbaycanlı qadındır.

Mirzəxani bakalavr dərəcəsini Tehranda Texnologiya Şərif Universitetində alıb. Universitetin yekun işi üçün ABŞ-a yollanır. 2004-cü ildə Harvard Universitetində Filds qalibi Körtis Makmullenin nəzarəti altında doktorluq dərəcəsi üzərində işləyir. O, 2004-cü ildə Prinston Universitetində professor olur. 2008-ci ilin sentyabr ayından isə Mirzəxani Stanford Universitetində riyaziyyat üzrə professor kimi çalışır.

Mirzəxani həndəsənin Rimanova səthi nəzəriyyəsinin inkişafı üçün bir sıra köməkliklər edib. 2014-cü ildə Filds mükafatını məhz dinamika və həndəsənin Rimanova səthinə görə qazanıb. O, bu mükafata görə hətta İran prezidenti Həsən Ruhani tərəfindən də təbrik edilib.

Mirzəxani çexiyalı kompüter elmləri nəzəriyyəçisi olan Yan Vondrakla evlidir. Yan Vondrak İBM şirkətinin 8 laboratoriyasından biri olan “İBM Almaden Research Center” tədqiqat mərkəzində çalışır. Onların Anahita adlı 3 yaşlı bir qız övladı var.

The Guardin mətbuatına müsahibə verən Mirzəxani deyib: “Uşaqkən yazıçı olmaq istəmişəm. Ən həyəcanlı vaxtlarım hekayələr oxuyarkən olub. Əslinə qalsa, əlimə keçən hər bir şeyi oxuyurdum. Məktəbi bitirənədək riyaziyyatçı olacağımı heç vaxt düşünməmişəm. Ailədə 3 uşaq olmuşuq. Valideynlərim hər zaman bizə dəstək olub, bizi ruhlandırıb. Onlar istəyirdilər, biz peşəyə sahib olaq, lakin müvəfəqiyyət və nailiyyət qazanacağımız ağıllarına belə, gəlməyib.

İran-İraq müharibəsinin çətin dövrlərinə baxmayaraq, uşaqlıq illərim pis keçməyib. Məni elmə həvəsləndirən böyük qardaşım olub. O, məktəbdə öyrəndiklərini mənə danışırdı. Mənim riyaziyyatla bağlı ilk işim 1-dən 100-dək rəqəmlərin vurma cədvəlini öyrənmək olub. Qardaşımın sayəsində bu əyləncəli işin öhdəsindən gəlirdim.

İbtidai təhsili bitirən zaman müharibə başa çatdı. Bundan sonra Farzanegan məktəbinə getdim. Orada çox güclü müəllimlər mənə dərs deyib. Məktəbim Tehranın kitab mağazalarına yaxın yerdə yerləşirdi. Xatırlayıram ki, insan axını ilə kitab mağazalarının yanından keçmək bizim üçün ən maraqlı anlar idi. Rəfiqəmlə oradan çoxlu kitab alırdım. Sonradan isə Riyaziyyat Olimpiadasına baş qoşdum”.

İranda və ABŞ-da riyaziyyat təhsili arasında olan fərqlə bağlı Mirzəxani deyib: “Bircə onu deyə bilərəm ki, İranda təhsil sistemi heç də hamının fikirləşdiyi kimi deyil. Düzdür, məktəbdə oğlan və qızlar ayrı-ayrı yerdə təhsil alır. Lakin bu onları olimpiadalarda iştirak etmək və yay düşərgələrinə qoşulmaqdan saxlamır”.

Sonda isə Mirzəxani riyaziyyatçı olmaq istəyənlərə müraciət edərək deyib: “İnanmıram ki, hər kəs riyaziyyatçı olmaq istəyə. Mən orta məktəbdə təhsil alarkən uzun müddət riyaziyyatdan zəif olmuşam. Sonradan isə bu fənnin gözəlliyini görüb özümü onsuz təsəvvür edə bilmirdim”.

Qeyd edək ki, Filds medalı 1936-cı ildən etibarən riyaziyyatçılara təqdim olunur. Filds medalına “riyaziyyatçıların Nobel mükafatı” deyilir. Mükafat hər 4 ildən bir təqdim olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm